İnsanlara hürriyət, millətlərə istiqlal!

Şair, nə gec qocaldın sən...

3992 15.12.2023 08:37 Yazarlar A A

Onun haqda çox yazmışam, həm də daha çox ad günündə. Nə sirdirsə, heç unudulmur onun ad günü. Əmim deyil, dayım deyil, qan qohumum deyil, amma onlar qədər doğma adamdır Ramiz Rövşən. Çoxdan başlayıb bu doğmalıq-onu efirdə ilk gördüyümdən, ilk kitabı əlimə keçəndən, ilk şeirini əzbərləyəndən... Ona görə illər öncə ilk görüşümüzdə onu qucaqlayanda heç təəccüblənmədik, nə o, nə mən.

Ramiz Rövşən zatən Yer üzündə seçilmiş insandır, bəlkə də şeirin sonuncu peyğəmbəridir, ona görə yazdıqlarının az qala hər birində Allah var, Göy var, Yer var, Günəş var... Bu təkrarçılıq, özünü təkrar deyil, h ər dəfəsində yenilikdir, təzəlikdir, mübarizədir.

Onun ifasında şeirləri azan kimi səslənir, darıxa, ayrıla, yarıdan kəsə bilməzsən. Nə qədər yaşı var bilinməz, elə şeiri var ki, oxuyanda tanımasan universitet tələbəsidir, ilk dəfə aşiq olduğu qıza yazıb deyərsən, elə şeiri var oxuyanda yəqin artıq bu dünyadan köçmüş biridir düşünərsən....
***

Osmanlı türkləri dekabra necə də dəqiq olaraq “aralıq” deyir. Təzə ilə köhnə arasında aralıq. Ramiz Rövşən aralıqda-dekabrın 15-də-payızla qısın aralığında dünyaya gəlib.

Ramiz Rövşən bizim nəslin - gəncliyi 90-cı illərə təsadüf edənlərin kumiri deyildi, kumir onun kimi yazmaq, onun kimi düşünmək, onun kimi fəlsəfi olmaq istəyidir. Kumir Ramiz Rövşəni başa düşmək, anlamaq istəyi idi. Kriminal dünya ilə romantika aralığında özünü qorumaq, ölməmək, istəyi idi. Yaxşl ki, bizi öz arxasınca apara bildi, özü bilmədən çox bəlalardan qorudu.

"İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda...”

***
Ramiz Rövşən əslində, şeirlərində gizlənmiş adamdır, hər dəfəsində eyni şerində belə, fərqli yerlərdən çıxar qarşına. Onun məsələn, ən məşhur “İlan balası” şeirinin ən azı 10 yerə yozmaq olar, 10 məna axtarmaq, 10 məna tapmaq olar.

Böyüyür bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
...Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey...


Ramiz Rövşən o qədər dolu adamdır ki, onu dinləməkdən doymursan. Danışar, danışar sən yorulmazsan. Onun izahedilməz bir aurası var həm də. Onu görəndə-fərqi yoxdur, həyatda, ekranda- doğma adamını görürmüş kimi sevinirsən.

Ramiz Rövşən monoloq adamıdır, o səni də səbirlə dinləyir, amma özü sənin səsinlə danışır. Onun çıxışları özü bitkin bir şeirdir, qısa hekayədir.
Onun danışıqlarından istəsən, hər dəfə nə isə öyrənə bilərsən. Oğurlaya, özününküləşdirə isə bilməzsən.

Ramizin şeirlərindəki “Qara paltarlı qadın”ı kimlər axtarmadı, kimlər tapdı?

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.


Bütün dünyada qadının ən çox ağladığı zamanlardan biri gəlib. Oğlunu, ərini, qardaşını, atasını itirən qadınların yenə göz yaşları axır.

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Elə bu bəndi də indi necə də aktualdır:

Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın…

***

Bu gün Ramiz Rövşənin yenə yeni ad günüdür. Neçə yaşı tamam olur-30, 40, 70, bəlkə 100? Neçə yaşı olduğunu siz deyin. Yazının sərlövhəsi aldadıcıdlr, ağlıma ilk gəldi, yazdım. Şairdən yaşını soruşmazlar ki...

Allah ömür versin, indən sonra da nə yazsa, bu dünya üçün qənimətdir...

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR