Rusiya ərazisindəki Tanaqroq körfəzində üzən hərbi və mülki təyinatlı gəmilər növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusarın yaydığı rəsmi məlumata görə, hücum nəticəsində göyərtəsində partlayıcı xassəli kimyəvi maddə olan metanol daşıyan tanker də daxil olmaqla, ümumilikdə dörd gəmi ciddi zərbə alıb. Qubernator gəmilərin müxtəlif dərəcəli zədələr aldığını, hadisə zamanı heyət üzvlərindən bir dənizçinin (matrosun) həlak olduğunu təsdiqləyib.
Rəsmi bəyanatda həmçinin qeyd olunub ki, zərbə alan metanol tankerində hazırda hər hansı sızma və ya kimyəvi maddənin dənizə tökülməsi təhlükəsi mövcud deyil, qəza qrupları vəziyyətə nəzarət edir. Ekspertlər isə xüsusilə diqqəti ona yönəldir ki, bu hadisə təkcə son bir həftə ərzində Rusiya tankerlərinə qarşı Tanaqroq körfəzində həyata keçirilən sayca üçüncü ardıcıl və ən dağıdıcı hücum dalğasıdır.
Musavat.com






