İnsanlara hürriyət, millətlərə istiqlal!

Slavyan savaşı Rusiya-Qərb müharibəsinə dönüb – Qırğın 3-cü ilə keçdi

1343 25.02.2024 10:52 Analitika A A

Tarxiə “Slavyan savaşı” kimi düşəsi müharibənin 2 ili tamam oldu. Kremlin planına görə, bu, 3 gün çəkəcəkdi və rus ordusunun Kiyevə girməsi ilə “xüsusi hərbi əməliyyat” adı qoyduqları müharibə bitəcəkdi.

3 gün 30 gün oldu, savaş bitmədi, 3 ay keçdi, qurtarmadı, 300 gün ötdü, “xüsusi hərbi əməliyyat” sona yetmədi. Artıq qırğının ömrü 3-cü ilə keçir, 30 aya bitsə, böyük işdir.

Əslində Rusiya 3 günə olmasa da, iki-üç həftəyə, uzağı, bir-iki aya Kiyevi götürəcəkdi, amma bu da müharibənin sonu olmayacaqdı. 1941-45-ci il müharibəsində partizanlıq edərək Hitler Almaniyasına zərbələr vuran ukraynalılar eyni oyunu Putin Rusiyasının da başına açacaqdılar.

Necə ki, sovet hökuməti Əfqanıstan partizanlarını 10 il ərzində ram edə bilmədilər, elə olacaqdı. Çünki 1979-89-cu illərdə əfqan mücahidlərinə hər cür kömək edən hərbi-siyasi güclər eyni yardımı, təchizatı döyüşkən ukraynalılar da edəcəkdilər.

Hazırda onlar eyni şeyi edirlər – həm də artıqlaması ilə. Üstəlik, Ukraynanın ərazisinin 80 faizi ukraynalıların öz əllərindədir. O vaxt Əfqanıstan dövləti süqut etmişdisə və dövləti “şurəvilər”in marionet rejimi idarə edirdisə, hazırda Ukraynanı ukraynalılar özləri idarə edir.

Düzdür, RF-nin yüksək mənsəbli şəxsləri və Kreml təbliğatçıları Zelenski hakimiyyətini “Qərbin marionet rejimi” adlandırırlar, amma gerçək budur ki, Moskva Zelenskinin yerində Viktor Yanukoviçi təzədən oturtsaydı, o, daha sözəbaxan olacaqdı.

Ukraynanın himayədarları isə Rusiyaya bu ölkədə çox irəliləməyə imkan vermədilər, qarşısını bir yerdə aldılar və iki ildir döyüşlər, aşağı-yuxarı, eyni məntəqələrdə gedir. Bununla belə, hər gün hər iki tərəfdən yüzlərlə gənc adam həlak olur.

Artıq bu savaş “slavyan müharibəsi” olmaqdan çıxıb. İndi bu, Rusiya-Avropa, Rusiya-Qərb müharibəsidir. Bu müharibəyə artıq Avropanın əksər ölkələri qoşulub – biri effektiv silah-sursatla, o biri ağır texnika ilə, bu biri ərzaqla, başqa biri çoxrəqəmli maliyyə vəsaiti ilə. Rusiyaya sanksiya tətbiq edən, sərhədlərini rusların üzünə bağlayan, rus biznesmenlərin əmlakını müsadirə edən dövlətlər daha çoxdur.

Kreml başbilənlərinin və təbliğatçıların israrla bu savaşı “xüsusi hərbi əməliyyat” adlandırması da absurda doğru gedir. “Xüsusi əməliyyat” bir-iki gün, ən çoxu 2 həftə olar, daha 2 ili aşıb, 3-cü ilə keçməz.

Bu günlərdə Rusiya-Ukrayna müharibəsinə dair mövqe bildirən rusiyalı siyasətçilər hələ də 2 il öncəki ritorika ilə danışır, Kiyevə girməkdən, Odessanı tutmaqdan bəhs edirlər. Hətta bütün Avropaya qəzəb püskürən, bu qitədə “açıq danışılması adət olmayan” əməliyyatlar, yəni terror aksiyası keçirnəkdən dəm vuranlar var. Təkcə bu qəzəbin şiddəti ondan xəbər verir ki, Rusiyanın Ukrayna üzərində qələbə qazanacağına ümidi azalır.

KİV-də hər gün sellənən “ABŞ Ukraynaya dəstəyi dayandırır”, “Avropa Ukraynanı Rusiyaya təslim etməyə hazırlaşır”, “Böyük Britaniya Ukraynaya yardım etməkdən bezib” və sair bu kimi gündəlik xəbərlər təbliğat xarakteri daşıyır. Qərb dövlətlərindəki müxalif qüvvələrin nə düşünməsindən asılı olmayaraq, dövlətləri idarə edənlər qəti olaraq bu fikirdədirlər ki, Rusiya Ukraynada durdurulmalı, məğlub edilməlidir.

Onlar ona görə bu fikirdə qətidirlər ki, Rusiyanın yenidən güclənərək 35-40 il əvvəlki qüdrətini bərpa etməsini, dünyanın ən böyük imperiyası olmasını, Asiyada, Afrikada, Cənubi Amerikada özünə yeni-yeni satellitlər formalaşdırmasını istəmirlər.

Rusiya isə bunu istəyir. Bu dövlətin torpağa ehtiyacı yoxdur. Rusiyanın intəhasız, ucu-bucağı görünməyən ərazilərində 3-4 milyard insan yerləşə bilər. Üç dünya okeanında sahili olan Rusiyaya 4-cü okean da lazımdır. O, bütün Asiyada hökmran olmaq, Afrikanı ram etmək, Yaxın Şərqdə söz sahibi olmaq niyyətindədir.

ABŞ və onun müttəfiqləri isə Rusiyanın böyür-başını NATO dövlətləri ilə sararaq onu öz zağasına qapatmaq istəyirlər.

Müharibənin bu qədər uzanmasının əsl səbəbi isə budur: Qərb dünyası kəskin həmlələrlə Rusiyanı məğlub etmək istəmirlər. Onlar qorxurlar ki, Rusiya ordusu sarsıdıcı zərbələr alsa və onun məğlub olacağı yəqinləşsə, Kremlin əlindən nüvə xətası çıxa bilər. Ona görə də onlar Rusiyanı yoraraq, yavaş-yavaş bu fikrə gətirmək istəyirlər ki, özü savaşı davam etdirməkdən bezib dayansın.

Rusiya rəhbərliyi fərqli düşüncədədir. Dövlətin hərbi gücü bərpa olunan aspektdədir, gecə-gündüz silah-sursat istehsalını davam etdirir. İnsan resursu da kifayət qədərdir. Prezident Putin elə bir adamdır ki, ölkənin kişi qisminin yarısı qırılsa da, dediyindən dönməyəcək. Bu, Rusiyada bir dəfə sınaqdan çıxarılmış müharibə taktikasıdır. II dünya müharibəsində iştirak edən o qədər ölkənin (bütün Avropa və Asiya ölkələri) verdiyi itkilərin yarısı SSRİ-nin payına düşür. Ancaq milyonlarla əsgəri qabağa verib qırdıran marşallar müharibədən sonra hərəyə azı iki dəfə “Sovet İttifaqı Qəhrəman” adı, 10-15 kilo da orden-medal aldılar.

Bu baxımdan Rusiyanın başladığı “xüsusi hərbi əməliyyat”ın nə vaxt sona çatacağını proqnozlaşdırmaq çətindir. Xatırladaq ki, 2 il öncə onun başlayacağı vaxtı dəqiq proqnozlaşdırmışdıq. Daha bir proqnozumuz isə beləydi ki, Napoleonu, Hitleri “boğan” Avropa koalisiyaları bu dəfə Putini məğlub etməyə çalışcaq.

Görək, bu şər işlərin axırı necə olur.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR