İnsanlara hürriyət, millətlərə istiqlal!

Xilafət ideyasına “sadiq” qalan tacik terrorçular – “Krokus”dakı qətliamda İŞİD izi

4138 23.03.2024 13:03 Yazarlar A A

Moskvada, “Crocus City Hall”da törədilən dəhşətli terror aktının arxasından icraçı qismində Tacikistan vətəndaşlarının çıxması beynəlxalq terrorizmdən yazan jurnalistlər və politoloqlar üçün təəccüblü olmadı.

Çünki son illərdə din bayrağı altında silsilə terror aktları həyata keçirilməsi işinə taciklər, daha dəqiqi, Tacikistan vətəndaşları baxır.

Bunu 10 gün öncə, Ramazan ayı başlayanda dindarlar qarşısında çıxış edən Tacikistan prezidenti İmomali Rahmon da demişdi. Prezident bildirmişdi ki, son 3 ildə taciklər 10 ölkədə 24 terror aktında iştirak ediblər.

Bu da ondan irəli gəlir ki, vaxtilə İraq-Şam İslam Dövləti (İŞİD) adlı terrorçu “dövlət”in ordusunda çox sayda tacik millətindən olan şəxslər vardı. İraq və Suriyanın geniş ərazilərini işğal edərək dünyanın hər tərəfindən ekstremizmə, terrora meylli insanları, fanatik dindarları öz sıralarına cəlb edən təşkilat diqqətini daha çox Orta Asiya respublikalarından, Qafqazdan “mücahid” toplayırdı.

Orta Asiya regionunda vəhhabizmin yeni dalğa ilə yayılması ideyasına könül verən, Şərqdə vahid islam xilafətinin yaradılması kimi utopiyaya qapılan şəxslərin çoxu məhz Tacikistan, Özbəkistan və Qırğızıstandan idi. Bu xüsusda birincilik yavaş-yavaş etnik taciklərin əlinə keçdi. Türkmənistan xeyli dərəcədə qapalı ölkə olduğundan İŞİD emissarları bu ölkəyə sıza, özlərinə tərəfdar toplaya bilmirdilər. Qazaxıstanda isə son illərdə dinə, sələfizmə meyl artsa da, bu ölkədən beynəlxalq terror təşkilatının sıralarına qoşulanlar az idi.

Azərbaycanla bağlı vəziyyəti bilirsiniz. İŞİD-in yerli filialları ölkənin şimal rayonlarında, Bakının Müşviqabad və Qaraçuxur qəsəbələrində, Sumqayıt şəhərində çox güclüydülər, yerli məscidlərdə sərbəst şəkildə toplantı keçirirdilər. İraq və Suriyanın geniş əraziləri terrorçu qrupun əlinə keçdikdən sonra bir çox yerli məscidlər qeyri-leqal hərbi komissarlığa çevrildilər və ətraflarına cəlb etdikləri gənc möminlərin beynini yuyaraq, “müqəddəs müharibə”yə inandıraraq, onlara cənnət vəd edərək Suriya və İraqa daşımağa başladılar. Eyni proses Şimali Qafqazın müsəlman muxtariyyatlarında da gedirdi. Onlar Suriyada xüsusi briqadalar təşkil etmiş, “əmir” titulu qazanmışdılar.

Ən pisi o idi ki, cihada gedənlərin bir xeylisi od-alovun içinə tək getmir, ailə-uşaqlarını da aparırdılar. Bunun sonu çox faciəvi oldu. Qısa müddətdən sonra gənc ailə başçıları ya düşmənlə döyüşlərdə, ya da öz silahdaşları tərəfindən öldürüldülər, gənc qadınlar və körpə uşaqlar başsız, çarəsiz qaldılar və sonra o qadınlar digər döyüşçülərə ərə getməyə məcbur edildilər.

Özbəkistan kinematoqrafçılarının bu mövzuda çəkdikləri filmdə (“Qadın taleyi”) ərləri və qardaşları tərəfindən “müqəddəs müharibə”yə aparılan qadınların başına gələn müsibətlərdən danışılır. Konkret şəxslərin həyatının ekranlaşdırıldığı filmdə qadınların təkrar-təkrar ərə verilməsindən, övladlarından ayrı salınmasından bəhs edilir.

Azərbaycandan gedib İŞİD-ə qoşulanların övladlarının bir xeylisi diplomatik kanallarla ölkəmizə qaytarılsa da, binəsib qadınların yarısı hələ də Suriya və İraqda həbsxanalarda cəza çəkməkdədirlər. Onlar həmin ölkələrin qanunları ilə terror təşkilatına qoşulmaqda ittiham olunaraq ağır cəzalara məhkum olunublar. Halbuki hansı ölkədə olmasa da, məhz müsəlman ölkəsində cəza kəsən hakimlər bilirlər ki, ərin sözünün hökmran olduğu yerdə qadının onun iradəsinə qarşı çıxması mümkün deyildi. O qadınlar Suriya və İraqa öz iradələri ilə yox, ərlərinin hökmü ilə getmişdilər.

İŞİD böyük zərbələr aldıqdan, “ordusu” dağılandan, hücrələr şəklində orda-burda gizli fəaliyyətə keçəndən sonra onun ideyasına sadiq qalan, deyəsən, yalnız taciklərdir. Başqa ölkələrdən olanlar çoxdan geri qayıdıblar, çoxu həbs olunub, cəzadan yayınanlar, ancaq bu yoldan dönənlər də var. Tacikistan vətəndaşları isə hələ də İŞİD-in döyüşkən əsgərləri olaraq qalırlar.

Prezident İmomali Rahmon ona görə 10 gün öncə bu məsələ barədə narahatlığını dilə gətirmişdi.

5-6 gün öncə Rusiya mediasında çıxan bir məqalədə göstərilirdi ki, İŞİD ən çox Orta Asiyanın 3 ölkəsindən – Tacikistan, Özbəkistan və Qırğızıstandan çıxaraq Rusiyada və başqa ölkələrdə əmək miqrantı kimi çalışanların arasından tərəfdar toplamağa çalışır. Çünki Orta Asiya respublikalarında terrorçu təşkilatların, möminlərin fəaliyyətinə ciddi nəzarət varsa, Rusiyada ekstremist qrupların, milli diasporların fəaliyyətinə nəzarət, demək olar ki, yoxdur.

5bf9cde111e0f6764ab69c396a5e208d.jpg (260 KB)

              “Crocus City Hall”da qətliam törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları

Başqa sözlə, dünənə qədər Rusiyanın hüquq-mühafizə orqanları din pərdəsi altında fəaliyyət göstərən ekstremist və terrorçulardan özünə qarşı təhlükə gözləmirdi.

Terrorçuların isə sağı-solu bəlli olmaz. Terrir təşkilatı elə bir ilandır ki, 20 il boyunca onu bəsləyəni bir saniyənin içində çala bilər.

“Crocus City Hall”da baş verən terror aktının sifarişçilərinə gəlincə, bu, böyük ehtimalla yenidən dirçəlməyə çalışan İŞİD-in yeni rəhbərliyinin qisas aktıdır. Motiv isə bu ola bilər: İŞİD Suriyanı tamamilə işğal etmək üzrəykən onun qarşısını Rusiya qırıcıları və Rusiya silahları aldı, Bəşər Əsədin hakimiyyətini Moskva, Kreml (Tehranla birlikdə) qorudu.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR