İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə 100 ilin paradı - əsrə bərabər gün

1296 08.11.2023 08:00 Ölkə A A

Paradda Müdafiə, Daxili İşlər nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd, Dövlət Təhlükəsizliyi xidmətlərinin, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və digər silahlı birləşmələrin keçidi olacaq, həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək

Bu gün - noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılan günlərdəndir. 2020-ci ilin məhz 8 noyabrında Azərbaycanın qəhrəman ordusu Şuşa şəhərini Ermənistanın işğalçı ordusundan azad etməklə 28 il yarımlıq təcavüzə son qoydu.

44 günlük Vətən müharibəsinin hələ ilk günlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Şuşasız işimiz yarımçıq qalar” - deməsindən sonra Azərbaycan xalqı tam əmin idi ki, Pənahəli xanın bünövrəsini qoyduğu qala-şəhərimiz düşməndən azad ediləcək və bu, baş verdi. Azərbaycan Ordusu elə bir zəfərə imza atdı ki, dünyanın hərbi mərkəzləri bu günədək sıldırımlı dağların qoynunda yerləşən şəhərin necə azad edildiyinin sirlərini çözməyə çalışırlar. Şuşanın azad edilməsi artıq Ermənistanın işğalçı ordusunun fəqərə sütununun qırılması, xunta rejiminin pərən-pərən salınması demək idi. Təsadüfi deyil ki, məhz Şuşanın azad edilməsindən bir gün sonra Rusiyanın moderatorluğu ilə Ermənistan kapitulyasiya sənədinə - üçtərəfli bəyannaməyə qol çəkməyə, öz ordusunu Ağdam, Kəlbəcər və Laçından geri çəkməyə razılaşdı. Sonrakı mərhələdə xarici təhrikçilərin fitvası ilə revanşa cəhd edən düşmən cavabını aldı, ordumuz bütün şərti sərhədlər boyunca strateji əhəmiyyətli mövqelərdə qərarlaşdı, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzün tam təmin edilməsi, 19-20 sentyabrda, bir günlük antiterror tədbirləri ilə xunta rejiminin tam diz çökdürülməsi, həmçinin rejimin rəhbərliyində olan, Azərbaycana qarşı cinayətlər törətmiş separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə Azərbaycan möhtəşəm qələbələrə imza atdı.

Bu gün Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək ki, bu da təsadüfi deyil. Azərbaycan dövləti sovetlərin qurulmasından indiyədək ilk dəfə Xankəndidə tam şəkildə mövcudluğunu təmin edib, bayrağını ucaldıb, Qarabağ xanının əsasını qoyduğu bu Türk yurdunda Azərbaycan qanunlarının tətbiqinə başlanılıb. Həmçinin Xankəndidəki separatçı-terrorçu rejimin kökləri əbədilik qazılıb, “miatsum” iddiaları birdəfəlik zibilliyə atılıb, bu şəhər bundan sonra insanların dinc, azad, rifah içində yaşandığı məkan olacaq. Azərbaycan Prezidenti bir neçə gün bundan əvvəl Xankəndidə üçrəngli bayrağımızı ucaldarkən tarixi mesajlarını verdi, düşmənə bir daha torpaqlarımıza boylanmaması üçün xəbərdarlığını etdi. Bütün bunlardan sonra hərbi paradın keçirilməsi möhtəşəm tariximizin davamı, növbəti şərəfli səhifəsidir.

Artıq Zəfər paradına hazırlıq işləri başa çatıb. Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Təyinatlı Qüvvələrin və digər silahlı birləşmələrin keçidi olacaq. “Report”un məlumatına görə, həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək. Xatırladaq ki, Azərbaycanın antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq, hərbi texnika və silahlarını təhvil verdi. Sentyabr əməliyyatlarından sonra qənimət götürülən, uzun illər boyu “abidə” kimi qoyulmuş düşmən texnikalarından bir neçəsi Bakıda, Hərbi Qənimətlər Parkına da gətirilib nümayiş olunur.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Hərbi paradı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. 30 il ərzində, hər ilin 8-9 mayında Xankəndidə hərbi parad keçirməklə işğalın əbədi olacağını zənn edən alçaq düşmən üçün gözdağıdır bu hadisə!

Heç şübhəsiz, noyabrın 8-də Xankəndidə keçiriləcək parad daha kiçik miqyasda 10 dekabr 2020-ci ildə Bakıda keçirilən paradı xatırladacaq. Müxtəlif növ qoşun bölmələri baş meydandan təntənəli marşla keçəcəklər. Parad iştirakçılarının böyük hissəsi İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Xankəndidəki paradda ermənilərdən götürülmüş hərbi texnika və silah nümayiş olunacaq. Axşam saatlarında 2020-ci il Vətən müharibəsində zəfərin üçüncü ildönümünün və 19 sentyabr 2023-cü ildəki qələbənin şərəfinə Şuşa şəhəri istiqamətindən atəşfəşanlıq olacaq. Ümumiyyətlə, düşmənlərin köksünü dağlayan, dost-qardaş ölkələri, xalqları sevindirən möhtəşəm tarixi hadisəyə şahidlik edəcəyik, şəhidlərimizin müqəddəs ruhuna dualar deyərək, qazilərimizə Allahdan şəfa diləyərək. Xankəndi paradının tarixi əhəmiyyəti, Azərbaycanın dünyaya verdiyi mesaj və sairə barədə ekspertlərimizin də maraqlı fikirləri var.

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad bütün parametrlərinə görə bəlkə də son iki əsrin ən möhtəşəm və ən vacib bir dövlət tədbiri olacaq: “Bu tədbirə, sadəcə, adi bir hərbi parad kimi yanaşmaq düzgün deyil. Bunun daha böyük siyasi və hərbi mənası ətrafında danışmaq lazımdır. Xankəndidəki meydan sözsüz ki, paytaxtımız Bakı ilə müqayisədə manevr imkanlarına görə balaca məkandır. Və o meydanda 10 dekabr 2020-ci ildə Bakıda keçirilən unudulmaz və tarixi paradda olan elementləri təkrarlamaq mümkün deyil. Amma müxtəlif növ qoşun bölmələrinin Qarabağımızın baş meydanından təntənəli marşla keçməsi elə hər şey deməkdir”. Polkovnikin sözlərinə görə, bu tədbirin bir özəlliyi də ondan ibarətdir ki, bu paradın  şəxsi heyətinin əksər iştirakçıları İkinci Qarabağ müharibəsinin qalib hərbçiləridir: “Ermənilərdən götürülmüş hərbi texnika və silahın da nümayişi çox önəmli məqamdır. Qoy yağı düşmənlərimiz və onlara uzun illər havadarlıq edənlər, sözün hər mənasında yanıb-yaxılsınlar. Bu Qələbə Paradı bizim nər oğullarımızın canı və qanı hesabına başa gəldi. Nəhayət ki, onların narahat ruhları artıq rahat və şaddır. Qarabağımız tam şəkildə bizim nəzarətimizə qayıdıb. Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Ermənistan bizim ərazi bütövlüyümüzü dəqiq rəqəmlərlə etiraf edib. Beləliklə, bu paradla biz bir daha bütün dövlətlərə o mesajı veririk ki, Azərbaycan xalqı öz əzəli torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək! Bizə aid olanlar bizə qayıdıb və qayıdacaq!” Ü.Cəfərovun sözlərinə görə, dünyada separatizmi və separatçıları dəstəkləyən qüvvələr də bir daha dərindən düşünməlidirlər ki, onlara Azərbaycan ərazisində bundan sonra heç vaxt yer olmayacaq: “Bütün əldə olunan uğurlara görə xalqımıza və onun Silahlı Qüvvələrinə, Ordusuna hər birimiz borcluyuq!”

Akif Nağının partiyası qeydiyyata alındı – Novator.az

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı da hesab edir ki, Xankəndi paradı heç nə ilə müqayisə oluna bilməz: “Azərbaycanın qələbələrinə, belə demək mümkündürsə, mat qalan, nə baş verdiyini hələ başa düşə, həzm edə bilməyən dünya dayanmadan yeni zərbələr alır. Dünya erməniləri Qarabağa, Xankəndinə qaytarmaq yollarını aradığı, Azərbaycana öz aləmlərində təzyiq etdikləri bir məqamda biz orada parad keçirir, əks tərəfdə dayananların bütün "kozr"larını vururuq. Dünya çoxdan idi ki, bu cür davamlı, inadlı təpkilərlə rastlaşmamışdı. Hamıya ağıl öyrədən, yol göstərən, iradəsini diktə edən “dünya sahibləri”nə dərs keçirik. Bu parad, əlbəttə, 2020-ci il paradının daha inamlı şəkildə davamı, ruh yüksəkliyinin pik həddidir". A.Nağı vacib bir paralellik apardı: “Müstəqillik dövründə 5 hərbi paradımız - 1992, 2008, 2011, 2013, 2018-ci illərdə - keçirilmişdi. Onlar qələbəyə inamı nümayiş etdirmiş, amma hər halda, işğal yükünü də daşımalı olmuşdu. 2020-ci il paradı qələbə, Xankəndi paradı isə tam qələbə təntənəsinin möhtəşəm nümayişləridir. Bu günlərin xoşbəxtliyini, qürurunu yaşayır, 5 min illik Azərbaycan dövlətçiliyinin əbədi olacağına bir daha əmin oluruq. Bu, Azərbaycan xalqının, ordusunun, şəhidlərinin, qazilərinin, Ali Baş Komandanının paradı, qələbəsinin nümayişidir. Bu paradla, atəşfəşanlıqla dünyaya mesajımızı göndərir, iradəmizi nümayiş etdiririk ki, bölgədə iradəmizdən kənar heç bir proses başa verə, ayaq açıb yürüyə bilməyəcək!”

Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı qeyd etdi ki, Böyük Zəfərin 3-cü ilində hərbi paradın Xankəndidə keçirilməsinin çox böyük mənası var: “Bu, o deməkdir ki, torpaqlarımızın hər qarışı bizim üçün əzizdir. Bakıda keçirilən paraddan fərqi odur ki, qəhrəman ordumuz düşməni məğlub etdiyi sahədə gücünü nümayiş etdirir. Xankəndidə Azərbaycanın keçirəcəyi parad dünyaya yeni bir mesaj kimi qəbul edilməlidir. Qarabağ məsələsi yoxdur, ermənilərin hansısa ”haqq və hüququnu" bəhanə edib, Azərbaycanın daxili işlərinə qarışmaq dövrü bitmiş, Azərbaycan özünün bütün ərazisində dövlət suverenliyini bərpa etmişdir! Bu parad həm də Azərbaycan Ordusunun güc və qüdrətinin nümayişi olacaq!"

Paşinyana qarşı yeni müxalifət: Şahramanyan siyasi səhnədə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra ərazilərini işğaldan azad etməsi və üç ildən sonra da suverenliyini tam bərpa etməsi regionda yeni bir geosiyasi nizam yaratdı: “Azərbaycan Rusiya və Ermənistanın həmçinin İranın Cənubi Qafqazda Azərbaycana qarşı apardıqları vəkalət müharibəsi fiaskoya uğradı. Xankəndidə Azərbaycan üç rəngli bayrağının qaldırılması və hərbi parad Ermənistanın işğalının tam sonu və işğalçıya gözdağıdır. Bununla Azərbaycan Cənubi Qafqazda qalıb ölkə olduğunu və regional gücə çevrildiyini əyani ortaya qoyur. Çünki Rusiya və İranın dəstəyi ilə Ermənistan ərazilərimizi işğal etmişdi. Azərbaycan hər üç ölkəni məğlub edib. Rusiya və İran artıq reallıqları qəbul etdi. Ermənistan da artıq sülhün vacib olduğunu qəbul edəcək”. Ekspert deyir ki, artıq “miatsum” cəfəngiyyatına son verilib: “Düşünürəm ki, Xankəndidə əsas meydana Ali Baş Komandan olaraq Prezident İlham Əliyevin adı verilsin. 200 ildən sonra Azərbaycan ərazi bərpa etdi, işğala son qoydu. Bu parad düşmənlərə göz dağı, dosta arxadır”.

Beləliklə, diqqət Xankəndinə! Hərbi Paradımızı izləyək! Zəfər Günümüz mübarək! Uca Yaradan dövlətimizi, ordumuzu, xalqımızı qorusun!

E.PAŞASOY,
“Yeni Müsavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR