İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgisiz ailələrin “feminist” cocuqları: Nərmin Şahmarzadənin atası ilə sensasion müsahibə...

32765 20.03.2020 11:32 Müsahibə A A

Ağalar Şahmarzadə: “Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır”; “Mübariz İbrahimov şəhid olanda Nərmin təbliğat materialları hazırlamışdı”

8 Mart beynəlxalq qadınlar bayramını dünyada olduğu kimi, Azərbaycanda da maraq və həyəcanla gözləyib qadınlar. Sevdiyi, həyat yoldaşı, oğlu, qardaşı, çalışdığı kollektiv onu hansı hədiyyə ilə, xoş sözlə təbrik edəcək, sevindirəcək?! Bu ilsə hər şey bir az fərqli oldu. Özünü “feminist” adlandıran bir qrup Bakıda böyük səs-küyə səbəb olan aksiya keçirdi. Aksiyada əllərində qadın cinsiyyət orqanlarının adı həkk olunmuş şüarlar qaldırıldı, Azərbaycan qadınına seksual azadlıq tələbi ilə şüarlar səsləndirildi. 

Əgər doğrudan da ölkədə qadın hüquqlarının müdafiəsinə yönəlik bir aksiya keçirmək, tələb irəli sürmək lazım idisə, bunu qadın əzalarının adını çəkib də eləmək şərt idimi?! Təbii ki, bu sualın cavabı var. Hə, şərt idi. Bu, aksiyanı təşkil edənlər, onu reallaşdıranlar üçün mühim şərt idi həm də. Bu məsələyə yenə dönəcəyik, amma bunacan diqqəti bir vacib məqama yönəltməkdə fayda var...

Yeddi dildə bir tələb: AZAD SEKS...

Martın 8-də Bakıda keçirilən aksiyanın eynisi bir neçə ölkədə eyni tələblərlə, eyni şüarlarla keçirilib:

Rusiyada, Moskvada keçirilən aksiyada qadın hüquqları ilə yanaşı, LGBT məsələsi də qaldırılıb;

Türkiyədə, İstanbulda polis qadın “haqlarının” müdafiəsi ilə bağlı Taksim meydanında keçirilməli olan icazəsiz aksiyanı gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb;

Ukraynada, Kiyevdə 2000 qadının iştirak etdiyi aksiyada qadınlar vaginalarını özlərinə məxsus olduğunu car çəkən plakatlar qaldırıb, LGBT ilə bağlı şüarlar səsləndiriliblər;

Qırğızıstanda, Bişkəkdə seksual azadlıq tələbi ilə küşələrə çıxan “feministlərin” aksiyasını bir neçə dəqiqədən sonra əlidəyənəkli maskalılar dağıdıb;

Latviyada, Riqada qadınların seksual azadlıq tələbi ilə keçirdikləri aksiyaya kişi aktivistlər də qoşulub;

Moldovada, Kişinyovda baş tutan aksiyada tələblər eyni olub...

Gün eyni, tələb eyni, şüar eyni, iştirakçı təbəqənin davranışı, həyat tərzi yaxın, bircə millətlər fərqli... Bu boyda təsadüfə kimsə inanarmı? Bu boyda təsadüf olurmu? Olmur! Böyük ehtimal budur ki, aksiya bir mərkəzdən idarə olunub. Türkiyə, Azərbaycan, nə qədər qəribə səslənsə də, bir də Rusiya əsas hədəf olub. İndi dönək ona ki, konkret bizimlə bağlı dünyanın, Qərbin və Avropanın narahatlığı nədən ibarətdir...

Uzun yolun sonu: “çökdürmə” planı

Xeyli adam xatırlamış olar. İllər öncə Azərbaycanda könüllülər, “volontyor”lar adı ilə konkret dövlətlərdən gənclər gətirilirdi. Bir neçə səfirlik bu lahiyəni koordinasiya edirdi. Məqsəd bu idi ki, həmin gənclər ən ucqarlarda yaşayan Azərbaycan ailələrində qonaq olsunlar. Demək olar ki, Azərbaycanın bütün rayonlarını əhatə olunurdu layihədə. Qaldığı evlərə onlara görə kirayə və ərzaq haqqı ödənilirdi. Yox, bu, bildiyiniz kirayə yaşayış evi tutmaq deyildi. Bu, xarici vətəndaşların Azərbaycan ailələrində yerləşdirilməsi və o, ailəyə layihə bitənəcən aybaay ödəniş edilməsi idi. Əslində layihənin mahiyyəti var idi. Azərbaycanın bütün bölgələrində, hətta milli azlıqlar yaşayan yerlərində belə köklü ənənələri öyrənmək. Hətta Azərbaycanda yaşayan etniklərin ölkəyə bağlılıq dərəcəsini müəyyənləşdirmək... Niyə susurdu Azərbaycanın aidiyyəti qurumları? Çünki layihənin rəsmi izahı belə verilirdi həmin səfirliklərdən: “Məqsədimiz ucqarlarda yaşayan azərbaycanlı ailələri dünyəviləşdirmək, onları öz adətlərimizlə tanış etmək, xarici dil öyrətməkdir. Eyni zamanda bizim ölkələrin gəncləri də ucqarlarda həyat tərzini görsün...”

Çox böyük layihə idi. Böyük də maliyyə sərf edirdilər. Biz media adamları olaraq bu sualları o zaman da verirdik, indi də: niyə? Bizləri bu qədərmi sevir dünya? Əsla, dünya hər zaman bütün regionlarda öz maraqlarını və marağında olan əraziləri işğaldan savayı heç nə düşünməyib. O zaman yazdıqlarımda da, indi də qənaətim bu ki, hər şey illər sonraya hesablanmış və planlı idi. İndi o vaxt öyrəndikləri ən dərin yerlərdən “vurular” Azərbaycanı – milli-mənəvi dəyərlərdən, qadından, ailə sütunlarından... Çünki milli-mənəvi dəyəri olmayan, ənənələri itirilmiş, sıradan çıxarılmış millətdən millət, dövlətdən dövlət olmur. Onu işğal etmək də, hər şeyini mənimsəmək də son dərəcə asandır. İndi gələk ona ki, kimdir azərbaycanlı qadın...

Azərbaycanlı qadın...

...tarixən də, bu gün də ailənin əsas iki sütunundan biri, bəlkə də birincisidir. O, döyüşdə də həyat yoldaşının yanındadır, sülh dönəmində də. Azərbaycanlı qadın həm evdar xanımdır, həm ictimai yüklü olmağa meyilli insan. Seçkilərə qatılır, işləyir, iqtisadi baxımdan azad olmaq uğrunda ailəsində belə mücadilə aparacaq qədər gücü, siyasətcil, qüdrətlidir. Müxtəlif dövlət qurumlarında, ciddi vəzifələrdə çalışandır bir xeyli hallarda. Azərbaycanlı qadın nəyəsə, kiməsə könüllü tabe olmasa, onu tabe edəcək heç bir güc yoxdur. Yəni o, həm də güclü, sədaqətli insan tipi, xarakteridir. Və ən vacibi azərbaycanlı qadın ailəsində, cəmiyyətdə, dövlətdə ciddi dəyərdir, mentalitetin aparıcı gücüdür, simvoludur. Milli-mənəvi dəyərlərinə, ailəsinə, ənənələrinə sadiqdir. Azərbaycanlı qadın millətinin şərəf rəmzidir. Təbii ki, onunla bağlı dəyərləri gözdən salmağın bir yolu var – onu adiləşdirmək, nüfuzunu yerlə bir etmək.

HAŞİYƏ: Bunu qeyd etməsəm mən də ədalət prinsiplərini pozmuş tərəf olaram. O üzdən təəssüflə qeyd edirəm ki, qadınlarla bağlı millət və cəmiyyətin üzqarası olan hadisələrə də şahid oluruq bəzən. Ailə münaqişəsi zəminində qətlə yetirilən, intihar edən, ailəsi tərəfindən atılan azərbaycanlı qadınlarımız da var. Ancaq diqqət edəriksə, bu kimi hallarla bağlı da Azərbaycan cəmiyyəti, hətta olayı araşdıran dövlət qurumları  qadının tərəfində, müdafiəsində olur.

Qeyd olunan bu mənfi məqamlar anti-Azərbaycan mövqeyində olan qüvvələrin əlində təbii ki, çox yaxşı vasitədir. Onlar bu məqamlardan istifadə edərək Azərbaycanda qadın azadlıqlarının məhdudlaşdırılmasını, zorakılıq hallarının kütləvi şəkildə olduğunu utanmadan bəyan edə bilirlər. Beləcə, Azərbaycanda da seksual azadlıq tələbi, LGBT şüarları gündəmə gəlir, təşkilatlar qurulur, layihələr yazılır, qrantlar alınır, qarantlar verilir. Ancaq bunu edən auditoriyaya diqqət etməkdə də fayda var. Qadın azadlıqları pərdəsi altında ölkədəki cinsi azlıqların nümayəndələri, şəxsiyyəti müəmmalı, həyat tərzi anormal, hikkəli, mənəvi və psixoloji travmalı, paralel olaraq və təəssüflə qeyd etmək lazım ki, savadlı bir təbəqədən olanlardır. Beləcə, ölkədə feminizm tələblərindən bixəbər bir qrup “feminizm” hərəkatı adı altında təşkilatlanır, “feministlərin” aksiyası keçirilir...

İntihara cəhdlər və ya travmalı “feministlər”

Aysel ələkbərzadə ile ilgili görsel sonucu

Məşhur "8 Marş" mitinqindən fraqment

“8 marş” aksiyasından sonra ölkə “feministlərinin” şəxsi keyfiyyəti, həyat tərzi də diqqət mərkəzində oldu. Aksiya iştirakçılarından biri yaşadığı evin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd etdi. Məlum oldu ki, onu bu addımı atmağa digər iki aksiya iştirakçısının şantaj xarakterli davranışları vadar edib. Daha sonra aksiyanın hicablı “feministi” – dayısı tərəfindən döyüldüyünü iddia edən ikinci xanım sosial media üzərindən intihara hazırlaşdığına dair mesaj verdi. Sonradan aydın oldu ki, bu da həmin çevrədə baş verən  gərginlikdən doğan “üsyan” imiş. Hər iki hala polis müdaxiləsi də diqqəti çəkir. Birinci halla bağlı hətta hüquq müstəvisində araşdırma da başladılıb.

Ruhsuz və qəddar toplum...

Əqidə dostları arasında qısa fasilə ilə yaşanan bu olaylar diqqəti daha bir neçə məsələyə yönəltməyə əsas verdi. Bir-birinə dost deyən adamların əslində heç bir mənəvi standartı yoxdur, aşınıb. Bu da təbii, uzunmüddətli təbliğatın nəticəsidir. Belə təbliğatlarla nə zamansa mənən, psixoloji, mental göstəricilərinə görə azərbaycanlı olmuş bu gəncləri ölkədə ruhsuz, qəddar toplum yaradılması üçün ilk “əsgər” kimi yetişdiriblər bəlkə də. Əks halda aksiyanın təşkilatçıları öz əqidə dostları arasında yaranan bu insidentə niyə hansısa formada münasibət bildirməsin, reaksiya verməsin, ən azından gəlib insan olaraq baş çəkməsin ki?!

İkibaşlı oyun

Əvvəldə də qeyd edildiyi kimi, “feminist” təşkilatçıların aksiyası cəmiyyətdə və ölkədə ciddi etirazla qarşılandı. Etirazların miqyası o qədər böyük oldu ki, bəlkə belə nəticəni heç təşkilatçılar özləri də hesablaya bilməmişdilər. O halda baş verənlərin planlı icraat olmasını da düşünməyə əsas ola bilər. Yəni intihar cəhdləri ətrafında müzakirələr açılır və aksiya da, təşkilatçılar da unudulur. Amma bir ciddi məqamı diqqətdən qaçırmaq olmaz. Dövlətin və onun aidiyyəti qurumlarının bunun üzərinə getməsi də təbii ki, mütləqdir. Belə aksiyaların onların fəalları psixoloji travmalı ailələrdən seçilir. Bunu az sonra sizə təqdim olunan bir nümunədə görəcəksiniz.

Mübarizi söyən qız...

...Günlərin birində onu hamı tanıyacaqdı. Milli qəhrəman, şəhid Mübariz İbrahimovu təhqir etməsi ilə. Bu da yeni üsuldur özünü tanıtmaq üçün. Qarası-ağı önəmli deyil, adının piar olması önəmlidir. Yəni əsas odur ki, tanınasan. Uzun müddət cəmiyyət səni müzakirə edir, saytlar, televiziyalar, efirlər, müzakirələr və sən, bir də onda ayılırsan ki, artıq ictimailəşmiş, tanınmış simasan.

Onda özünü qalib sayırsan. İstəyimə – tanınmağa nail oldum deyirsən. Ən vacib olanı unudursan amma. Sən nəyin, kimin üstündən və necə keçib qalib gəldin? Əslində sən öz ağlınca düppədüz yolla getdin. Bəlkə də bütün cinayətlər elə bu cür törədilir. Adam özünü haqlı olduğuna inandırır, tutduğu əməlin cinayət olmasının fərqinə vara bilmir. O anda milli qəhrəmanı söyüb də populyarlaşmaq əslində milli dəyərlərinin, millətinin, onun ictimai-siyasi yükü olan vacib simalarının, dövlətinin, ailənin, ənənələrinin, xeyli sağlam düşüncəli insanın, milli ruhunun, əqidənin, dolayısı ilə özünün üzərindən keçib getmək deməkdir. Ən vacibi özünü bir qəpik dəyəri qalmayan birinə çevirərək populyarlaşmaqdır etdiyin. Yəni geriyə dönüşü olmayan bir yoldur. Bu mərhələdən sonra sən həm də başqalarının əlində Azərbaycanı “vurmaq” üçün alətsən. Yəni özün də anlamadan hər şeyini satmış birinə çevrilmisən.

Düzü, çox “bahalı” fədakarlıqdır. Yəqin ki, anlamısınız, Nərmin Şahmarzadədən gedir söhbəti. O Nərmin ki, onu bu davranışı üzündən məhkəməyə də verdilər. Onun isə geriyə yolu yox idi, bayaq qeyd etdiyim kimi, ancaq irəli və dövlətinə qarşı. O üzdən Nərminin həmin hadisə ilə bağlı “Sözlərimdən dönməyəcəyəm, heç kimdən üzr istəmək fikrim yoxdur, lazım gələrsə, insan hüquqları ilə bağlı Avropa Məhkəməsinə də müraciət edəcəyəm” açıqlamasını çox sakit qarşıladım. Başqa hara müraciət olunmalı idi ki?!

 

***

Nərmin Şahmarzadə aksiya ile ilgili görsel sonucu

Bu hadisələrə qədər Nərminin atası Ağalar Şahmarzadə Sabunçu rayonu 307 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışırdı. Hansı ki, Nərmin də o məktəbin nümunəvi şagirdi olub. Ata sonradan iş yerini dəyişib. Özü etiraf etməsə də belə addım atmasının qızı ilə bağlı olduğunu deyir  çoxu. İnsandır, utanıb, müzakirə açmaq istəməyib övladı ilə bağlı. Ona söz verdiyim kimi, indi harada fəaliyyət göstərdiyini yazmayacağam. Amma bir tarixçə danışacağıq sizə ikimiz. Bizim vətəndaş, onun övlad kimi itirməkdə olduğu Nərmin barədə. Nərmin deyən kimi söhbətə belə giriş verdi Ağalar müəllim:

- Nərmin qeyri-adi istedada malik uşaq idi. Az yaşından çoxlu fərqli kitablar oxuyurdu. Hərdən mənə elə gəlirdi ki, onun beyninin gücü çatmır oxuduğu kitabların ağırlığına, amma yenə də oxuyurdu. O kitablar ona təsir edirdi.

- Hansı məzmunda kitablar oxuyurdu?

- Millətlər və psixoloji baxışlarla bağlı. Bir hadisə oldu, onun xarakterindəki dəyişiklikləri ondan sonra daha qabarıq hiss elədim.

- Hansı hadisə?

- Nərmini hazırlığa qoydum. Savadlı, tanınmış Sevil (ad şərtidir - red) müəllimənin yanına hazırlığa getməyə başladı biologiyadan. Bir gün eşitdim həmin müəllim ibadət edən, namaz qılan, savadlı qızımı krişnaçıların cəmiyyətinə aparır, özü də evə xəbərdarlıq etmədən, gizlicə.

- Bəs qızınız bunu niyə demirmiş?

- O təxmin edib ki, mənim reaksiyam nə ola bilər. Müəlliməyə də son dərəcə bağlı idi. O üzdən müəlliməyə söz verib ki, deməyəcək.

- Bilib neynədiniz?

Biz onunla Qurani-Kərimi oxuyub, bir yerdə analiz, müzakirə edirdik. Sonra nə baş verdi, necə oldu – bilmədim, gördüm qızım tamam başqa aləmin adamı olub. Başqa dinlərlə maraqlanır, başqa həyat yaşamağa başlayır

- Müəllimə ilə ciddi mübahisəmiz oldu. Dedim hazırlığa yolladığım uşağı hansı haqla, özü də xəbərim olmadan götürüb dini cəmiyyətin tədbirinə aparırsan, beyninin yeyirsən, özü də xəlvət. Mübahisə Nərmini sarsıtmışdı, ilk dəfə onda hiss elədim ki, mən Nərmin məsələsində deyəsən gecikdim. O, çox dəyişmişdi.

- Nə kimi dəyişiklik var idi?

- Namazdan imtina eləmişdi, yəni islami dəyərlərdən. Məsləhətlərimi dinləmirdi.

- Müəllimədən şikayət etdinizmi?

- Əvvəl düşündüm ki, şikayət edim. Hətta buna hazırlaşmışdım da. Amma sonra qızıma baxdım, uşaq bərk sarsılmışdı, elə bildi müəlliməyə nəsə olacaq. O sarsıntı məni qorxutdu. Dayanmalı oldum.

- Nədən qorxdunuz?

- Qızımı itirməkdən qorxdum. Yaşının ən çətin dönəmində idi. Düşündüm ki, intihar edər, özümə bağışlaya bilmərəm sonra.

- Həmin dönəmdə Nərminin neçə yaşı olardı?

- On altı. O üzdən dedim ki, yaşının həssas dönəmində idi. Bir şeydə özümü qınayıram hərdən. O, tibb sahəsinə hazırlaşırdı, yayındırdım. Düşünürdüm o sahə ağırdır. Qızıma rahat həyat arzulayırdım. Kaş mane olmayaydım. Ondan sonra başladı psixologiya sahəsinə meyillənməyə. Xüsusilə Türkiyədən kitablar gətirdirdi. Bir məqama da diqqət edirdim ki, oxuduğu kitablar çox ağırdır. Hətta özünə də deyirdim ki, bunlar sənin yaşına, beyninə yükdür, oxuma. Amma dinləmədi. Dedi yox, rahatdır, xahiş elədi ona mane olmayım. Sonradan nə kitab istəsəydi, mənə də deyirdi, sifariş edib gətirdirdik. Evimizdə bəlkə də ona aid on min manatlıq kitabxana var. Bir dəfə də mənə bir kitab bağışladı. Çox təsirli ön söz də yazmışdı. O kitabın cəmi dörd səhifəsini oxudum.

- Niyə?

- Müəllifini unutmuşam, “Aşma” adlı kitab idi. Gördüm oxuduqca milli dəyərlərdən, dinimizdən uzaqlaşıram. Anladım ki, kitabın insanın həyat tərzinə ciddi təsiri var. Ona görə də davam eləmədim. Qızıma da dedim ki, bunlar sənə mənfi təsir edəcək, amma məni yenə dinləmədi. Biz onunla Qurani-Kərimi oxuyub, bir yerdə analiz, müzakirə edirdik. Sonra nə baş verdi, necə oldu – bilmədim, gördüm qızım tamam başqa aləmin adamı olub. Başqa dinlərlə maraqlanır, başqa həyat yaşamağa başlayır. Nərmin artıq universitetə qəbul olunmuşdu. Günlərin birində müəllimlərindən biri mənə dedi ki, qızın bəzi kitablar oxuyur, doğru seçim etmir, onu belə mütaliədən uzaqlaşdır. Müəllim nə görmüşdüsə, son dərəcə narahat olmuşdu. Detallı demədi mənə, bircə onu söylədi ki, təcili uzaqlaşdır, sonra gec olacaq.

- Bəlkə həmin kitabları ona kimsə verirdi. Xüsusi olaraq, niyə maraqlanmadınız?

- İkram (ad şərtidir - red) adlı bir oğlan var idi. Kim idisə bilmirəm, həmin kitabları gedib ondan alırdı. Mən nə qədər araşdırdım o adamların kimliyini müəyyən edə bilmədim.

sahmarzade.JPG (48 KB)

- Sizin barənizdə kimdən soruşduq, hamı yaxşı mütəxəssis, pedaqoq, insan kimi tərif elədi. O üzdən sizi incitmiş olsam da, bunu soruşmalıyam. Bir yaxşı adam, müəllim, valideyn, insan niyə öz balasını xilas eləməyi bacarmadı, yarıda dayandı? Nə idi sizi qorxudan?

- (uzun bir fasilə - red) Nərmin qəribə olmuşdu. Hərdən deyirdi, yaşamaq maraqsızdır, mənası yoxdur, niyə yaşayaq ki... Düzü, mən qorxdum. Məni dayandıran onu itirmək qorxusu idi.

- Özünə xətər yetirə biləcəyindən narahat idiniz?

- Bəli, qorxdum ki, ona nəsə olar, intihar edər. Mən onu çox sevdiyimdən dayandım. O dönəmdə intihara son dərəcə yaxın idi. Biz anası ilə də danışmışdıq bu barədə. Anası da mənimlə həmfikir idi. O da Nərminin əhvalının yaxşı olmadığını deyirdi. Mənə də tövsiyə edirdi ki, onunla işin olmasın.

- Səhv etmirəmsə, Nərminin anasından ayrılmısınız...

- Bəli, bu barədə çox geniş danışmaq istəmirəm. Qısaca onu deyim, biz övladımızı itirmişdik. Nərminin anası bu faciəni çox ağır yaşadı. Ciddi səhhət problemləri başladı. Uzun müddət müalicə etdirdik. Dözülməz dərəcədə çətin günlər yaşadıq. Artıq elə mərhələ gəldi ki, həkimlər bir yerdə yaşamağımızın mümkün olmağını dedilər. Biz ayrıldıq, amma Nərmindən uzaqlaşmadım. Təsəvvür edirsinizmi, on altı illik ailə həyatından sonra mən ayrılmağa məcbur oldum, bu çox çətin qərar idi.  Sonra o, müalicə aldı, şükür, indi pis deyil vəziyyəti, əlaqə saxlayıram, gücüm yetən dəstəyi verirəm ona. Nərminin anası pis insan olmayıb. Sadə, hamı kimi, övladının yaxşı həyatını, gününü görmək arzusunda olub, amma belə olub... Nə deyim?!

Nərmin anası ilə qalmağı seçdi. Hakim soruşdu niyə, cavab verdi ki, atam bizə sərbəstlik vermir

- Siz ayrılanda Nərmin sizinlə getdi, ya anası ilə qaldı?

- Nərmin anası ilə qalmağı seçdi. Hakim soruşdu niyə, cavab verdi ki, atam bizə sərbəstlik vermir, hər yerə yanımızda gedir, hər yerə özü aparıb-gətirir bizi, o üzdən mən anamla sərbəst qalmaq istəyirəm. Beləcə, anasının yanına, babasıgildə qalmağa getdi.

- Bəs necə əlaqə saxlayırdınız?

- Görüşürdük. Bir gün dedi, ata, sənin yanına gəlirəm, burada qala bilmirəm.

- Niyə?

- Orada Nərminə sevgi, diqqət yox idi. Dedim, qızım, sən mənə lazımsan, gəl. Çox rahat yaşadıq Nərminlə. Yeni ailə qurmuşdum. Məndən çox yeni ailəm sevirdi onu. Anam, yəni nənəsi də onu çox sevirdi. Ancaq bir müddətdən sonra o, yenə qaçıb getdi.

- Onda səbəb nə idi?

- Səbəb Milli Qəhrəman, şəhid Mübariz İbrahimov məsələsi idi.

- Hə, xatırlayıram, şəhidi təhqir eləmişdi...

- Onu məhkəməyə vermişdilər həmin hadisə ilə bağlı. Çox mübahisə elədik bu məsələyə görə. Son sözü bu oldu ki, sən mənim fikirlərimə hörmət eləmirsən, məni dəstəkləmirsən, üzərimdə diktatorluq edirsən. Beləcə, çıxıb getdi.

- Harada yaşayırdı bəs?

- Anasının yanına getdi. Ancaq sonra anası dedi ki, bura hərdən gəlir.

- Sizcə, niyə belə eləmişdi? Şəhidi təhqir eləmək, ailədən, evdən getmək... Bunlar normal davranışlar deyil axı...

- Heç cür anlaya bilmirəm qızımın ətrafında nə baş verdiyini. Mübariz İbrahimov şəhid olanda Nərmin yerə-göyə sığmırdı. Nə qədər təbliğat materialları hazırlamışdı, mənə inanmırsınızsa, onun məllimlərindən soruşun. Onları dinləyin, elə bil onu kimsə təlimatlandırır. O da nəyə görəsə məcbur qalıb bunu edir. Son dəfə gedəndə biz iki ay görüşmədik. İki aydan sonra yenə ürəyim dözmədi, zəng vurdum, xahiş elədim ki, hərdən gəlsin. İndi həftədə bir dəfə görüşürük.

Nərmin şahmarzadə aksiyada ile ilgili görsel sonucu

- Sizcə, qızınızı belə davranmağa, dəyərləri aşağılamağa, cəmiyyəti qıcıqlandırmağa, özünü guya fərqli təqdim etməyə vadar edən nədir? Lap son olayda, “feministlərin” aksiyasında qızınızı görəndə nə düşündünüz?

- O, daim narazıdır: cəmiyyətdən, hər şeydən, hər kəsdən. Hərdən elə bu cür də statuslar yazır. Mən inanmıram ki, bunu öz ağlı ilə edir. Mənə elə gəlir ki, bunu ona elətdirirlər.

Heç cür anlaya bilmirəm qızımın ətrafında nə baş verdiyini. Mübariz İbrahimov şəhid olanda Nərmin yerə-göyə sığmırdı. Nə qədər təbliğat materialları hazırlamışdı, mənə inanmırsınızsa, onun məllimlərindən soruşun

- Kim və ya kimlər?

- Heç bir təsəvvürüm yoxdur. Bir dəfə də anası mənə dedi ki, Nərminə bu mövzuda daha heç nə demə, onu təhqir edənlər var, məcbur edənlər var... İnanın, mən heç nə, heç bir şey başa düşmürəm. O, bir-iki dəfə hansısa qurumun xətti ilə Gürcüstana getdi. Mən dedim getmə, amma sözümü dinləmədi. O səfərlər də məcburi idi. Onda da hiss edirdim, indi də o qənaətdəyəm. Amma kökünü araşdıra bimirəm. Bir qədər üzərinə gedən kimi deyir işimə qarışma, mən sizə ziyan dəyməsini istəmirəm. Bir də Mübariz məsələsində onun üzərinə çox gəldilər, çox məhkəmələrə verdilər. Onda elə bil insanlar, cəmiyyət Nərmində özünə bir nifrət, qıcıq yaratdı. Kimlərsə də bundan öz məqsədləri üçün yaxşıca istifadə elədilər.

- Sizdən bir şey də soruşacağam. Bu sualı bir ataya vermək bəlkə bir az da ədalətsizdir, bizim mentalitet baxımından bir az da heç doğru deyil, amma peşə və vəziyyət bu sualı zəruri edib. Qızınızın həyat tərzi, cinsi oriyentasiyası barədə xoş olmayan çoxlu söhbətlər dolaşır, bunu siz də eşitmiş olarsınız yəqin ki...

- İnanırsınız, mən qaçıram, gizlənirəm bu sualdan. İstəmirəm məni bu mövzuda kimsə danışdırsın. Mən bunlara inanmaq istəmirəm. İnanmaq mənə çox ağır gəlir. Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır. Müəllim tanışların birindən xahiş etdim ki, kömək elə, qızıma dəstək olum. Müəllim onunla danışdı və mənə dedi, heç bir faydası yoxdur, ona artıq tərəfi seçdirilib. Hətta onu həkimə də apardım. Həkim onu kənara qoyub mənə, əsəblərimlə bağlı müalicə yazdı. Hamı dedi ki, təsir mümkün deyil, imkansızdır, çünki o, tərəfini çoxdan seçib. Bu adam sevgisizdir söylədilər...

Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır

- Deyilənə görə, dostlarından birinin – Şərifov Vahidin (ad şərtidir - red) yanında yaşayır. Bu barədə ondan soruşmusunuzmu?

- Mən belə adam tanımıram, artıq üstünə də çox gedə bilmirəm.  

- Deyirlər xalasının həyat yoldaşı, milliyyətcə türk olan Hakan (ad şərtidir - red) adlı şəxslə də nə barədəsə gizli məsləhətləşmələr aparır. Bu barədə bildiyiniz bir şey varmı?

- Yox. Bu mövzularda mənə kimsə sual verməsin deyə uzun müddət jurnalistlərdən qaçmışam. İstəmirəm kimsə mənə bu cür suallar versin.

- Son dəfə sizinlə bir yerdə qalmamağının səbəbi kimi nəyi göstərdi?

- Dedi səni incitmək istəmirəm. Burda qalsam, sənə ziyan vuraram dedi. Yenə anasının yanına köçdü, amma orada da yaşamadı, qaçdı oradan da.

- Anası nə deyir? Səhhəti qızına kömək etməyə imkan verirmi?

- Anası ilə danışırıq, o, gücsüzdür. Mən də nə qədər çalışıram dost çevrəsinə girim, maraqlanım, imkan vermir. O nə məndən, nə anasından bir dəqiqə ayrı qala biləcək uşaq olmayıb. Onunla son söhbətimizdə dedi ki, mən sizə zərər vermək istəmirəm. Bilmirəm, bəlkə də mən belə düşünürəm. Amma Nərminin ətrafında baş verənlər onun öz istəyi ilə etdikləri deyil. Elə Mübariz İbrahimovla bağlı məsələ də belə idi. Onun yanında olduğu adamlardan kimsə buna məcbur eləmişdi.

- Separatçı Fəxrəddin Abbaszadə ilə sizin ailənin hansısa yaxınlığı var?

- Heç bir qohumluğumuz yoxdur. Sadəcə bir kənddənik. Cəmi bir dəfə də üz-üzə gəlmişik. Bir də onu eşitdim ki, o, “Talış-Muğan Respublikası” yaratmağa cəhd edənlərlə bir arada olub və ölkədən qaçıb. Başqa heç bir ünsiyyətim olmayıb. Bizi ona görə qohum bilirlər ki, mənim anamla onun soyadı da eynidir...

SON: Bu söhbət bir nümunə idi. Azərbaycan qadınına, olsun lap seksual azadlıq tələb edənlərin hələ bircəciyinin kimliyini ortaya qoyan bir nümunə. Bilib anladığım bu oldu ki, Nərminin atası qızı haqda bildiyi şeylərin heç bir faizini söyləmədi. Xilas eləməyə gücü çatmasa da, qızını qorudu. Lakin həm də cəmiyyətə ictimai bir mesaj verməyimizə dəstək oldu. Təxminən belə bir mesaj: ailənizə, övladınıza sevgi verin. Başınıza nə gəlir gəlsin, nə yaşayırsınız yaşayın, övladınızın sevgi payından bir zərrə də əskiltməyin. Onu taleyin, nənənin, babanın, məktəbin, cəmiyyətin, mühitin ümidinə buraxmayın. Unutmayın, harada olursunuz olun, valideyni olduğunuz uşaqlar sizin evin aynasıdır. Sizin evdə nə baş verdiyinin və hər baş verənin onun həyatına necə təsir etməsini gələcəyə, real həyata daşıyırlar. Ailəniz əvvəl bu yaşananlardan əziyyət çəkirdisə, o uşaqlar böyüdükcə cəmiyyətə və dövlətə yük olurlar. Məsələn, böyüyüb Nərmin boyda problem olurlar. Və kimsə, kimlərsə ondan feminist düzəldir, ölkənin, dövlətin üzərinə göndərir. Dövlətdən reaksiya gələndə bu, hüquq pozuntusu elementi, vətəndaşdan etiraz gəlincə mənəvi terror adlandırılır. Bir qədər də geniş götürəndə bu, dövlətə təsir eləmentlərinin əsasını qoymaq deməkdir. O üzdən bu gün ailəni və övladlarını qorumaq elə dövlətinin və millətinin gələcəyini qorumaq kimi mənəvi bir xidmətdir. Bu xidmətdə Tanrı heç bir gerçək azərbaycanlını utandırmasın!

Jalə Mütəllimova, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR