İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkə ailə möhkəmliyinə təhlükədir? - rəylər

497 02.03.2024 08:39 Sosial A A

Ekspertlər boşanma mədəniyyəti çatışmazlığından danışdılar; həm qadınlar, həm də kişilər ayrıldıqdan sonra bir-birilərini təhdid, təqib, şantaj edir...

Bəşəriyyət nə qədər inkişaf etsə də, boşanma mədəniyyəti, yaxud mədəniyyətsizliyi problemi günü bu gün də öz aktuallığını saxlayır. Az qala hər gün bu mövzuda bir və ya bir neçə xoşagəlməz, hətta üzücü, faciəvi xəbər eşidirik. Altını da çox vaxt ailədəki azyaşlı uşaqlar çəkir. 

Söhbət yalnız Azərbaycandan getmir. Müşahidələr göstərir ki, məsələn, qonşu Türkiyədə də bu xüsusda vəziyyət ürəkaçan deyil.

Bu arada Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib. Ölkənin baş naziri Akılbek Japarov bununla bağlı deyib: “Bəzi qadınlar qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar”.

Düzdür, baş nazirin təşəbbüsü hələ parlament tərəfindən qanuniləşməyib, amma istənilən halda maraqlı təklifdir.

Bəs bu, işin xeyrinə ola bilərmi? Niyə məhz boşanan qadınlara qadağa qoyulmalıdır? Bu cür inzibati yasalar çıxış yoludurmu?

Ümumiyyətlə, boşanma mədəniyyətinin qıtlığı və ya yoxluğu niyə ən çox müsəlman-türk toplumlarına xasdır? “Şərq mentaliteti” deyilən bir amil varmı? Sosial şəbəkələr doğrudanmı ailə institutuna, ailə möhkəmliyinə təhlükədir?

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, Azərbaycan cəmiyyəti uzun müddət ənənəvi cəmiyyət olub. Yəni cəmiyyətimizdə əsasən ənənələr üstünlük təşkil edib, daha çox ictimai qaydalar, stereotiplər, mental dəyərlər bu cəmiyyətin idarə olunmasında əsas aparıcı institutlar olub. Bu, bütün ənənəvi cəmiyyətlərdə belədir. 

Beləliklə də Azərbaycanda uzun müddət ənənəvi cəmiyyət olduğuna görə həm kişilər, həm də qadınlar tərəfindən boşanmalar çox pis qarşılanır, boşanmış qadınlara, kişilərə pis baxırdılar. Boşanma böyük bir faciə və ailə dramı kimi qəbul olunurdu. Bu vəziyyət sovet dövründən əvvəl də, sonra da belə idi. Ona görə də kişilər və qadınlar çalışırdılar ki, boşanmasınlar,  çünki belə olduqda onları böyük  ictimai qınaq gözləyirdi. 

Elə ki, sovet ittifaqı fiaskoya uğradı, Azərbaycan qlobal dünyaya açıldı, qapalı cəmiyyətdən açıq cəmiyyətə keçid baş verdi, bunun fonunda azərbaycanlılar xaricə gedib-gəldi, eyni zamanda xarici seriallar ölkəmizə ayaq açdı, bütün bunlar özləri ilə bərabər yeni dəyərlər, normalar, həyat tərzləri gətirməyə başladı. Nəticədə bu normalar, həyat tərzləri bizim ailə dəyərlərinə nüfuz etdi, dəyişikliklər baş verdi. 

Əvvəllər Azərbaycan qadını iqtisadi baxımdan əsasən kişidən asılı idi, cəmiyyətimizdə evdar qadın obrazı var idi,  qadınlar ictimai fəal olmadığına görə əmək məşğuliyyəti sahəsində daha çox yer almır, maddi baxımdan öz ayaqları üstə dura bilmirdi və buna görə  boşanmağa meyilli deyildilər. Elə ki, Azərbaycan müstəqillik əldə etdi, qadınlar iqtisadi fəal kütləyə çevrilməyə başladı, özləri öz ayaqları üstündə durmağa başladı, kişilərdən iqtisadi asılılıq aradan qalxdı. Yəni əvvəllər qadınlar düşünürdülər ki, əgər boşansalar, uşaqlarına, ona baxan, yaşamağa imkanı olmayacaq,  amma indi qadın iqtisadi müstəqillik  əldə etdikdən, əmək bazarında özünə yer tapdıqdan sonra düşünməyə başladı ki, ona ağır şərtlərlə ailədə yaşamaq heç də lazım deyil. Yəni qadınlar böhranlı anlarda boşanmağa qərar verdilər. Amma boşanmış qadınların həyat hekayələrinə baxsaq görərik ki, onların mütləq əksəriyyəti boşanmalardan böyük itkilərlə, o cümlədən mənəvi-psixoloji  itkilər, problemlərlə çıxır. Eləcə də kişilər. Bundan da çox problem isə uşaqların problemidir. Yəni uşaqlı ailələrdə boşanma  daha  böyük problemlər gətirir, çünki uşaqlar bir ömür travma ilə yaşayırlar".

Sosioloq qeyd edib ki, Azərbaycanda boşanma mədəniyyətinin yaranması üçün bir qədər zaman lazımdır: “Müstəqillik dövründən sonra kişilərdə də boşanmaya qarşı bəzi köhnə stereotiplər əriməyə, buna tolerant yanaşılmağa başlandı. Çox təəssüf ki, boşanmalardan sonra həm qadınlar, həm də kişilər bir-birilərini təhdid, təqib, şantaj edir ki, bu da  bəzən qətlə qədər aparıb çıxarır. Bunun qarşısını almaq üçün ölkədə Mediasiya Şurası yaradıldı. Bu qurum boşanma  təhlükəsi olan cütlüklərin münaqişəsiz, konfliktsiz, sivil qaydada boşanması, həm də nikah münasibətlərini həll etmək üçün bir sistemdir. Amma bütün bunlara baxmayaraq,  köhnə stereotiplərlə yeni çağırışlar arasında ziddiyyətlər var. Hələ ki Azərbaycan kişisi yeni çağırışlara uyğunlaşa bilmir, köhnə stereotiplər nəticəsində boşanmaya dözümlülük nümayiş etdirə bilmir. Eləcə də qadınlar. Belə ki, qadınlar da boşanmadan sonra uşaqlardan kişiyə qarşı silah kimi istifadə edir, onların atası ilə görüşməsinə imkan vermir və sairə. Burada ən çox zərbə alan isə uşaqlar olur. 

Bu baxımdan hesab edirəm ki, Azərbaycanda boşanma mədəniyyətinin yaranması üçün bir qədər zaman lazımdır".

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev 

Üzeyir Şəfiyev sosial şəbəkələrin ailə institutuna qarşı yarada biləcəyi təhlükələrdən də söz açıb: “Qardaş Türkiyədə sosial şəbəkə vahidlərinin fəaliyyətini tənzimləyən qanun qəbul edildi, çox yaxşı olardı ki, Azərbaycanda da bu cür qanun qəbul edilsin. Çünki sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, ora boz zonadır və istədiklərini yaza, istədikləri adamı təhqir edə bilərlər və  buna görə heç bir hüquqi məsuliyyət daşımayacaqlar. Bu baxımdan yaxşı olardı ki, Azərbaycanda da ayrıca bir qanun yaradılsın. Bəli, Qırğızıstanda təklif olunan qaydanın ölkəmizdə tətbiq edilməsi də təqdirəlayiq olardı. 

Araşdıranda məlum olur ki, boşanma səbəblərinin çoxunda xəyanət faktoru var. Xəyanət faktoru da əsasən sosial şəbəkələr, burada yazışmalar vasitəsilə üzə çıxır. O demək deyil ki, əvvəllər xəyanət faktoru olmayıb, əlbəttə ki olub, sadəcə, sosial şəbəkələr xəyanət üçün münbit şərait yaradır və aşkara çıxmasına da yardımçı olur. Bu baxımdan, bəli, sosial şəbəkə vahidləri ailə institutuna, ailə möhkəmliyinə təhlükə yarada bilir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR