İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlı psixopatlar təhlükəsi

1220 22.12.2023 11:55 Yazarlar A A

Çexiyanın paytaxtı Praqada baş verən qətliam bütün Avropanı dəhşətə gətirib. ABŞ üçün adi, az qala həftəaşırı baş verən kriminal hadisələrdən biri olan bu hadisə sakit Avropa üçün xarakterik deyil.

Ona görə də milyonlarla adam David Kozak adlı bir gəncin universitetə girərək heç bir səbəb olmadan məsum gəncləri güllələməsindən şoka düşüb.

Hadisə barədə xəbər tutarkən həmvətənlərimizin ağlına dərhal 14 il öncə Bakıda törədilmiş bənzər cinayət düşdü. 2009-cu ilin aprel ayının 30-da başqa bir ölkənin vətəndaşı olan və başqa bir ölkədə yaşayan Fərda adlı lənətlik nəyə görəsə öz mənhus niyyətini gəlib üçüncü ölkədə, Azərbaycanda, paytaxtda yerləşən məşhur universitetlərdən birində - ADNA-da törətmişdi. Bu qətliamın motvləri hələ də müəmmalıdır. Əgər o, psixi xəstə idisə, nəyə görə bu ağır cinayəti öz vətəni olan Gürcüstanda və ya yaşadığı Rusiyada yox, Azərbaycanda törədir, 13 nəfəri öldürür, daha 13 nəfəri isə yaralayırdı?

ppppooo.JPG (27 KB)

David Kozakın törətdiyi qətliamla F.Qədirovun törətdiyi cinayət arasında bir neçə oxşarlıq var. Hər iki cinayət universitetdə törədilib. Hər ikisinin qurbanı təxminən eyni sayda olub – 13-14 nəfər. Hər iki halda cani yerindəcə zərərsizləşdirilib.

Bu hadisə bir daha sübut edir ki, mülki şəxslərin əlində heç bir odlu silah olmamalıdır. Qeydiyyatdan kənarda, qanunsuz şəkildə saxlanılan hər bir silah, hətta hər bir güllə bir insan həyatı deməkdir. O güllə əvvəl-axır açılacaq və bir məsum insanı həyatdan qoparacaq.

Bu baxımdan əhalinin əlindəki qanunsuz silahların toplanması barədə vaxtaşırı açıqlanan hesabatlar təqdirəlayiqdir. Həmin informasiyalarda adətən “könüllü olaraq gətirib polisə təhvil veriblər” ifadəsi keçir. Ola bilər, qanunsuz silah saxlayanlar bunu o qədər də könüllü etməyiblər, könülsüz olublar, amma əsas odur ki, həmin silahlar artıq əllərdə deyil, dəmir qapılı seyflərdədir.

Bu, həm də o deməkdir ki, silahını könüllü təhvil verənlərlə yanaşı, N qədər də o silahı ciddi-cəhdlə gizlədənlər, “yaman gün üçün” saxlayanlar var. Əgər bir gün onlar da ifşa olunsalar və silahı təhvil verərək azadlıqda qalmaq, ya da silahın axtarışlar nəticəsində tapılması təqdirində həbsxanaya düşmək seçimi qarşısında qalsalar, yəqin ki, “könüllü olaraq” birincini seçəcəklər.

Başqa sözlə, bu işi insanların öz vicdanına, mərhəmətinə, anlayışlı davranışına buraxmaq olmaz. Əllərdəki silahların toplanması işini ciddi aparmaq lazımdır.

Başqa ölkələrdə (məsələn, ABŞ, Türkiyə, İraq, Əfqanıstan, Rusiya) fərqli olaraq bizdə odlu silahlarla törədilən cinayətlər ona görə nisbətən azdır ki, heç də hər adamın odlu silah əldə etmək imkanı yoxdur. Təsəvvür edin, ölkəmizdə hər ürəyi istəyən şəxs odlu silah əldə edə bilsəydi, hər iki sürücüdən birinin ya belində, ya da sürdüyü maşınının oturacağının altında tapança olardı və adi yol-hərəkət münaqişəsi (“yol mənim idi, niyə sən keçdin”, “görürsən, sürətlə gəlirəm, yol ver də” və s.) zamanı o silahlar işə düşərdi. Hər gün yollarda rəsmən atışma düşərdi.

ABŞ-da az qala hər kəsin silahı var. Ona görə də bu ölkədən tez-tez qətliam xəbərləri gəlir. Heç kütləvi qətl olmasa da, elə bir gün olmur ki, ayrı-ayrı ştatlarda odlu silahla adam öldürməsinlər. Bu, o qədər milli problemə çevrilib ki, prezident Bayden də bu məsələyə münasibət bildirib, odlu silahların satışının məhdudlaşdırılmasını vacib sayıb. Ancaq konqresdəki “silah mafiyası” silah istehsalçılarının mənafeyini müdafiə edərək belə bir məhdudlaşdırıcı qanununun qəbuluna qarşı çıxırlar. Nəticədə ABŞ-ın küçələrində, ictimai iaşə obyektlərində qırğın gedir. Əgər bu ölkənin düzəni bir balaca pozulsa, nəsə bir ictimai kataklizm baş versə, daxildəki əlisilahlılar ABŞ dövlətinə xarici düşməndən daha ağır zərbələr vuracaqlar.

Müasir dünyanın gerçəkliyi budur ki, psixi xəstəliklər, müxtəlif növlü maniakal şövqə malik insanların sayı artıb. Onlar heç bir ciddi səbəb olmadan olduqca aqressiv davranış sərgiləyə, heç tanımadıqları adamları öldürməyə təşəbbüs edə bilirlər. Humanist Avropa belə şəxsləri nəinki edam etmir, hətta ağır cəza verməkdən də yayınır. Nəticədə norveçli Breyvik kimi biri çıxır və 10-15 dəqiqənin içində 77 yeniyetməni qətlə yetirir.

Əgər dünən səhər yerli polis Kozakın cinayətə hazırlaşmasından xəbər tutaraq onu həbs etsəydi, Çexiyanın hüquq müdafiəsi təşkilatları ayağa qalxacaqdı ki, günahsız gənci sosial şəbəkədə yazdığı bir neçə kəlməyə görə tutublar. İndi yaxşı oldumu?

Belə adamlar nəzarətə götürülməlidir. Onlardan biri bu gün emosiyaya qapılıb sabahkı niyyəti barədə nəsə bir anons edirsə, demək, beynində şeytanlar dolaşır, o, əvvəl-axır pis niyyətini gerçəkləşdirmək istəyəcək.

Bir sözlə, cinayətkar türmədə, psixi xəstələr dispanserdə oturmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR