İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil ekspertləri arasında fikir ayrılığı: kolleclərin aqibəti necə olsun...

1611 09.02.2024 16:42 Təhsil A A

Son günlər kolleclərdə yeni ixtisasların yaradılması ilə bağlı müzakirələr aparılır. Təhsil ekspertləri arasında bununla bağlı fikir ayrılıqları yaranıb. Bəzi ekspertlər hesab edir ki, kolleclər ayrıca struktur olmalı deyil.

QAFAR .png (435 KB)

“Yeni Müsavat”a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, dünya təhsil sistemindəki kolleclərlə bizim təhsil sistemində olan kolleclərin statusunda ciddi fərq var:

“Dünya təhsil sistemində kolleclər bizim peşə məktəblərinin, peşə liseylərinin statusunu daşıyır. Dünya təhsil sistemində bizdə olduğu kimi orta ixtisas ayrıca pillə deyil. Burada subbakalavr təhsili ali təhsilin birinci səviyyəsində həyata keçirilir. Orada ali təhsilin 4 səviyyəsi var - subbakalavr, bakalavr, magistratura, doktorantura. Bizdə də 2018-ci ildən başlayaraq peşə təhsilində aparılan islahatlar öz nəticəsini verməkdədir. Hansı ki, bizdə yeni formada, yeni məzmunda peşə təlimi mərkəzləri yaradılıb. Fikrimcə, biz də dünya təhsil sisteminə inteqrasiya olunaraq kolleclərlə bağlı qərar verməməliyik. Bunlar universitetlərə birləşdirilməlidir. Hesab edirəm ki, ayrıca struktur olmalı deyil”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən tam anlaşılmır:

“Buna görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var. Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir”.

Təhsil eksperti Kamran Əsədov Musavat.com-a mövzu ilə bağlı deyib ki, hazırda ictimaiyyətdə universitet ilə peşə məktəbi anlayışı dəyişik salınır:

“Universitetin əmək bazarının çevik dəyişikliklərinə uyğunlaşması mümkün deyil. Çünki universitet akademik bilik verir və ən azı elmi-tədqiqat işləri nəticəsində əldə edilmiş nəticələri öyrədir. Yəni universitetin bütün təhsil alanları məzun olan kimi iş tapmalıdır deyə bir mexanizm yoxdur və ola da bilməz. Çünki universitetin verdiyi informasiyalar köhnə informasiyalardır. Peşə təhsili isə az qala hər gün yenilənə bilər və yenilənir. Müqayisə üçün deyək, universitet kompüter mühəndisi ixtisası üzrə kadr hazırlamaq üçün 4 il vaxt və ümumilikdə 12 000 manat sərf edir, peşə təhsili isə kompüter sistemləri üzrə mütəxəssisi 6 aya hazırlayır və 800 manat vəsait xərcləyir, hansısa bir kompüter hazırlığı kursu isə 3 ay vaxt və 150 manata bu işi görür. Başqa bir misal, bir ixtisaslı jurnalist olmaq üçün kimsə 4 il oxuyur, vəsait xərcləyir, kimsə başqa bir sahədən gəlib jurnalist kimi fəaliyyət göstərir. Bu iki nümunədə sizcə, hansı mütəxəssis daha tez və yaxşı maaşa iş tapacaq? Mənim bir qonşum var idi, məktəbi güclə qurtarmışdı. İndi çox yaxşı avtomobil ustasıdır. Maşınqayırma ixtisasını bitirən onun bildiyini bilmir. Başqa bir tanışım məktəbdə fizikanı bilmirdi, amma indi yaxşı elektrikdir. Digər biri yaxşı ustadır, bənna. Yəni biz bilik və bacarığı qarışdırmayaq. Baxın, cəmiyyətin qarışdırdığı nəticədir. Yəni biz deyirik ki, məzun işlə təmin olunsun. Bəli, yekunda nəticə bu olmalıdır. Amma peşəkar mütəxəssis kim olacaq?”

1545286753_kamran-sdov-21.jpg (174 KB)

Ekspert əlavə edib ki, bu gün Azərbaycan universitetlərinin ciddi şəkildə innovativ yenilik problemi var:

“Yenilik universitetlərin təmir olunması deyil, yenilik yaxşı laboratoriyadır, yaxşı elektron kitabxanadır, yaxşı tədqiqat və təcrübə mərkəzidir. Bunlar bizim hansı universitetdə var və yaxşı vəziyyətdədir? Bir də, heç də hamı universitetdə pulsuz təhsil almamalıdır. Yəni 400, 500, 600 bal toplayan da, 180, 200 bal toplayan da pulsuz oxumamalıdır. Biz sərmayəni onu kadr kimi geri qaytarma potensialı olana qoymalıyıq ki, rəqabət olsun. Kimsə 600 balla pullu tibb, hüquq ixtisasında oxumalı, kimsə də 180 balla başqa bir ixtisasda pulsuz təhsil almamalıdır. Dövlət istedadlı gənclərin təhsilinə dəstək verməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR