İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...

486 27.04.2024 11:36 Siyasət A A

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından 15 ay ötür. Ötən il yanvarın 26-də baş verən və bir günahsız insanın - səfirlik əməkdaşının ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən bu xain hücumun qonşu ölkələr arasında diplomatik əlaqələrdə yaratdığı böhran hələ də tam aradan qalxmayıb.

Tehran rəsmiləri son vaxtlar bu yöndə ard-arda nikbin bəyanatlar versələr də, status-kvo hələ ki, dəyişməz qalır. Çünki rəsmi Bakının səfirin qayıdışı ilə bağlı prinsipial şərtləri dəyişməzdir - qatilin layiqli cəzaya çatdırılması və diplomatik nümayəndəliyimizin təhlükəsizliyinə etibarlı zəmanət verilməsi. 

Birinci şərt qismən təmin edilib. Terrorçu Yasin Hüseynzadə haqda İran məhkəməsi edam cəzası çıxarıb. Lakin hökm hələ ki, yerinə yetirilməyib. 

Bu arada məlumat yayılıb ki, səfirimizin qayıdışına kimi Təbrizdə Ermənistanın Baş konsulluğu açıla bilər. “Sputnik Armenia” xəbər verib ki, hökumətin aprelin 25-də keçirilən iclasında artıq xərclər smetası təsdiqlənib və yaxın vaxtlarda konsulluq açılacaq. Qərara əsasən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq. Bəs Azərbaycan səfirliyi? 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır. Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq üçün Tehrana səfər edib: “İran və Azərbaycan yekdil fikirdədirlər ki, siyasi əməkdaşlıq digər sahələrdə əməkdaşlıqla paralel inkişaf etməlidir”, - deyə XİN sözçüsü əlavə edib. 

Onu da xatırladaq ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb. “Səfirin missiyası ötən il yayın sonunda başa çatıb, lakin ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək", - məlumatda vurğulanıb.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov: “Səfirliyin fəaliyyətinin bərpa edilməsi ilə bağlı ciddi müzakirə aparılır”

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu gün Azərbaycan-İran münasibətlərində qismən normallaşma müşahidə edildiyini deyib. Millət vəkili prezident İlham Əliyevin də İranla münasibətlərin normallaşması üçün addım atdığına diqqət çəkib: “Düşünürəm ki, hazırkı mərhələdə münasibətlərimizin qorunmasına çalışmalıyıq. Eyni zamanda münasibətləri gərginləşdirə biləcək addımlardan mümkün qədər uzaq olmalıyıq. Bu gün səfirliyimizin fəaliyyətinin bərpa edilməsi ilə bağlı ciddi müzakirə aparılır. Azərbaycanın tələbləri aydındır. Səfirliyə hücum edən Yasin Hüseynzadə edam cəzasına məhkum edildi. Hesab edirəm ki, hökm yerinə yetiriləcək, dəyişdirilə bilməz. Azərbaycanın tələblərinin yerinə yetirilməsi mütləq şərtdir”.

İranın Təbriz şəhərində Ermənistan Baş konsulluğunun açılmasını şərh edən Ceyhun Məmmədov bildirib ki,  İran bu kimi məsələlərdə Azərbaycanın mövqeyini nəzərə almalıdır: “Hesab edirik ki, İran həssaslıq nümayiş etdirəcək və Azərbaycanın mövqeyini nəzərə alacaq. O cümlədən səfirliyin yenidən açılması ilə münasibətlər yeni mərhələyə qədəm qoyacaq”. 

Çingiz Qənizadə yenidən deputat olmaq istəyir? - AÇIQLAMA

Çingiz Qənizadə: “Yasin Hüseynzadənin ölüm cəzasının icra ediləcəyini düşünmürəm, çünki...”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə İranın səmimi ola biləcəyinə inanmır: “İran  müəyyən təzyiqlər altında Yasin Hüseynzadəni ölüm cəzasına məhkum etdi. İranın Azərbaycana münasibətinin necə olduğunu hər kəs görür və bilir. Əvvəllər də dediyim kimi, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün, Vyana konvensiyasının tələblərini, diplomatik qaydaları  pozan terrorçu Yasin Hüseynzadəyə ağır cəza verilməsi ehtimalı var idi. Onun şəxsiyyət vəsiqəsini, yaşayış yerini dəyişməklə İranın başqa bir ərazisində yaşamasını təmin edə bilərlər. Yasin Hüseynzadənin ölüm cəzasının icra ediləcəyini düşünmürəm. Xatırlatmaq yerinə düşər ki, hadisədən sonra Yasin Hüseynzadənin psixoloji vəziyyəti ilə əlaqədar ekspertiza təyin edildi, onu əlləri açıq formada dövlət kanallarının qarşısına çıxardılar. Bu, İranın Yasin Hüseynzadəyə olan münasibəti idi. Azərbaycan səfirliyinə terror hücumu Yasin Hüseynzadə səviyyəsində deyil, daha yüksək səviyyədə təşkil edilmişdi. Yayılan görüntülərdən aydın olmuşdu ki, İranın müvafiq hüquq-mühafizə orqanları və digərləri seyrçi mövqedə idilər. Terrorçunu zərərsizləşdirmək üçün heç bir cəhd göstərmədilər. Bu baxımdan hesab edirəm ki, Yasin Hüseynzadənin ölüm cəzasının icrası qeyri-mümkün görünür, amma yenə də bunu zaman göstərəcək”. 

Xatırladaq ki, Yasin Hüseynzadə ilə mətbuatda bəzi məlumatlar yayılmışdı. O, İran vətəndaşıdır, meyvə-tərəvəz satışı ilə məşğul olub. İddiaya görə, Yasin Hüseynzadə “SEPAH”ın keçmiş zabiti olub. Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. 2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olan Yasin Hüseynzadənin Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar yayılmışdı. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR