İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏSDİQLƏNDİ! İnsan beyninə çip taxılacaq

1426 27.05.2023 16:15 Texnologiya A A

ABŞ-lı milyarder iş adamı İlon Maskın beyin implantı şirkəti Neuralink ilk dəfə beyin çipini insanlar üzərində sınaqdan keçirmək üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alıb.

Musavat.com xəbər verir ki, şirkətin sosial media hesabında verilən açıqlamada FDA-nın təsdiqi "bir gün çox sayda insana kömək edəcək vacib bir addım" olaraq xarakterizə edilib.

İlon Mask 2019-cu ildən etibarən deyir ki, onun şirkətinə layihə üçün insanlar üzərində klinik sınaqlara başlamağa icazə verilməlidir və o, "iflic və korluq kimi ciddi xəstəlikləri müalicə edəcəyinə" inanır. İş adamı keçən il verdiyi açıqlamada implantın etibarlılığına tam əmin olduğunu vurğulayaraq, onu hətta öz uşaqlarına taxmağa icazə verə biləcəyini bildirmişdi. 

Neuralink iddia edir ki, beyinə yerləşdirilmiş çip ilə onlar piylənmə, autizm, depressiya və şizofreniya kimi xəstəlikləri müalicə edə bilirlər.

Şirkət 2018-ci ildən keçirdiyi təcrübələrdə heyvanlardan istifadə edir. İddialara görə, indiyədək sınaqlarda istifadə edilən qoyun, donuz və meymun da daxil olmaqla təxminən 1500 heyvan tələf olub. Nəhayət, meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları müvəffəqiyyətlə cihazlara ötürə bilib.

Digər tərəfdən, Neuralink hazırda ABŞ Kənd Təsərrüfatı Departamentinin Baş Müfəttiş Ofisi tərəfindən potensial heyvan rifahı pozuntularına görə təhqiqat altındadır.

Qeyd edək ki, 2016-cı ildə qurulan Neuralink ilk dəfə ötən ilin əvvəlində FDA-nın təsdiqi üçün müraciət etmişdi və agentlik bəzi çatışmazlıqları əsas gətirərək müraciəti rədd etmişdi. 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR