İnsanlara hürriyət, millətlərə istiqlal!

Viran qalmış bəy evləri: onlar bərpa ediləcəkmi?

1729 24.10.2018 15:25 Maraqlı A A

Paytaxt Bakıda və regionlarda bu gün az sayda da olsa, xan və bəy evləri qalmaqdadır. Onların bəziləri müəyyən vaxtlarda təmir və bərpa edilsə də, demək olar ki, əksəriyyəti ya viran qalıb, ya da getdikcə itib-batmaqdadır.

Məsələn, İçərişəhərdə XVII-XVIII əsrlərə aid, Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında yerləşən Bakı xanlarının sarayı hələ də öz bərpasını gözləyir. Saraydan yalnız giriş portalı və sonradan bərpa edilmiş kiçik məscid günümüzə qədər gəlib çata bilib. Sarayın ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Tarixi əhəmiyyətə malik abidənin bərpasına gəldikdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu günlərdə məlumat yayaraq bildirmişdi ki, qədim tarixi tikilinin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.

Qeyd edək ki, bu günə qədər bir neçə dəfə abidənin bərpa ediləcəyi ilə bağlı məlumatlar yayılsa da, hələlik gözə çarpan nəticə yoxdur.

Daha bir bərbad vəziyyətə düşən bəy evlərindən biri Tovuzun Yuxarı Öksüzlü kəndində yerləşən Nəsib və Yusif bəylərin mülkləridir. Məlumata görə, sovet hakimiyyəti qurulduqdan sonra digər bəy evləri kimi bu mülklər də hökumətin balansına keçib. Hətta bəzi bolşeviklər bu evlərin sökülməsini istəyib, lakin kənd ağsaqqalları bu addımın qarşısını ala bilib.

Təklif olunub ki, həmin bəy evləri məktəb və yaxud xəstəxana kimi istifadə olunsun. Beləliklə 1885-ci ildə tikilmiş Nəsib bəyin evi kənddə 1984-cü ilə qədər məktəb kimi fəaliyyət göstərib, lakin sonradan tamamilə bərbad hala düşdüyündən istifadəsiz qalıb. Yusif bəyin malikanəsi isə sovet dövründən bu günə qədər Yuxarı Öysüzlü kənd xəstəxanası kimi fəaliyyət göstərir. Adıçəkilən binaların viran qalması, bərbad hala düşməsi ilə bağlı məsələ dəfələrlə mətbuatda, mediada işıqlandırılsa da, hələlik bu istiqamətdə ciddi addımlar atılmayıb.           

Eləcə də vaxtilə Azərbaycan Xalq Cumhuriyyətinin parlament üzvü olan görkəmli həkim Cəmil Lənbəranski və onun oğlu Əliş Lənbəranskinin Bərdənin Lənbəran kəndində yerləşən mülkü virana çevrilməkdədir. Qeyd edək ki, sovet dövründə bu mülk də müxtəlif təyinatlar üzrə istifadə edilib, lakin hazırda tamamilə yarasız və bərbad vəziyyətdədir, ciddi təmirə və bərpa işlərinə ehtiyac var.

Bəs aidiyyəti qurumlar hazırda viran qalmış bəy evlərinin bərpasını düşünürmü?

Məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Fariz Hüseynov sualımızı bu cür cavablandırdı: “Tovuz rayonunun Yuxarı Öksüzlü kəndindəki yerli əhəmiyyətli memarlıq abidələri olan 5190 inventar nömrəli XIX əsrə aid “Nəsib bəyin evi“ və 5209 inventar nömrəli XIX əsrə aid “Yusif bəyin evi” bərpa olunması ilə bağlı məsələ növbəti illər ərzində dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulmuş layihələrin siyahısında öz əksini tapıb.

Bərdə rayonu ərazisində Cəmil Lənbəranskinin evi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınan abidələr siyahısına daxil olunmayıb”.

F.Hüseynovun sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən yeni abidələrin aşkarlanaraq, siyahıya daxil edilməsi istiqamətində monitorinqləri davam edir: “Aparılan monitorinqlər nəticəsində 1700-dək siyahıya alınmamış abidə aşkar olunub. Monitorinqlər yekunlaşdıqdan sonra yeni aşkar olunmuş abidələr də dövlət qeydiyyatına alınan abidələr siyahısına daxil edilərək qorunacaq”.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR