İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarı şəhərin cazibəsi: 600 yaşlı universitet və rəsədxana, lüks otellər şəhərciyi – Reportaj

2224 11.11.2023 09:30 Reportaj A A

Səmərqəndi görmək çoxdankı arzum idi. “Çoxdankı” – yəni 3-5 il və ya 20-30 il əvvəlki yox, daha çoxdankı.

40-45 il əvvəl məşhur özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanını oxuduğum vaxtlar Özbəkistan, ayrıca da Səmərqənd mənə əsrarəngiz məkan kimi görünmüşdü. (Yeri gəlmişkən, bu əsəri ilk dəfə özbək əsilli Azərbaycan dilçisi Xalid Səid Xocayev tərəfindən 1928-ci ildə dilimizə çevrilib və kitab halında nəşr olunub).

İki il əvvəl Özbəkistanda səfərdə olarkən Daşkənddə və Xivədə olmuşdum, amma Səmərqəndə gedə bilməmişdik. Proqramımıza görə mümkün olmamışdı. Amma bu il qismətdə birbaşa Səmərqəndə qədəm basmaq varmış.

Tarixi yerdir, qədim elm və mədəniyyət mərkəzidir Səmərqənd. Hazırda şəhər üç hissəyə bölünür: qədim şəhər (Əfrasiyab), müasir şəhər, bir də gələcək Səmərqənd.

photo_2023-11-11_09-21-25.jpg (258 KB)

Şəhərin gələcək üçün nəzərdə tutulan hissəsi köhnə Səmərqənddən 6-7 kilometr kənarda salınmış, hər gün üç dəfə su çiləyən aqreqatlarla suvarılan yaşıl çəmənliklərlə, 3-4 il sonra meşəyə çevrilməsi gözlənilən çoxağaclı parklarla əhatə olunan, özündə müasir otelləri, konqres zallarını, lüks restoranları birləşdirən, qədimi üslubda tikilmiş şəhərcikdən, “türk villaları” adlandırılan evlərdən ibarət abad bir yerdir. Bu şəhərcikdə müasir məişət texnologiyalarından istifadə edilməklə qonaqlar, əsasən də əcnəbi turistlər üçün 4 və 5 ulduzlu otellər inşa edilib. Bu məkan artıq turistlərin düşərgəsinə çevrilib. Onlar burada yaşayır, daha sonra müasir və qədim Səmərqəndin ziyarətinə gedirlər.

photo_2023-11-10_22-53-26.jpg (334 KB)

Qədim Səmərqənd də şəhərdən bir az aralıdır. Orada muzey fəaliyyət göstərir, amma əksər binaları sarı kərpicdən xüsusi səliqə ilə tikimiş müasir Səmərqənd bir qədər aralıda inşa edilib. Hər şəhəri öz rənginə görə təsnifatlandırsaq, Səmərqəndin rəngi sarıdır – səhra qumunun sarısı kimi.

Əslində isə müasir adlandırdığımız Səmərqənddə də 600-700 illik tarixi olan tikililər var. Böyük fateh Əmir Teymurun məqbərəsi də buradadır. Şəhərin “Registan meydanı” adlanan mərkəzi meydanı daxili və xarici turistlərin daima ziyarət etdikləri yerdir.

photo_2023-11-10_22-53-34.jpg (243 KB)

Təsəvvür edin, Əmir Teymurun alim və hökmdar nəvəsi Mirzə Uluqbəy 1417-1420-ci illərdə burada möhtəşəm mədrəsə, indiki meyarlarla götürsək, universitet binası tikdirib. Sonrakı əsrlərdə onun xələfləri həmin meydanda daha iki eyni görünüşlü binalar inşa etdirib, başqa sözlə, qədim universitetə yeni korpuslar əlavə ediblər. Bütün binalar unikal kaşılarla, zövqlə, yüksək sənətkarlıqla, milli ornamentlərin düzgün simmetriyasına riayət edilməklə üzlənib. Möhtəşəm bir sənət əsəridir.

photo_2023-11-10_22-53-41.jpg (405 KB)

Uluqbəyin rəsədxanası da eynilə möhtəşəmdir. Rəsədxana bir təpə üstündə tikilib. 600 il əvvəl bir hökmdarın observatorya inşa etdirərək göy cisimləri ilə maraqlanması, elmə bu qədər önəm verməsi gerçəkdən də heyrətamizdir. Nəzərə alaq ki, o, İran, Türkiyə, İraq, Azərbaycan, Əfqanıstan, Ermənistan, Gürcüstan, Türkmənistan, Qazaxıstan kimi dövlətlərin ərazisini, Pakistan, Hindistan və Rusiya kimi dövlətlərin isə bir hissəsini tutaraq böyük imperiya yaratmış şəxsin – Əmir Teymurun nəvəsidir. Ancaq 15 yaşında ikən hakimiyyətə gələn Uluqbəy (adının mənası: ulu bəy, böyük bəy) ölkəsini qılıncla, fəthlərlə yox, elm və təhsillə idarə etmək variantı seçib və əsas müxalifəti o dövrün ruhaniyyatı, dərvişlər olub. Onlar Uluqbyin oğlu Əbdüllətifi atasına qarşı qoyublar. Qoşunu daha güclü olan oğul atasını hakimiyyətdən əl çəkməyə vadar edib. Bundan yararlanan ruhanilər isə Uluqbəyin həyatına sui-qəsd təşkil ediblər.

88899.JPG (27 KB)

Vaxtilə Özbəkistanda yaşamış, hazırda da bu ölkədə böyük alim, yazıçı-tərcüməçi kimi sevilən həmyerlimiz Maqsud Şeyxzadə bu adil hökmdar və böyük alim haqqında “Mirzə Uluqbəy” adlı dram əsəri yazıb, sonra onun ssenarisi əsasında “Uluqbəyin ulduzları” adlı film çəkilib.

Biz Uluqbəy rəsədxanasında olarkən dünyanın bir çox ölkələrindən gəlmiş turistlər heyrət içində qədim rəsədxananı seyr edir, şəkil çəkir, tikililərin və Uluqbəyin heykəlinin fonunda foto çəkdirir, bir-birinə Şərqdə belə bir qədim elm mərkəzi görmələrindən məmnunluqlarını ifadə edirdilər.

xoca don.jpg (234 KB)

Təşkilatçıların bizi apardıqları daha bir görməli yer Xoca Doniyor (Daniel) məqbərəsi oldu. Bu, bir qədər mifik və mistik məkandır, hazırda da sırf dini ziyarət məkanı səciyyəsi daşıyır. İnsanlar burada ibadət edirlər. Üç dində şərəfləndirililən yəhudi əsilli Doniyor peyğəmbərin qalıqlarını Yaxın Şərqdən uzaq Özbəkistana Əmir Teymur gətirib. Onun qəbrinin üstündə məqbərə tikilib. Danielin qəbrinin 20 metr uzunluğunda olması (hər halda sinə daşının uzunluğu o qədərdir) göstərir ki, burada hər şey əfsanələrə bağlanıb. Məqbərədən aşağıda kaşıyla üzlənmiş təbii bulağın suyunun şəfaverici və müqəddəs olması daha bir mif nümunəsi olsa da, 30-40 metr kənarda “Siyab” (qara su) adlanan kanalın qara suyunun yanında belə bir şirin sulu bulağın olması hər halda qədim zamanlarda dirilik mənbəyi olub, çox həyatlar xilas edib.

photo_2023-11-10_22-52-53.jpg (151 KB)

Ümumiyyətlə, açıq-aydın hiss olunur ki, Şavkat Mirziyayev prezident seçiləndən sonra özbəklər qədim abidə və tikililərinə, muzey işinə, tarixi şəxsiyyətlərinə daha böyük önəm verməyə, diqqət göstərməyə başlayıblar və bunun həm ölkəni tanıtmaq, sevimli etmək, həm də ölkəyə turizm axınını gücləndirmək baxımından faydalı olacağını düşünürlər. Onlar yanılmırlar. Özbəkistan tarixi hadisələr və tarixi yerlər baxımından çox zəngindir və il-ildən özünə daha çox əcnəbi turist cəlb edir. Dünyanın inkişaf etmiş ölkələlərinin əlində bu cür real tarixi məkanlar və memarlıq abidələri olsaydı, tarixi şəxsiyyətlərin yaşayıb-işlədikləri məkanlar olsaydı hər il milyardlar qazanardılar.

Xalid Kazımlı, Musavat.com
Səmərqənd-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR