İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyanın qəzəbi, Paşinyanın arzusu,– İrəvan sərhəd zastavası olmaq istəmir, Monako olmaq istəyir

2101 04.03.2024 12:55 Analitika A A

Kremlin baş təbliğatçı jurnalisti Marqarita Simonyan bu günlərdə əsasən gənclərdən ibarət olan auditoriya qarşıısnda çıxış edərkən Ermənistanın baş naziri Nikol Paşinyanı “satqın”, “erməni xalqını uçurama aparan” adlandırıb və qeyd edib ki, o, hakimiyyətdə qalarsa, Ermənistan olmayacaq, süqut edəcək.

Simonyanın Paşinyana nifrət etməsi, ona qarşı vaxtaşırı isterik hiddət püskürməsi yeni şey deyil. Azı 3 ildir ki, Simonyan hər fürsətdə belə edir, bəzən o, hətta Paşinyana qarğış tökür, ya da xişagəlməz ibarələrlə təhqir edir.

Bu, onun şəxsi qərəzindən, Paşinyanı bir insan kimi sevməməsindən irəli gəlmir. Nə də olsa, ermənilərdə önə çıxmış, yüksək vəzifə tutan və fayda gətirə biləcək soydaşları ilə düşmənçilik aparmaq xasiyyəti yoxdur, onlar daha çox belə şəxslərə iltifat edib faydalanmağı üstün tuturlar.

Simonyanın isə Paşinyana yaltaqlanmaq kimi dərdi yoxdur, onun əli daha böyük, daha qüdrətli bir dövlətin daha güclü hökmdarının ətəyindədir. Bu dövlət Rusiya, o adam Putindir və Simonyan məhz ona arxalanaraq Paşinyanın üstünə yeriyir.

Heç Simonyanı bu qədər həyəcanlandıran məsələ Ermənistanı, erməniləri Paşinyandan daha çox istəməsi və bu dövlətin “uçuruma getməsi”, “labüd süqut” ehtimalı da deyil. O, Paşinyanı pisləyərkən, onun hakimiyyətdən devrilməsini arzulayır və buna çalışaraq Kremlin sifarişini yerinə yetirir.

Gerçəklik budur: hazırda Paşinyanın hakimiyyətdə qalması Azərbaycana da, elə Ermənistanın özünı də faydalıdır. Bu, təkcə Rusiyaya sərfəli deyil. Simonyanı da qıcıqlandıran məhz budur. O, erməni kimi yox, rus kimi düşünür.

Paşinyanın öz qeyri-ardıcıl siyasəti, etibarsızlığı, laübalı manevrləri, “at gedişləri” ilə Azərbaycana necə faydalı olduğu barədə uzun danışmaq olar, amma qısaca onu deyək ki, nəticələr göz önündədir.

Bəs nədən hesab edirik ki, o, Ermənistana da faydalıdır?

Bu, ona görə belədir ki, məhz Paşinyan erməni xalqına öz gerçək gücünün nə olduğunu göstərdi. Bundan əvvəl ermənilər qaya kölgəsində oturaraq onu öz kölgələri hesab edir, öz böyüklüklərinə inanır, özlərini həddindən artıq şişirdirdilər. Bu zaman onların iştahları, tamahları da qabarırdı və reallıq hissini itirir, hansısa güzəşti yaxınlarına qoymurdular.

Paşinyan ermənilərin bir xeylisinin gözünü açdı, onlara anlatdı ki, Rusiyanın əlində əbədi maşa olub, qızmar kömürlərlə əlləşməkdənsə, Avropaya, mədəni dünyaya yaxınlaşmaq, ölkənin ayağından pudluq daş kimi asılan ballastlardan qurtulmaq lazımdır. O, ağır daşlardan biri Qarabağ idi. Bu mahalın Ermənistanın işğalında olduğu 30 ildə kiçik erməni dövləti onu de-yure özününküləşdirə bilməmişdisə, sonrakı 30 ildə də bu məqsədə çatacağı şübhə altında idi. Özü də o halda ki, ildən-ilə güclənən Azərbaycan Qarabağı Ermənistanın caynağından qoparacağını get-gedə açıq şəkildə bəyan edir, ona hazırlaşdığını gizlətmirdi. 3 il tez, 5 il gec, bu, mütləq baş verəcəkdi.

Ona görə də Ermənstana daha etibarlı, daha güclü və daha səmimi arxa-dayaq lazım idi. Ermənilər görürdülər ki, Rusiya onlara bundan artığını vermək istəmir, onun dərdi özünün keçmiş sərhədlərini bərpa etmək, daha qüdrətli, hegemon dövlət olmaqdır və bu niyyətin qarşısında Ermənistanın Qarabağın hesabına bir az da böyümək arzusu molekul qədər xırda şeydir.

İndi Paşinyan və onun komandası Ermənistanı Avropaya qatmaq niyyətindədir və hesab edir ki, Monako və ya Lüksemburq kimi lüks həyatı, firavanlığı və təhlükəsizliyi təmin olunmuş kiçik dövlətdə yaşamaq, daimi müharibələr aparan imperiyanın sərhəd qalası olmaqdan 100 dəfə yaxşıdır.

Rusiya isə Ermənistana hələ də öz cənub sərhədindəki zastava kimi baxdığından istəyir ki, İrəvan onun ucqar əyaləti olaraq qalsın və buna razı olmayan Paşinyan devrilsin, yerinə “Moskva uşaqları”ndan biri gəlsin.

Bu isə bizim üçün sərfəli deyil. İrəvanda hakimiyyətə “Moskva uşağı” gəlsə, Kreml onun mövqeyinin möhkəmlənməsi üçün ona hər cür dəstək verəcək, bizə isə təzyiq edərək Ermənistanın xeyrinə güzəştlər qoparmaq istəyəcək. Qarabağı tərk etmiş ermənilərin bir hissəsinin zorla geri qaytarılması da bu layihənin içində olacaq.

Ona görə də biz əslində bu gün Ermənistanda Paşinyanın mövqeyinin zəifləməsini, devrilməsini istəməməliyik və buna çalışanlara heç cür yaardımçı olmamalıyıq.

Nə qədər qəribə və qeyri-populyar olsa da, gerçək budur: düşmənə kömək vaxtıdır.

 Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR