İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xaricdən gətirilmiş buğda sortlarının bizdə tətbiqi doğru deyil”

3883 19.08.2022 08:10 Yaşam A A

Aqrar elmlər üzrə fəlsəfə doktoru: “Rayonlarımızda aqrar texniki qaydalara düzgün əməl olunmur, ona görə də...”

Azərbaycan Televiziyasına son müsahibəsində Prezident İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyindən də danışdı. Bildirdi ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir.

“Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq; Lakin özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik: ”Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, böyük nəticə olacaq", - ölkə rəhbəri qeyd etdi.

Dövlət başçısının sözlərinə görə, bütün problemlərdən tam sığortalanmağımız üçün praktiki işlər aparırıq və aparacağıq: “Növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək... Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır”.

Bəs Qarabağ iqtisadi zonasında bu yöndə işlər hansı səviyyədədir? Kənd təsərrüfatı ilə bağlı hansı layihələr reallaşdırılmalıdır?

Mövzu ilə bağlı Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev “Yeni Müsavat”a bunları dedi: “Hazırda dünyanın bütün ölkələrində buğda çatışmazlığı problemi özünü göstərir. Buğda dünyada əsasən çöllük zonalarda əkilir. Şimali və Cənubi Amerika, Rusiya, Ukrayna, Avstraliya buğda istehsalı ilə məşğul olan ölkələrdəndir. Strateji əhəmiyyətli məhsul olduğu üçün digər ölkələrdə də əkilir, əsas məqsəd buğdanın məhsuldarlığının artırılmasıdır.

Məsələn, 20-ci əsrin əvvəllərinə nəzər salsaq, Avropa ölkələrində məhsuldarlıq 20-22 sentner arasında idi. Amma indi Almaniyanın podzol torpaqlarında 70-80 sentner buğda, taxıl götürürlər. Taxılçılığın inkişaf etdirilməsi strateji əhəmiyyətlə yanaşı, kompleks qayğı tələb edir. Burada iqlim şəraiti, sortlar nəzərə alınmalıdır. Bir sözlə, bu, kompleks yanaşma tələb edir. Ona görə də inkişaf etmiş ölkələr lazımi səviyyədə məhsul ala bilmir. Bir il məhsul çox olur, gələn il iqlimlə, seleksiya ilə əlaqədar lazımi sortlar tətbiq olunmur və məhsuldarlıq aşağı düşür. Yaxud aqrotexniki qaydalara nəzarət edilmir. İndi Yer kürəsində 8 milyarddan çox insan yaşayır. Amma buğda istehsalı dinamikasına baxanda bu çox aşağı rəqəmdir. Ona görə də dünyada problem yaranır, qiymətin də qalxması təbiidir".

İ.Quliyev qeyd edir ki, Azərbaycan 61-62 faiz özünü buğda, taxıl məhsulları ilə təmin edir: “Amma bizdə xeyli potensial var və tükənmir. İşğal olunmuş ərazilərdə taxılçılığın inkişafı üçün çox əlverişli şərait var. Həm burada torpaq iqlim şəraiti yaxşıdır, həm də düşmən orada tam əkib-becərə bilməyib. Müəyyən qədər xam torpaqlardır. Orada tədqiqat aparmağa çox ehtiyac var. 30 ildir orada elmi-tədqiqat işləri aparılmayıb.

O torpaqlara hərbi-texnogen təsir olub, deformasiyaya uğrayıb. Bu torpaqların hansı səbəbdən deqradasiyaya uğraması araşdırılmalıdır. Bundan sonra rayonlaşdırılmış sortlar tətbiq olunmalıdır. Bəzən xaricdən gətirilmiş buğda sortlarını tətbiq edirlər. Misal üçün, Almaniyadan gətirirlər, amma Almaniyanın iqlim şəraiti Azərbaycanla eyni deyil, ona görə məhsul götürə  bilmirlər. Bundan əlavə, aqrotexniki qaydalara düzgün əməl olunmur. Ən əsas şərtlərdən biri isə suvarmanın düzgün həyata keçirilməsidir. Əsas etibarilə Cəbrayıl, Füzuli və Ağdam rayonlarının ərazisi ən əlverişli ərazilər sayılır. Zəngilan, Qubadlı ərazilərində də bu sahəni genişləndirmək olar. Elmi dildə buna şabalıdı torpaqlar deyilir, olduqca məhsuldar torpaqlardır. Əgər burada seleksiya düzgün təyin olunarsa, yaxşı məhsul götürmək olar. Bununla da ölkəmizin ehtiyaclarının xeyli hissəsini, 61 faizdən 70-85 faizədək qaldıra bilərik. Azərbaycanın digər rayonlarına da bunu tətbiq etmək olar. Açığını desək, digər rayonlarımızda aqrar texniki qaydalara düzgün əməl olunmur. Lazımi vaxtlarda onlara mineral, gübrə vurulmur. Əkin işləri lazımi vaxtlarda aparılmır. Biçin işləri gecikdirilir. Bunlar hamısı itki deməkdir.

Azərbaycanın şirin su ehtiyatları da düzgün qiymətləndirilməlidir. Süni suvarma şəraitini yaxşılaşdırmaq lazımdır. Bütün bunlar həll edilərsə, bu sahə üzrə Azərbaycan çox yüksək səviyyəyə qalxa bilər. İşğaldan azad olunan torpaqların özünəməxsus potensialı var. Xüsusilə Cəbrayıl, Füzuli, Ağdamın dağətəyi əraziləri dalğavari düzənliklərdən ibarətdir. Taxılçılıq üçün orada olduqca əlverişli şərait var. Uşaqlığım o yerlərdə keçib, biz orta məktəbdə oxuyanda az qala taxıl zəmilərinin içində itib-batırdıq. Sadəcə olaraq, oranın şirin su potensialından yaxşı istifadə olunmalıdır. Yeni bir layihə həyata keçirilsə, demək olar ki, məhsuldarlığı 2-2.5 dəfə artırmaq olar".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR