İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İran sabahdan Azərbaycanla sərhəddə təlimə başlayır

4000 16.10.2022 22:47 Son xəbər A A

"Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu, region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz".

Musavat.com xəbər verir ki, bunu SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian bu gün İran silahlı qüvvələrinin Araz bölgəsində təlim keçirməsi ilə bağlı SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşündə deyib.

"Builki hərbi təlimlərimiz ötən ilkilərdən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyid yanaşa bilmərik", - deyə Əliəkbər Purcəmşidian əlavə edib.

İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər isə bildirib ki, İran sabahdan Araz çayı kənarında hərbi təlimə başlayır:

"SEPAH-ın Quru Qoşunlarının bacarıqlarının nümayiş etdirilməsi məqsədilə hərbi təlimlərin əsas mərhələsi sabah "Qüdrətli İran" şüarı ilə başlayacaq".

Sözügedən təlim SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək.

"Helikopterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi adıçəkilən təlimin müxtəlif mərhələlərini təşkil edir" - deyə SEPAH rəsmisi əlavə edib.

BİZİM ŞƏRH: 

30 il Azərbaycanla dövlət sərhədi nəzarətsiz zonaya çevrildi, qanunsuz silahlı birləşmələr, qaçaqmalçılar, narkotik və silah alverçiləri və s. Amma İran bundan narahat kimi görünmədi, nə sərhədi gücləndirdi, nə təlimlər keçirdi, nə də "sərhəd toxunulmazlığı qırmızı xəttimizdir" dedi. Əksinə, "qırmızı xətt"i pozan işğalçılarla əlbir olub, bu ərazilərin talan olunmasında iştirak etdi. İran bu gün də öz siyasətini davam etdirir. Baxmayaraq ki, Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə məscidləri dağıdıb, İslam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv edib. İran Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra regionda yaranmış yeni reallığı qəbul etmək istəmir. 

İndi İran sərhədində qanunsuz terrorçu dəstələr yox, Azərbaycanın nizami silahlı qüvvələri və sərhədçiləri keşik çəkir. Bu panika, təlimlər, təhdid dolu açıqlamalar nədir?

İranda yalnız bölgələrdə deyil, artıq paytaxt Tehranda da qanlı iğtişaşlar davam edərkən, İran hakimiyyəti niyə diqqəti real daxili problemlərə deyil, Azərbaycanla sərhəddəki "uydurma problemlərə" yönəldir? Öz vətəndaşlarının dinc etiraz və fundamental hüquqları müdafiə etmək hüququnu tapdayan İran daxili problemlərdən fikir yayındırmaq istəyirsə, başqa istiqamətlərə üz tutsun, Azərbaycan bunun üçün uğurlu seçim deyil. 

Zorakı repressiya həyata keçirən İranın təhdidləri bir daha Azərbaycana real münasibəti göstərir – qonşu ölkə güclü Azərbaycan görmək istəmir. Bunu ölkəmizdə İrana simpatiya bəsləyənlər də bir daha görsün! Bu, Azərbaycanda "5-ci kolon"u birdəfəlik təmizləməyin qaçılmaz olduğunu bir daha sübut edir. 30 il ərzində İran Azərbaycanı din adı altında işğal etməyə səy göstərib. Buna Xomeyni adına İmdad Komitəsinin, Seyid Əli Əkbər Ocaqnejadın fəaliyyətini misal göstərmək olar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR