İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ağ Evə "səlib yürüşü" elan etdi: Baydenin şansı "savaş bataqlığı"na düşüb

2252 04.01.2024 17:57 Analitika A A

ABŞ-da növbəti prezident seçkilərinin sərt və amansız qarşıdurma şəraitində keçəcəyini, taleyüklü xarakter daşıyacağını elə indidən də təxmin etmək mümkündür... Əgər, Ukrayna güzəştə gedərsə və Rusiya ilə sülh sazişi baş tutarsa, prezident Co Bayden Ağ Evin keçmiş sahibi Donald Tramp üzərində qələbə şansı əldə edə bilər...

Ukrayna savaşında durğunluq vəziyyəti arxa plana keçir. Hazırda hərbi əməliyyatların yenidən aktiv fazaya keçməkdə olduğu müşahidə edilir. Ukrayna ordusunun əks-hücum əməliyyatlarının iflasa uğraması savaş poliqonunda situasiyanı ciddi şəkildə dəyişməyə başlayıb. Hər halda, Rusiya ordusunun tədricən yenidən müdafiədən hücum taktikasına keçməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Və bu, böyük ehtimalla yaxın vaxtlarda siyasi-diplomatik məkanda da öz təsirini göstərə bilər.

Məsələ ondadır ki, ABŞ və Qərbin Ukraynaya hərbi yardımının azalması Rusiyanın savaş meydanında təşəbbüsü ələ keçirməsinə geniş imkanlar açıb. Ona görə də, Kreml bu fürsətdən maksimum səviyyədə istifadə etməyə çalışır. Rusiya Ukrayna savaşında daha böyük üstünlük qazanmaq üçün israrlı cəhdlər göstərir. Əsas məqsəd isə məhz yaxın vaxtlarda sülh danışıqları başlayacağı təqdirdə, Rusiyanın şərtlərinin qeyd-şərtsiz qəbul edilməsinə nail olmaqdır.

ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948 (1).jpg (101 KB)

Kremldə artıq anlayırlar ki, ABŞ və Qərb Ukraynanı taleyin ümidinə buraxmağa başlayıb. Belə vəziyyətdə Rusiya köməksiz Ukraynanı məğlub etmək şansını sınaqdan çıxartmaq niyyətinə düşüb. Bu baxımdan, Ağ Ev təmsilçilərinin Rusiyanı sülh danışıqlarından yayınmaqda suçlaması tamamilə absurd görünür. Çünki indiki situasiyanın əsas günahkarı və səbəbkarı da elə məhz ABŞ və Qərb hesab olunur. Çünki Qərbin rəsmi Kiyevə vəd etdiyi hərbi dəstək hazırda göstərilmir və Ukrayna Rusiya qarşısında demək olar ki, aciz durumda buraxılıb.

Hətta vəziyyət o qədər böhranlı xarakter daşıyır ki, Ukrayna rəsmiləri bu barədə artıq açıq danışmaq məcburiyyətində qalıblar. Bu ölkənin xarici işlər naziri Dmitro Kuleba Ukraynanın Qərbdən hərbi yardımların kəsilməsinin savaş meydanında fəlakətə yaxın vəziyyət yaratdığını etraf edib. Ancaq o, əlavə edib ki, Ukraynanın hadisələrin belə inkişafına qarşı "B" planı mövcud deyil. Və rəsmi Kiyev hələ də "A" planının effektiv xarakter daşıyacağına, yəni, Qərbin yardımlarının davam edəcəyinə ümid bəsləyir.

Ancaq rəsmi Kiyevin bu ümidlərinin özünü doğrultma ehtimalı o qədər də yüksək deyil. Çünki Bayden administrasiyası Ukraynaya hərbi dəstək üçün ayrılmış maliyyə resurslarının tükəndiyini artıq rəsmən bəyan edib. Bu bəyanat isə öz növbəsində Kremlin əl-qolunu açıb. ABŞ Ukrayna kimi önəmli bir dövləti böyük fəlakətlərə sürükləyib, sonra da sakitcə kənara çəkilməyə başlayıb. Bu baxımdan, indiki situasiyada Ukraynanın üzləşdiyi bütün faciələrin əsas mənbəyi məhz ABŞ-ın bu ölkəni öz maraqlarına alət edib, qurban verməsi ilə birbaşa bağlıdır.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

ABŞ Konqresinin Ukraynaya hərbi dəstək üçün maliyyə vəsaiti ayrılmasına səs verəcəyi hələlik o qədər də inandırıcı görünmür. Çünki ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə qalib gəlməyi hədəfləyən respublikaçılar məhz Ukrayna savaşına xərclənən fantastik maliyyə vəsaitini Bayden administrasiyasına qarşı əsas ittiham mövzusuna çevirməyə çalışırlar. Belə vəziyyətdə respublikaçıların bu məsələ ilə bağlı Bayden adminstrasiyasına qarşı öz ittihamlarından geri çəkilib, Ukraynaya hərbi yardımların önünü açacaqlarına inanmaq çox çətindir. Əgər belə addım atarlarsa, bu, respublikaçıların seçki təbliğatı ilə ziddiyyət təşkil edər və seçici səslərinin itirilməsinə səbəb olar.

Halbuki Ağ Ev təmsilçiləri Ukraynanın düşdüyü durumu və Rusiyanın aqressiv davranışlarını ön plana keçirtməklə, ABŞ Konqresində üstünlükdə olan respublikaçıları məhz bu mövzu üzərindən şantaj etməyə çalışırlar. Ancaq seçki ilində respublikaçıların belə siyasi şantaja əhəmiyyət verəcəkləri də qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Bayden adminstrasiyası hazırda Ukraynaya hərbi yardımlara maliyyə qaynağı açmaq məsələsində böhranlı situasiya ilə üzləşmiş kimi görünür.

Ona görə də, hazırda Bayden adminstrasiyası üçün Ukrayna savaşında sülh mərhələsinin başladılması həlledici siyasi manevr təsiri bağışlayır. Bəzi məlumatlara görə, ABŞ prezidenti Co Bayden mövcud situasiyadan məhz ukraynalı həmkarı Volodimir Zelenskinin güzəştlərə məcbur edilməsi çıxmağa çalışır. Əgər, o, Ukrayna və Rusiya arasında sülh sazişinə nail olarsa, növbəti prezident seçkilərində Ağ Evin keçmiş sahibi Donald Tramp üzərində qələbə qazanmaq şansı əldə edə bilər.

9b58bdb4982b6d86e0c984cff2f87cd2.jpg (101 KB)

Məsələ ondadır ki, əgər, Ukrayna Rusiyanın şərtləri qarşısında güzəştli mövqe tutarsa, sülh sazişinin imzalanması tamamilə mümkün görünür. Bu halda isə respublikaçıların prezidentliyə namizədi Donald Trampın ittihamları üçün əsas səbəblər aradan qalxar və Ağ Ev sahibi Co Baydenin ictimai reytinqi indikindən daha pozitiv məzmun daşıyar. Və nəticədə prezident Co Baydenin seçkilərdə qələbə şansları barədə daha ümidverici iddialar irəli sürmək imkanları da yaranar.

Keçmiş prezident Donald Tramp isə Ağ Evin indiki sahibi Co Baydenə qarşı "xaç yürüşü"nə start verdiyini rəsmən bəyan edib. Donald Trampın fikrincə, onun prezident seçkilərində iştirakı Ağ Ev sahibi Co Bayden tərəfindən iflasa uğradılmaqda olan ABŞ demokratiyasının xilas edilməsi baxımından, həlledici xarakter daşıyır. Və bu baxımdan, ABŞ-da növbəti prezident seçkilərinin sərt qarşıdurma şəraitində keçəcəyini elə indidən təxmin etmək də mümkündür.

Onu da qeyd etmək lazımdır ki, Bayden adminstrasiyası da respublikaçıların aqressiv seçki təbliğatını cavabsız biraxmaq niyyətində deyil. Belə ki, Ağ Ev təmsilçiləri respublikaçıların seçkilərdə qələbə şansından ciddi şəkildə narahat olduqlarını gizlətməkdə çətinlik çəkirlər. Hətta bu narahatlıq siyasi rəqibin müxtəlif administrativ metodlarla küncə sıxışdırılmasına qədər inkişaf edib. Belə ki, prezidentliyə əsas iddiaçı Donald Trampın ABŞ-ın iki ştatında seçkilərə qatılmaq hüququ məhkəmə qərarı ilə bloklanıb. Və bu, seçkilərin nəticələrinə kobud müdaxilə cəhdi kimi də xarakterizə oluna biləcək addımdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR