İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ekspertləri yanıltdı 

256 30.06.2026 14:51 Dünya A A

ABŞ-də İranla əldə olunan atəşkəsdən sonra yanacağın qiymətinin kəskin artacağı gözlənilsə də, proses əks istiqamətdə inkişaf edib.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Saytın yazdığına görə, ABŞ və İran arasında əldə olunan kövrək razılaşmadan sonra benzinin qiyməti son bir ayda hər qallon üçün 70 sent ucuzlaşıb. Hazırda neftin bir barelinin qiyməti ABŞ və İsrailin İrana zərbələr endirməsindən əvvəlki səviyyəyə yaxınlaşıb.

Bir çox enerji eksperti müharibənin neftin qiymətini 150 dollara, benzinin isə 5 dollara qədər bahalaşdıracağını proqnozlaşdırırdı. Lakin bu gözləntilər özünü doğrultmayıb.

Enerji bazarı üzrə ekspert, keçmiş prezident Corc Buşun müşaviri Bob MakNalli bildirib ki, bazar analitiklərinə öyrətdiyi əsas dərslərdən biri təvazökarlıqdır. Bununla belə, o, atəşkəsin hələ də kövrək olduğunu və yaxın həftələrdə qiymət artımının yenidən mümkünlüyünü istisna etməyib.

Məqalədə vurğulanır ki, yanacağın ucuzlaşması Prezident Donald Tramp və Respublikaçılar Partiyası üçün mühüm siyasi üstünlük sayılır. Çünki qarşıdan gələn aralıq seçkilər ərəfəsində seçiciləri ən çox narahat edən məsələlərdən biri məhz yaşayış xərcləridir.

Respublikaçı politoloq Frenk Luntsa görə, qiymətlərin indiki səviyyədə qalması Trampın seçkilərdə mümkün itkilərini azalda bilər. Lakin onun sözlərinə görə, seçicilərin iqtisadi əhval-ruhiyyəsi əsasən avqusta qədər formalaşır və sentyabr-oktyabr aylarında baş verəcək dəyişikliklərin siyasi təsiri xeyli zəif olacaq.

Tramp isə sosial şəbəkədə paylaşım edərək "Benzinin qiyməti sürətlə aşağı düşür!" yazıb və amerikalıları ekspertlərə deyil, özünə inanmağa çağırıb.

Qiymətlərin gözləniləndən aşağı düşməsinin əsas səbəbləri arasında Çində neftə tələbatın azalması, Hörmüz boğazından tankerlərin hərəkətini davam etdirməsi və bazarın müharibə risklərini tam qiymətləndirməməsi göstərilir.

Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, vəziyyət hələ də sabit deyil. Son günlər İranın iki gəmiyə hücum etdiyi, ABŞ-ın isə cavab zərbələri endirdiyi bildirilir. Kpler şirkətinin məlumatına görə, iyunun 24-də Hörmüz boğazını tərk edən gəmilərin sayı 57 olduğu halda, iyunun 28-də bu rəqəm 12-yə düşüb.

Ekspertlər hesab edirlər ki, neft bazarında mövcud ucuzlaşma uzunmüddətli olmaya bilər və regiondakı gərginliyin yenidən artması qiymətlərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR