İnsanlara hürriyət, millətlərə istiqlal!

Rza Pəhləvi "qayıdıram" anonsu -Xamneyini cani adlandırdı VİDEO

1012 10.01.2026 12:23 Dünya A A

Musavat.com xəbər verir ki, İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranda davam edən kütləvi etirazlar fonunda çıxış edərək ölkəyə mümkün qayıdışına eyham vurub. Sosial şəbəkələrdə və mühacirətdəki media platformalarında yayılan videomüraciətində o, İranda ümummilli etirazların yeni mərhələyə keçməli olduğunu bildirib və açıq şəkildə hakimiyyətin devrilməsinə çağırış edib.

Rza Pəhləvi çıxışında nəqliyyat, neft-qaz və energetika sektoru başda olmaqla əsas iqtisadi sahələrdə çalışan işçiləri ümummilli tətilə başlamağa çağırıb. O, həmçinin İran vətəndaşlarını yanvarın 10 və 11-də, axşam saat 18:00-dan etibarən milli bayraqlar, simvollar və şüarlarla küçələrə çıxmağa səsləyib. Pəhləvinin sözlərinə görə, məqsəd artıq sadəcə etiraz aksiyaları keçirmək deyil, şəhər mərkəzlərini ələ keçirmək və onları nəzarətdə saxlamaqdır.

Çıxışın ən diqqətçəkən məqamı isə Rza Pəhləvinin “milli inqilabın qələbəsi anında” İrana qayıtmağa hazırlaşdığını bəyan etməsi olub. O, bu günü “çox yaxın” adlandıraraq, özünü gələcək siyasi proseslərin mərkəzində təqdim etməyə çalışıb.

Musavat.com-a görə Rza Pəhləvinin bu çağırışları İranda real ictimai-siyasi dayağa söykənmir. Xüsusilə Güney Azərbaycanda və ümumilikdə azərbaycanlılar arasında Pəhləvi xanədanına münasibət birmənalı şəkildə mənfidir. Tarixi yaddaşda Pəhləvi rejimi fars mərkəzçi siyasət, milli haqların boğulması, türk kimliyinin inkarı və assimilyasiya cəhdləri ilə xatırlanır. Bu səbəbdən Güney Azərbaycan cəmiyyətində Rza Pəhləvinin lider kimi qəbul olunması mümkün hesab edilmir.

Saytımızın təhlil şöbəsinə görə, Rza Pəhləvi bu gün daha çox İran daxilindən deyil, xarici siyasi mərkəzlərdən dəstək alan fiqur təsiri bağışlayır. Onun adı tez-tez ABŞ və İsrailə yaxın siyasi dairələrlə əlaqələndirilir və bu faktor İranda geniş ictimai dəstəyin formalaşmasına ciddi maneə yaradır. İran cəmiyyətinin böyük hissəsi monarxiyanın bərpası ideyasını artıq tarixə qovuşmuş model kimi dəyərləndirir.

İranşünas ekspertlər vurğulayırlar ki, monarxist qüvvələrin İranda ictimai bazası son dərəcə zəifdir və real siyasi proseslərə təsir imkanları məhduddur. Bu baxımdan Rza Pəhləvinin çıxışları daha çox mövcud etiraz dalğasını öz adına yönəltmək cəhdi, eləcə də kənardan dizayn olunmuş siyasi avantüra kimi qiymətləndirilir.

Mövcud vəziyyətdə İranda baş verən proseslərin əsas aparıcı qüvvəsinin küçələrə çıxan geniş xalq kütlələri, sosial və milli haqlar uğrunda mübarizə aparan müxtəlif etnik və ictimai qruplar olduğu bildirilir. Bu etirazların nəticəsi monarxiyanın bərpası deyil, tamamilə fərqli və hələlik konturları aydın olmayan siyasi modelin formalaşması, hətta İranın bölünməsi ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR