İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü həkim də varmış

1701 08.05.2024 08:13 Yazarlar A A

“İnək sağa bilməyənə həyət əyridir”

(Azərbaycan ata sözü)

Öncə bir dəqiqləşdirmə aparım, hörmətli oxucular nigaran qalmasın. Keçən yazılarımdan birində Masallı rayon xəstəxanasında baş həkimlərin macəra dolu həyatından bəhs etmişdim. Prinsipcə, haqqında kino çəkiləsi mövzudur. Baş həkimin birini rüşvət üstündə tutublar, onun məhkəməsi başa çatmamış yerinə qoyulan adamı da eyni maddə ilə tutublar. Nəticədə birinci baş həkimə cəza təyin edilməmiş, ikinci baş həkim artıq içəridə yatır. Mən də guya fantaziyamı işə salıb yazmışdım ki, həmin xəstəxanaya qoyulacaq üçüncü həkimi tutsaydılar gülərdim. Elə bu cür də yazmışdım: “Əcəb gülərdim”. 

İndi isə heç güləsi halım yoxdur, çünki həyat mənim düşündüyümdən daha tragikomik imiş: sən demə, Masallı rayon xəstəxanasına son 2 ildə artıq 4 dəfə baş həkim qoyublar və 2 həbs ediləndən başqa 1 özü istefa verən də varmış. Bu baş həkim isə ağlınıza gəlməz: dükandan oğurluq eləməkdə suçlanırmış. Sonra buna dözməyib, işdən çıxıb. 

İnsafən, həkim oğurluq əhvalatını ona qarşı təşkil edənlərin olması haqda da açıqlama veribmiş. Deyir rayonda çoxlu saxta pensiya alanlar vardı, onlara sənəd vermirdim, məni gözləri götürmür və sairə. Niyə belə hallar olsun? Əgər oğurluq videosu yalan imişsə, nə üçün xalqa bu böhtanı atanların, düzəldənlərin cəzalanması haqda heç bir xəbər verilməyib? Çünki üstündən 3 il keçir. 

O baxımdan, məcburam əhvalatı ilkin variantda qəbul edəm. Sanki həmin sistemdə yoluxucu xəstəlik var, kimi vəzifəyə qoyurlarsa, xarabı çıxır. 

Məntiqlə, gərək ilk baş həkimi heç tutmazdılar. Yenə yeyib doymuşdu. Düşünürəm ki, hüquqi prosedurlara, qanunvericiliyə yenidən baxmalıyıq. Hər rüşvət alanı tutmayaq. Sınaq müddəti verək, məsələn. O müddətdə nə qədər çox pul yığa bilsə, işdə qalsın. Bir növ, rüşvətxorluqda bal sistemi yaradaq. Çox bal yığan qalsın, yerinə burnufırtıqlı, gənc kadr qoymağın mənası yoxdur. 

Bəzi eskpertlərin fikrincə, kimisə korrupsiya ilə tutmaq bu işi ucuzlaşdırır. Yaxşı süd verən inəyi kəsmək kimi bir şey alınır. O cümlədən inəyin əmcəkləri südlə dolmamış altına vedrə ilə hücum çəksən təpik qoyar, ağzın-burnun dağılar. Güman edirəm hörmətli prokurorluq əməkdaşları bunu öz fəaliyyətləri zamanı hər an diqqətdə saxlayırlar. 

Dəyişiləsi qanunlardan biri də, hesab edirəm, pensiya qanunudur. Bugünlərdə Dövlət Sosial Müdafiə Fondunun informasiyasını oxuduq: 2024-cü ilin may ayında olan vəziyyətə görə yaşı 100 və daha çox pensiyaçılarımızın sayı 280 nəfərdir. 

Halal olsun. Həmin zəhmətkeşlərimizi təbrik edirik. İki yüz yaşasınlar. Eyni zamanda istər-istəməz sual yaranır ki, niyə pensiya yaşını qaldırmırıq, hələ də 65 rəqəmi üzərindədir? Əgər bu 280 nəfər 100 yaşa çatıbsa, başqaları da çatar. Kim yüz yaşamırsa, günah özündədir - bunu bilirik, hörmətli şairimiz qəti hökm veribdir, adını çəkmək istəmirəm, özü 84 yaşında rəhmətə gedibdir. 

Sözgəlişi, həmin şeir bəndinin tam versiyası bu cürdür, əzbərləyin, toyda-qonaqlıqda-filanda deyib özünüzü savadlı adam kimi göstərərsiniz: “Heç əlinə alma əsa, Yetmişində batma yasa, Hər kim yüz il yaşamasa, Günah onun özündədir”. 

İlkin olaraq pensiya yaşını 95-ə qaldırmağı təklif edirəm. Sonrasına baxarıq. Əsas xalqın dəstəyidir. 

Bir məsələ də diqqətimi çəkdi, 100-ü keçən həmin 280 yoldaşın cəmi 36 nəfəri kişidir. Qalan 244 nəfər qadındır. Bu isə feministlərin, başqa xaricdən maliyyələşən qara qüvvələrin propaqandasını yalana çıxarır. Əgər qadınlar zülüm görürsə, niyə 100 yaşayırlar? Bəs biz qadınları döyüb qurtarmışdıq? 

Ancaq elmi baxımdan ola bilsin bunlar qırğından salamat çıxanlardır, uzun yaşayırlar. Müharibə veteranları arasında da belə uzunömürlülər olurdu, yadımıza gəlir. Fürsətdən yararlanaraq onları faşizm üzərində qələbə münasibətilə təbrik edirəm. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR