İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ilginc Ukrayna şərti - Rusiya qadağan olunmuş silahlara keçib?

1019 04.05.2024 08:13 Siyasət A A

“Mən Avropanın Ukraynaya hərbi yardımın həcmini artırmasını gözləyirəm. Bu, Amerikanın verdiyi məbləğlərə uyğun olmalıdır, əks halda ABŞ dəstəkdən imtina edəcək”.

Bunu Ağ Evin keçmiş rəhbəri, prezidentliyə respublikaçı namizəd Donald Tramp “Time” jurnalına eksklüziv müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ və Avropa “hesabı bərabər çəkməlidir”. 

“Avropa Ukraynaya bərabər hesab ödəməsə, mən pul verməyəcəyəm. Avropa ödəmək niyyətində deyilsə, biz niyə ödəməliyik?” - Tramp vurğulayıb və əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa üçün daha böyük nəticələr vəd edir, nəinki bütöv bir okeanla ayrılmış uzaq ABŞ üçün. Tramp haqlımı? Bu ABŞ-ın savaşı deyil ki? O, təzədən prezident olsa, Ukraynanı, Avropanı nə gözləyir? 

Bu arada ABŞ Dövlət Departamenti bildirib ki, Rusiya Kimyəvi Silahlar haqda Konvensiyasını pozaraq, Ukrayna qüvvələrinə qarşı xloropikrin kimyəvi silahından istifadə edib. Departament iddia edir ki, Moskva müharibə aparmaq üçün qıcıqlandırıcılardan da istifadə edib ki, bu da həmin Konvensiyaya ziddir. Bəyanatda həmçinin bildirilir ki, Rusiya tərəfinin kimyəvi maddələrdən istifadə etməsi ilk hadisə deyil. Departament güman edir ki, bu yolla rus qoşunları Ukrayna silahlı qüvvələrini möhkəmləndirilmiş mövqelərdən sıxışdırıb çıxarmaq və döyüş meydanında taktiki irəliləyiş əldə etmək istəyib. Moskva qadağan olunmuş silahlaramı keçib? Kimyəvi silahların tətbiqi vəziyyəti necə dəyişə bilər? Ukrayna da eyni taktikaya keçsə, nə olacaq?

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov: “Tramp Qərbi şantaj edir”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Donald Tramp ziddiyyətli və avantürist siyasətçidir: “Onun prezidentliyi dövründə ABŞ-la müttəfiqləri arasında ciddi narazılıqlar yarandı, bəzən bu hətta dövlətlərarası skandala çevrildi. Sabiq prezidentin Ukrayna-Rusiya müharibəsinə də baxışları ziddiyyətlidir. O, bundan əvvəl bildirirdi ki, mən ABŞ prezidenti olaramsa, müharibəni bir həftəyə dayandıraram. Qərbdə onu Rusiyaya simpatiyası olan bir siyasətçi kimi tanıyırlar. Xatırlayırsınızsa, Tramp NATO üzvlərindən alyansa və hər ölkənin öz ordusuna ayrılan hərbi xərcləri artırmasını da təkidlə tələb edirdi. Bu tələb isə NATO daxilində etirazlar doğurdu. Donald Tramp ”ABŞ-la Avropa hesabı bərabər çəkməlidir, yoxsa mən pul verməyəcəyəm" fikirlərini işlətməklə Qərbi şantaj edir, Birləşmiş Ştatlardan daha çox asılı vəziyyətə salmaq məqsədi güdür. Qərb onsuz da bu müharibədə ciddi itkilərə məruz qalmaqdadır. Rusiya Qərb üçün həm zəngin xammal mənbəyi, həm də böyük bir bazar idi. Ukraynanın özünün də potensialı heç də zəif deyildi. Qərbin sanksiyaları təkcə Rusiya iqtisadiyyatına deyil, Qərb iqtisadiyyatına da xeyli mənfi təsir göstərdi. Ukraynadan müharibə zamanı köç edən milyonlarla qaçqının böyük hissəsi Qərbdə sığınacaq tapıb. Bu hallar da təbii ki humanitar və sosial problemlərə yol açıb. Məncə, Rusiya ilə Ukraynanın müharibəsi ABŞ-a lazımdır. Ona görə də, müharibə uzandıqca Qərbdə müharibəyə qarşı cəmiyyətdə və siyasi kluarlarda fikirlər haçalaşmaqdadır. Fransanın üzdə Ukraynaya ordu yeritməklə bağlı bəyanatlarına baxmayaraq gizli olaraq Moskva ilə dil tapmağa çalışır. Son dövrlər Ukrayna-Rusiya müharibəsi ilə bağlı Qərb və Qərb təşkilatlarının iki aparıcı dövləti Almaniya ilə Fransa arasında ciddi fikir ayrılıqlarının olduğu çox aydın şəkildə özünü büruzə verir. Həmin fikir ayrılıqları Cənubi Qafqaza, xüsusən də Ermənistan-Azərbaycan münasibətinin normallaşmasında da açıq-aydın hiss olunur. Heç kəsə sirr deyil ki Ukrayna-Rusiya müharibəsinin necə nəticələnməsi dünya düzəninin kökündən dəyişməsinə, avtoritar və diktatura rejimlərinin güclənməsinə və təsirinin artmasına gətirib çıxaracaq. Bu gün Rusiyaya dəstək verən ölkələr də məhz avtoritar və totalitar rejimlərdir. İranın, Çinin, Şimali Koreyanın simasında bunu görmək mümkündür. Tramp isə bu müharibəyə siyasətçi kimi yox, biznesmen kimi yanaşır. O, kommersant olduğu üçün siyasəti də həmişə biznes qayda-qanunlarına tabe etdirməyə çalışıb. Məqsədinə çatmaq üçün zaman-zaman şantaj etməkdən, hədələməkdən, saxtakarlıqdan və güc tətbiq etməkdən belə çəkinməyib. Beynəlxalq sülhün və təhlükəsizliyin, həmçinin demokratik dəyərlərin qorunmasında üzərinə böyük məsuliyyət götürən Birləşmiş Ştatlar Ukraynanın Rusiya üzərində qələbəsini nəyin bahasına olursa olsun, mütləq şəkildə təmin etməlidir". 

Ekspert onu da qeyd etdi ki, bu müharibə regional mahiyyətini çoxdan itirərək qlobal xarakter alıb: “Aydındır ki, əgər ABŞ dəstəyini kəssə və yaxud bu dəstəyi azaltsa, Ukrayna dünyanın ikinci ordusuna sahib olan Rusiyanın qarşısında çox duruş gətirə bilməz. Hesab edirəm ki, Ukrayna xalqı dünyada demokratiyanın, sülhün, təhlükəsizliyin qorunmasında ABŞ-dan və Qərbdən daha çox bədəl ödəyir. Yüzlərlə yaşayış məskənləri dağıdılıb, xarabalığa çevrilib, iqtisadiyyatı məhv edilib, insanları qaçqın düşüb, yüz minlərlə qurban verib. Nə üçün edir bunları? ABŞ-ın dünya ağalığını daha da möhkəmləndirmək, yaxud da Trampın ölkəsinə milyardlar qazandırmaq üçünmü edir. Odur ki, Trampın söylədiyi fikirləri absurd, ədalətsiz hesab edirəm. Ukraynaya nüvə silahlarını ölkədən çıxarılması üçün təhlükəsizliyinə təminat verən ölkələrdən biri kimi ABŞ müqavilədən gələn və beynəlxalq öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməlidir. Hər şey pulla ölçülmür. Trampın tələbləri ABŞ-ın beynəlxalq nüfuzuna və təsirinə də ağır zərbə vurardı. Müharibənin həlledici mərhələyə qədəm qoyduğu, Rusiyanın daha da azğınlaşaraq qadağan olunmuş silahlardan istifadə etdiyi bir məqamda Ukraynanı daha çox və effektli müdafiə etmək lazımdır. Moskva tükənmək üzrədir. Çin olmasa Rusiya çoxdan bu müharibəni uduzmuşdu. Amma bununla kimyəvi silah ataraq cəbhədəki vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Moskva müharibə başlayandan heç bir beynəlxalq qanunlara əməl etməyib. Rusiya Beynəlxalq Humanitar Hüququ pozaraq Ukraynanın infrastrukturunu, mülki obyektlərini, yaşayış binalarını, dinc sakinlərini hədəfə alaraq daha çox dağıntılar və tələfatlar törədir. Rəsmi Moskva təkcə Kimyəvi Silahlar haqqında Konvensiyanı deyil, eyni zamanda Beynəlxalq Humanitar Hüququ, o cümlədən ”Haaqa hüququnu" və “Cenevrə Konvensiyası”nı kobud şəkildə pozmaqla hüquqi məsuliyyət daşıyır. Zənn etmirəm ki, Ukrayna belə bir üsula əl ataraq kimyəvi silahdan istifadə etsin. Qarşılıqlı olaraq belə silahların tətbiqi daha çox itkilərə yol açardı. Ukrayna müharibəni müharibə qanunlarına uyğun aparır. Kiyevin Rusiya ərazilərinə pereventiv zərbələri də onun ədalətli müharibəsinə haqq qazandırır. Fikrimcə, Rusiyanı kimyəvi və gələcəkdə bioloji, yaxud nüvə silahına əl atma ehtimalının ciddiliyini nəzərə alaraq daha təsirli vasitə və mexanizmlər üzərində işlənilməlidir. Putin müharibədə məğlub çıxmasının hansı faciəvi nəticələrə gətirib çıxaracağını yaxşı anladığından hər cür təxribata və avantüraya gedə bilər".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd: “Rusiyanın qıcıqlandırıcı bombadan istifadə etməsi...”

Hərbi ekspert Səxavət Məmməd Ukraynanın bütün şəhərlərinin hədəf götürüldüyünü qeyd etdi: “Rusiya-Ukrayna müharibəsi zamanı qadağan olunmuş bir çox silahlardan istifadə olunub. Buna fosfor bombasının bir neçə dəfə atıldığını deyə bilərik. Rusiya son zamanlar Ukraynaya raket hücumlarının sayını artırıb. Əvvəllər müəyyən istiqamətlər üzrə bunu edirdilərsə, artıq Ukraynanın bütün şəhərləri hədəf alınıb. Hər gün ballistik raket zərbələri endirilir. Ukrayna tərəfinin özü belə rəsmən açıqladı ki, energetika sahəsinin 50 faizindən çoxu sıradan çıxıb. Hesab edirəm ki, Rusiya bu tip hücumlarının sayını bir qədər də artıracaq. Rusiyanın qıcıqlandırıcı bombadan istifadə etməsi barədə ciddi informasiyalar yayılıb. Belə hallarda beynəlxalq konvensiyalar yada düşür. Ancaq beynəlxalq konvensiyaların, beynəlxalq hüququn işləmədiyini hər birimiz görürük. Ona görə də, Rusiyanı ittiham edəcəklər, ancaq hansısa nəticə əldə olunacağını düşünmürəm. Donald Trampın Avropa ilə eyni həcmdə maliyyə yardımı etmə çıxışı həm realdır, həm də məntiqli. Real ona görə ki, Tramp zamanında bu tip addımlar atıb, yəni, blef deyil. Məntiqli o baxımdan ki, zamanında Ukraynanın nüvə silahlarının Rusiyaya verilməsi prosesində ABŞ-la Avropa dövlətləri öhdəlik götürüblər. Misal üçün Fransa qədər Ukraynaya yardım barəsində çağırış edən ölkə yoxdur, ancaq Ukraynaya ən az yardım edən ölkələrdəndir. Fransanın Qərblə öz arasında bu cür çəkişməsi Rusiyanın işinə yarayır. Hərbi sənaye baxımından da Rusiya gözlənilənin əksinə ciddi işlər görür. Qərb ölkələri də qeyd edir ki, müqayisə olunduqda, Rusiya Qərbdən daha effektiv addımlar atır. Ukrayna oyuna gəldiyinin fərqinə gec vardı, ancaq müharibəni dayandırmaq, seyrini dəyişmək öz əlində deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR