İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp fenomeni – Eks-prezident güclənə-güclənə gəlir

1679 22.01.2024 11:42 Analitika A A

ABŞ tarixində ilk dəfədir ki, prezident seçkisi bu qədər mübahisəlidir: prosesin gedişatına dair aydın təsəvvürlər yoxdur, seçkinin sonunun necə olacağı qeyri-müəyyəndir.

İlk dəfədir ki, seçki yarışının əsas fiqurantları 80 yaşlı qocalardır.

Eks-prezidentin 4 il aradan sonra yenidən prezident olmaq istəməsi də ilk dəfədir.

Corc Vaşinqtondan bəri ABŞ xalqının növbəti prezidentin kimliyinə dair rəyi ilə siyasi elitanın rəyinin kəskin ziddiyyət təşkil etməsi ilk dəfə müşahidə olunur.

Elə ən əsası da budur. İndiyədək siyasi elita, senatorlar, konqresmenler, milyarderlər, generallar, MKİ başbilənləri xalqa kimin seçilməsini məsləhət görürdülərsə və ya kimin seçilməsinə etiraz etmirdilərsə, o adam seçilirdi.

İndi ABŞ-ın əsas siyasi institutları, necə deyərlər, “dərin dövləti” Donald Trampa qarşı olsa da, eks-prezidentin müxtəlif ştatlarda xalq tərəfindən dəstəklənməsi fakt olaraq göz deşir. Ona yaradılan bütün siyasi və hüquqi maneələrə baxayaraq, Tramp Respublikaçılar partiyasının ən favorit namizəd olaraq qalır.

Prinsipcə, respublikaçılar builki seçkilərə daha gənc bir namizədlə - ya təmiz reputasiyalı senatorla, ya da məşhur ştatlardan birinin 45-50 yaşlı qubernatoru ilə qatılmalı və qalib gəlməli idilər. Əslində ortada elə bir namizəd var. Florida ştatının qubernatoru Ronald DeSantis bütün parametrlər üzrə ABŞ-ın yeni prezidenti seçilə bilərdi. Fəqət “Tramp fenomeni” ona mane olur.

Belə bir halın yaranması da ABŞ-da ilk dəfədir. Nə respublikaçılar, nə də demokratlar heç vaxt belə bir dirəşkən və xalq tərəfindən sevilən yaşlı namizədlə üzləşməyiblər.

Xalqın Trampa rəğbəti onun yıpranmış siyasi sistemdən kənarda olması, ənənəvi idarəetmə qaydalarına qarşı çıxması, ekstravaqantlığı ilə bağlıdır. Tramp siyasətin Elvis Preslisidir. Məşhur estrada ulduzu necə özündən əvvəlkilərin yolundan imtina edərək, tamamilə yeni stil yaratmış və öz qeyri-standart hərəkətləri ilə milyonların sevimlisinə çevrilmişdisə, Tramp da bənzər qeyri-standart açıqlama və hərəkətləri ilə xalqın gözünə girməyi bacarıb.

O, sələflərindən fərqli olaraq ABŞ-ın dünyanın yerdə qalan dövlətlərinin daxili işlərinə burun soxmasını, harada bir münaqişə varsa, orada peyda olmasını, tərəfə çevrilməsini istəmir. Belə görünür ki, artıq Amerika xalqı dövlətlərinin dünya jandarmı rolu oynamasını istəmir.

Tramp xalqın daha nələri istəmədiyini də yaxşı bilir, ona görə də Meksikadan, digər Mərkəzi və Cənubi Amerika ölkələrindən, eləcə də bütün dünyadan Birləşmiş Ştatlara axışan mühacirlərə qarşı çıxışlar edir, onların önünə siyasi baryerlər və hasarlar çəkilməsini prioritet sayır və... sevimli olur.

Reallıq budur ki, Tramp yenidən prezident seçilərsə, ABŞ əhalisi bəlkə də indikindən daha yaxşı yaşaya bilər, amma bu ölkə dünya hegemonu statusundan məhrum olar, Rusiya və Çin ondan üstün hala gələr.

ABŞ siyasi elitası isə buna yol vermək istəmir, anlayır ki, bu, ölkə üçün yaxşı perspektiv vəd etmir.

Artıq Tramp özü müxtəlif ştatlardakı ilkin seçkilərdə ard-arda uğurlu nəticələr əldə etməsindən sonra havaya girib, əsas siyasi rəqibi Nikki Heylini vitse-prezident təyin etməyəcəyini bildirib. Bu, “öldürülməmiş ayının dərisini bölmək” məsələsinə oxşasa da, Trampn özgüvənindən xəbər verir.

ABŞ mediası əvvəlcə DeSantisin, daha sonra isə Heylinin şanslarını yüksək qiymətləndirir, bir az da şişirdərək onların Trampdan önə qoymağa çalışırdılar, amma Tramp buldozer kimi önünə çıxan maneələri kürüyüb kənara ata-ata gedir.

İndiyədək ABŞ-da heç bir prezidentliyə namizəd bu qədər açıq şəkildə irqçilikdə, ksenofobiyada ittiham olunmayıb. Məhz Tramp belə ittihamlara məruz qalır və buna baxmayaraq, ən şanslı namizəd olur.

Bunun tarixdə olduqca neqativ analoqları var. Ötən əsrin 30-cu illərinin əvvəlində Almaniya xalqı bu ovqatda olub, Hitleri və dövlət nasizmini dünyanın başına bəla edib.

Trampın qarşısını almaq, onu sıradan çıxarmaq üçün yalnız iki yol var. Onlardan biri, güman ki, nəzərdən keçirilməyəcək. Ancaq Trampa qarşı irəli sürülmüş hüquqi ittihamlarla onu seçkidən kənarlaşdıra bilərlər. Onda da ABŞ-ın demokratik reputasiyası zədələnəcək, dünyanın başqa yerlərindəki diktatura rejimlərinin dilində-ağzında qalacaq.

Üstəlik, Tramp artıq xəbərdarlıq edib ki, əgər onu seçkilərdən kənarlaşdırmaq və ya seçkidə iştirak imkanından məhrum etmək cəhdləri olarsa, o, öz tərəfdarlarını iğtişaşlara çağıra bilər.

O, bunu bir dəfə təcrübədən keçirib - 2021-ci ilin yanvarında onun tərəfdarları Kapitoli təpəsindəki Konqres binasını ələ keçirməyə cəhd etmişdilər.

Üçüncü yol isə seçkinin nəticələrini saxtalaşdırmaqdır. Ancaq ABŞ kimi ölkədə bunu etmək çox müşkül məsələdir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR