İnsanlara hürriyət, millətlərə istiqlal!

VİLAYƏTİ XORASAN Azərbaycana da təhlükədir - ONLAR KİMDİR VƏ NƏ İSTƏYİRLƏR?

3211 24.03.2024 15:22 Yazarlar A A

Rusiyada terror tərədən qruplaşma tərəfdarları “müsəlman imperiyalarının itirilmiş şöhrət və qüdrətini qaytarmaq istəyir”, həmçinin müasir milli sərhədləri açıq şəkildə rədd edirlər...

Rusiyanın “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının izlərini xaricdə axtarması, xüsusilə Ukraynaya yönəlməsi əslində, gözlənilən idi. Bu yönəlmənin birinci səbəbi davam edən müharibədir ki, Rusiyanın yerinə kim olsaydı, öncə düşmən hesab etdiyi ölkənin rəhbərliyindən şübhələnərdi. Allah uzaq eləsin, ölkəmizdə ağır terror hadisəsi olsaydı, guya biz Yaponiyadan şübhələnəcəkdik? Əlbəttə, öncə diqqəti Ermənistana yönəldəcəkdik. 1994-cü il martın 19-da “20 Yanvar” metrostansiyasında partlayışa görə “Sadval” üzvləri həbs olunmuşdu. İstintaq isə müəyyən etmişdi ki, terror aktının təşkilatçıları Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurub və 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanda təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib. 1994-cü il iyulun 3-də “28 May” və “Gənclik” stansiyaları arasında da partlayışı Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı əsasında...azərbaycanlı törətmişdi. Belə qandonduran misalların sayı çoxdur...

3-1.JPG (18 KB)

O səbəbdən, Moskvanın ilkin reaksiyası anlaşılandır. İkinci bir tərəfdən, Ukrayna xüsusi xidmət orqanları Kreml təbliğatçılarına qarşı terror hücumları həyata keçirdiklərini özləri etiraf ediblər. Zaxar Prilepinin avtomobilinin partladılması (yaralı qurtuldu), hərbi müxbir Maksim Fominin (Vladlen Tatarski kimi tanınırdı) Sank-Peterburqada öldürülməsi, eləcə də Darya Duqinə sui-qəsdin arxasında Ukrayna kəşfiyyatının dayandığı bilinən faktlardır. Məhz Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı təbliğatçıların öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən beləcə də demişdi: “Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik”. Budanovun bu sarsaq ifadəsi Rusiyanın əlində həmişəlik “subutdur”. Ukraynada da əks iddialar var. Məsələn, prezident Zelenski Rusiya kəşfiyyatının ona dəfələrlə sui-qəsd təşkil etmək istədiyini iddia edib...

1-1.JPG (54 KB)

Rusiyadakı terror aktının yeni üzə çıxan təfərrüatları isə dəhşətli hadisəni İŞİD-in, daha konkret yazsaq, onun “Vilayəti Xorasan” adlı qruplaşmasının törətdiyi haqda ilkin versiyaları təsdiqləyir. “Xorasan filialı” 2015-ci ildə İŞİD-in İraq və Suriyada “bərkgedən” vaxtlarında yaradılıb. “Vilayəti Xorasan” İŞİD-in Əfqanıstandakı qoludur. Sonradan İŞİD gücünü itirdikdə terror qruplaşmalarında yüzlərlə “işsiz qalmış” döyüşçü “Xorasan” qruplaşmasına qoşulublar və bu günə qədər də İŞİD-ə bağlı qalırlar.

1711184880_FSB-soobshaet-o-zaderzhanii-prichastnyh-k-teraktu-v-Krokuse_4.jpg (155 KB)

Qrupun adına gəlincə, “Vilayəti Xorasan” bir vaxtlar Əfqanıstan, Pakistan, İran və ətraf əraziləri əhatə edən bölgəyə verilən ad imiş. “Xorasan” tərəfdarları “müsəlman imperiyalarının itirilmiş şöhrətini və qüdrətini qaytarmaq istəyir”, həmçinin müasir milli sərhədləri açıq şəkildə rədd edir. Yəni Azərbaycan sərhəddini də...

Dünya mediasında, xüsusən Almaniya və ABŞ-ın nüfuzlu nəşrləri terror aktını “Vilayəti Xorasan”ın törətdiyini iddia edən yazılar dərc edir. Niyə Rusiyanın hədəf seçildiyi haqda versiyalarda Moskvanın Bəşər Əsəd rejiminə dəstəyi önə çəkilir? İŞİD və onun tör-töküntüləri Moskvanı İslama qarşı xristian qüvvələrinin koalisiyasının bir hissəsi kimi görürlər.

2-1.JPG (51 KB)

2022-ci ilin sentyabrında “Xorasan” silahlıları Rusiyanın Kabildəki səfirliyində partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdülər. “Xorasan” qrupunun son illərdə Rusiya prezidenti Vladimir Putinə qarşı çıxdığı da iddia olunur. Görünür, narazılıq deyəndə həm də Rusiyada İŞİD-in “yuva”larına qarşı müntəzəm əməliyyatlar nəzərdə tutulur.

4-1.JPG (75 KB)

Qərb mediası onu da yazır ki, “Xorasan”lıların Rusiyaya birbaşa İŞİD liderlərinin göstərişi ilə hucum etmələri mümkündür. İŞİD-in Suriya və İraqda daha gücü qalmayıb, amma “filiallar”la vəzifəli şəxslər arasında əlaqələr hələ də mövcuddur. BMT-nin üzv dövlətlərinin kəşfiyyat məlumatlarına əsaslanan son hesabatında deyilir ki, “Xorasan” “etibarlı pul kuryerləri vasitəsilə” terror sifarişləri alır...

 

Снимок.JPG (56 KB)

Bu terror aktı şübhəsiz ki, dünyada müsəlman aləminə və İslama qarşı anti-təbliğatı, islamafob meylləri gücləndirəcək. Milyonlarla müsəlmanların yaşadığı Rusiyanın özündə də bu amil təhlükəli proseslərə səbəb ola bilər. Görünür, Rusiyanın hədəf seçilməsində əsas məqsəd də bu olub. Rusiyada milli münaqişəni qızışdırmaq... Kreml düşmənini və hədəflərini doğru tapmalı, onlarla mübarizə aparmalıdır.
Biz də dövlət olaraq hədəflərini və hücum metodlarını “yeniləmiş” terror qruplaşmalarına qarşı ayıq-sayıq olmalıyıq. Allah Azərbaycanı belə bəlalardan qorusun...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR