İnsanlara hürriyət, millətlərə istiqlal!

Senatın absurdlarla dolu qətnaməsi – Araiklə bin Ladeni eyniləşdirən ifadə

1899 17.01.2024 15:00 Analitika A A

Fransa senatının Azərbaycanın öz ərazisi üzərində yurisdiksiyasını bərpa etməsini pisləyən qətnaməni müzakirə edəcəyi barədə xəbər şaşırdıcı deyil.

Ermənistan mediası Fransa senatının saytındakı materiala istinadla bu xəbəri həmişə olduğu kimi sevincək tövrlə yayır: “Fransa Senatı Azərbaycanın Dağlıq Qarabağa hərbi hücumunu pisləyən və Ermənistan Respublikasının ərazi bütövlüyünü pozmağa hər hansı mümkün cəhdlərin qarşısını alan qətnamənin qəbulu məsələsini müzakirə edəcək”.

Göründüyü kimi, qəbul olunacaq qətnamənin iki hədəfi var: “Azərbaycanın Dağlıq Qarabağa hərbi hücumu” və “Ermənistanın ərazi bütövlüyünün mümkün pozulmasl cəhdi”.

Birincisi, elə çıxır ki, guya “Dağlıq Qarabağ” Azərbaycandan ayrı, “müstəqil dövlət” imiş və Azərbaycan dövləti öz ərazisində hər hansı bir antiterror əməliyyatı keçirə bilməzmiş. Bu, absurddur. Hər bir dövlətin öz daxilindəki silahlı birləşmələri zərərsizləşdirmək hüququ var.

İkincisi, Fransa senatı güman və ehtimallara əsaslanaraq hələ baş verməmiş və baş verəcəyi gözlənilməyən cəhdlərə dair qətnamə qəbul edəcək. Bu da absurddur. Bu məntiqlə istənilən dövləti öz qonşusunun ərazi bütövlüyünü pozmağa “mümkün cəhdlər”də suçlamaq olar. Məsələn, belə bir qətnamə qəbul etmək olar ki, “Fransa Belçikanın ərazi bütövlüyünü pozmağa mümkün cəhdlər edə bilər və onun qarşısı alınmalıdır”.

Fransa senatının müzakirə edəcəyi, artıq layihəsi hazır olan qətnamədə belə ifadələr işlədilir ki, senat 2023-cü il sentyabrın 19 və 20-də Azərbaycanın müttəfiqlərinin dəstəyi ilə Dağlıq Qarabağa həyata keçirdiyi və orada yaşayan erməni əhalisinin, demək olar ki, hamısının qovulmasına səbəb olan hərbi hücumu qətiyyətlə pisləyir.

Burada da iki mübahisəli məqam var: “müttəfiqlərinin dəstəyi ilə” və “erməni əhalisinin hamısının qovulması”.

Söhbət hansı müttəfiqlərdən gedir? Cəmi 23 saata başa çatan lokal antiterror əməliyyatı üçün Azərbaycana hansısa müttəfiqlərin dəstəyi lazım idimi? Bu, ermənilərin özlərinə verdikləri təsəllidən başqa bir şey deyil. Yəni guya təkbətəkə qalsa, bizimlə bacararmışlar, müttəfiqləri Azərbaycana kömək edib deyə 1 sutkanın içində ağ bayraq qaldırmalı olublar.

“Erməni əhalisinin hamısının qovulması” məsələsi isə ona görə mübahisə doğurur ki, yüzlərlə videogörüntü və müsahibələr var: Qarabağdan köçən ermənilərə “köçməyin” çağırışı edilir, onlar isə “yerli hökumət”in, bələdiyyənin belə bir əmr verdiyini, əmrdən çıxmaq imkanlarının olmadığını deyirlər. Azərbaycan ordusunun hissələrinin ermənilər yaşayan məntəqələrə daxil olduğu, kiminsə darvazasının ağzına köç üçün nəzərdə tutulan yük maşını dayadığını göstərən bir fakt belə yoxdur.

Yəni ermənilər İrəvandakı və Xankəndidəki başbilənlərinin iradəsi ilə, bəlkə bir az da panikaya qapılaraq Qarabağı tərk ediblər və bu, vaxtında lazımınca sənədləşdirilib.

Sözügedən qətnamədə bildirilir ki, Qarabağın erməni əhalisinə şamil edilən xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət Azərbaycan və Ermənistan arasında sabit sülhə aparan yeganə mümkün yoldur və dövlətlər bu hüquqa hörmət etmək və qorumaq öhdəliyi daşıyırlar.

Buradan da belə anlaşılır ki, “xalqların öz müqəddəratını təyinetmə hüququ” dünyada yalnız Qarabağ ermənilərə şamil edilən müstəsna hüquqdur, nə Fransanın daxilindəki korsikalıların, nə İspaniyanın içindəki katalonların, nə irlandların, nə də müstəqil dövlət qurmaq və ya muxtariyyat statusu əldə etmək istəyən başqa xalqların belə bir hüququ yoxdur. Bu da absurddur.

Öz müqəddəratını təyinetməyə gəlincə, ermənilər dünyanın azsaylı xalqlarından biridir ki, bir dəfə öz müqəddəratlarını təyin edərək, Ermənistan Respublikasını təsis ediblər. Onların Qarabağda daha bir dövlət qurmaq təşəbbüsü isə başqa bir dövlətin ərazisini qoparmaq, daha sonra onu Ermənistana birləşdirmək cəhdiydi. 35 ildən sonra olsa da, bu layihə alınmadı.

Ayrıca Fransa senatı Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir, ancaq söhbətin hansı ərazilərdən getdiyini dəqiqləşdirmir. Bəlli olduğu kimi, Azərbaycan ordusu indiyədək Ermənistanın bir kəndini belə işğal etməyib, amma vaxtilə işğal edilmiş sərhədyanı kəndləri də qonşu dövlətin tapdağında qoymayıb. Güman ki, söhbət adsız təpəliklərdən gedir. Onların məsələsi indilikdə mübahisəlidir və demarkasiya və delimitasiya prosesində həll olunacaq – həm də qeydlərlə və şərtlərlə.

“DQR”-in Azərbaycan dövləti tərəfindən həbs olunmuş “siyasi liderlər”inin, “ərazi xalqının qanuni nümayəndələrinin özbaşına həbsi”nin pislənməsinə gəlincə, burada da ciddi qərəz var. 1987-ci ildən ta 2023-cü ilin sentyabrına qədər həmin “lider”lərin birbaşa göstərişi ilə 30 mindən çox Azərbaycan vətəndaşı öldürülüb, bəs bunlara kim cavab verməlidir? “Gəncə mənim əmrimlə vurulub” deyə etiraf edən Arutyunyann “Əkiz qüllələr mənim əmrimlə vurulub” deyən bin Ladendən fərqi nədir?

Bir sözlə, qəbul ediləcək qətnamə saxtakarlıq və qərəzkarlıqla hazırlanmış, senat adına utanc gətirən bir sənəddir və heç bir tənqidə dözümü yoxdur. Qətnamənin istənilən müddəası yalan-yanlış hipotezlərə söykənir. Azərbaycan tərəfi bu qətnaməyə tutarlı cavablar verəcək və Fransanın son 3 ildə yeritdiyi birtərəfli, qərəzli siyasətin puçluğu bir daha üzə çıxacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR