İnsanlara hürriyət, millətlərə istiqlal!

Vuçiçin Əliyevdən o xahişi... - Azərbaycan və Serbiya eyni “qayıqda”?

793 19.04.2024 12:13 Ölkə A A

Serb prezident azərbaycanlı həmkarına ölkəsinin təzyiqlərə məruz qalmasından şikayətlənib və dəstək xahiş edib; ekspertlərin fikrincə, məsələ Kosova problemi və onun AŞ-yə qəbul edilməsi cəhdi, o cümlədən Ukrayna müharibəsində avropalı liderin fərqli mövqe nümayiş etdirməsidir

Aprelin 16-da Serbiya Prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib və son dövrlərdə ölkəsinin məruz qaldığı təzyiqlər haqda məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. 

Bu xüsusda iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib. Amma yayılan rəsmi məlumatda qeyd olunan detal - Serbiyaya təzyiqlər dedikdə hansı məsələlər nəzərdə tutulub? Azərbaycan və onun xalqı Serbiyaya necə yardımçı ola bilər? İki ölkə eyni “qayıq”dadırmı? 

Təhlilçilərin sözlərinə görə, Serbiyanın əsas problemi onun ərazisinin bir hissəsinin müstəqil dövlət kimi tanınması məsələsidir. Söhbət Kosovadan gedir. Bu yaxınlarda Avropa Şurasında bir sıra partiyalar Kosovanın quruma dəvət olunması məsələsini qaldırıb. Bununla bağlı səsvermə olub, Kosova müstəqil dövlət kimi Şuraya dəvət olunub. Serbiya bütün beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasından, bir hissəsinin demək olar ki, zorla ondan ayrılmasından narahatdır. Bir sıra Avropa ölkələri Kosovanı tanımayıb, səsvermədə əleyhinə səs verib. Digər amil isə avropalı liderin Ukrayna müharibəsində Rusiya əleyhinə sanksiyalara qoşulmamasıdır. Ona görə də təzyiqlərlə üzləşir. Ötən ay Vuçiç bəyan edib ki, söhbət ölkənin hərbi neytrallıq mövqeyi və Rusiyaya qarşı sanksiyalara qoşulmamasından gedir: “Qərb ölkələri Rusiya ordusunun uğurları və Ukraynadakı münaqişənin nəticəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən böyük təzyiq altındadır”.

Missiya.az / Diqqət mərkəzi / “Türk dünyasına qarşı düşmənçilik İranın  özünü zərbə altında qoya bilər” - Zaur Məmmədov

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, bu, kifayət qədər ciddi telefon danışığıdır: “Söhbət Serbiyanın real olaraq hansı çağırışlarla və problemlərlə üz-üzə gəlməsindən gedir. Rəsmi açıqlama verildiyini görürüksə, bu, o deməkdir ki, Serbiyanın real olaraq, Azərbaycana ehtiyacı var. Biz bilirik ki, müəyyən mərkəzlər arasında Şərqi Avropa və Balkan ölkələri ilə bağlı bu gün ciddi mübarizə gedir. Bu kontekstdə Macarıstan, Serbiya, Bolqarıstan Avropa daxilində bir qədər fərqli siyasət yürüdən ölkələr kimi tanınır. Onlara müəyyən mərkəzlər tərəfindən pressinqlər var idi. Xüsusilə, Ukraynadakı müharibə, Rusiya-Ukrayna, Rusiya-ABŞ arasında baş verənlərlə bağlı Vuçiç fərqli fikirlərə sahibdir. Serbiyada Vuçiç, ondan öncəki hakimiyyət ənənəvi olaraq, rusiyayönümlü siyasət aparmaqda davam edirdi”. Zaur Məmmədov hesab edir ki, Serbiya və Albaniya arasında Kosova ilə bağlı problem olmasına baxmayaraq, Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra biz hər iki ölkənin Azərbaycanın yanında yer aldığına, AŞPA-da, BMT Təhlükəsizlik Şurasında daim bizi dəstəklədiyinə şahidlik etdik: “Bu kimi ölkələr çox yaxşı bilir ki, Azərbaycana güvənə bilər. Tarixdə bunun kimi nümunələr əslində çoxdur. Əsasən, son 20 ildə dəfələrlə şahidi olmuşuq ki, bir çox ölkə hətta öz müttəfiqləri ilə belə müəyyən küskünlüklər yaşayarkən, Azərbaycanın köməyindən istifadə edib. Avropa ölkəsinin Azərbaycan Prezidentindən kömək istəməsi, Azərbaycana ehtiyac duyması bizim dövlətimizin mövqeyinin nə qədər güclü olduğunu göstərir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Azərbaycan Balkan ölkələrinə qaz nəql edir və münasibətlər ən yüksək səviyyədə inkişafdadır. Ekspertin fikrincə, Vuçiç Əliyevə hər zaman bir siyasi xadim kimi pərəstiş edib və böyük hörmət göstərib. Analitik istisna etmir ki, dəstək istənilməsi isə Serbiyanın Avropa dövlətləri sırasında Rusiya əleyhinə sanksiyalara qoşulmaması ilə bağlı ola bilər: “Azərbaycan bu məsələdə Serbiya üçün bir nümunədir. Biz Ukraynaya humanitar yardım edirik, ərazi bütövlüyünü dəstəkləyirik, amma nə sanksiyalarda iştirakımız var, nə Kiyevə hərbi yardımımız... Bu baxımdan Serbiya çox çətin vəziyyətdədir və dilemma qarşısında qalıb. Çünki Serbiyanın Rusiya ilə əlaqələri həmişə yaxşı olub. İndi Vuçiç Avropa İttifaqından təzyiqlərlə üzləşir”. 

Siyasi şərhçi hesab edir ki, bu ölkənin digər problemi isə bizim keçmiş münaqişə ilə oxşardır: “Azərbaycan problemini tam həll edib, serblərin isə Kosova albanları ilə məsələsi qalıb. Yəni ərazilərimizdə ikinci qondarma erməni dövləti yaradılması üçün 30 il cəhd edildi, bir sutkalıq əməliyyatla tozunu da saxlamadıq. Serbiyada isə fərqli mənzərədir. Albaniya Kosova albanlarına dəstək verir. Azərbaycan Serbiya və Albaniya ilə eyni məsafədə tərəfdaşlıq edir. Lakin biz Kosovanın müstəqilliyini tanımamışıq, tanıyan dövlətlər var. Serbiyanın bu probleminin həlli çox mürəkkəbdir. ABŞ Kosovada hərbi baza qurub. Ümumiyyətlə, Yuqoslaviya dağılandan sonra yaranmış dövlətlər, ardınca Kosova albanlarının Serbiyadan qopması indiyə qədər bu ölkə üçün ərazi bütövlüyünü bərpa etmək cəhətdən ciddi əngəl yaradıb”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR