İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xoşumuza gəlməyən namizəd seçilibsə, seçki normal olmayıb” – Qərbin seçki məntiqi

1855 10.02.2024 15:51 Analitika A A

1992-ci ildə keçirilən 7 iyun seçkisindən sonra bu ölkədə bir də 2003-cü ilin 15 oktyabrında seçkidə bu cür qələbəlik olmuşdu. Bir də bu ilin 7 fevralında oldu.

Əvvəlki iki seçkidə izdihamın, seçici fəallığının olması təbii idi – birincidə ictimai formasiya dəyişirdi, 70 illik kompartiya ağalığından sonra yeni dövlət, yeni hökumət formalaşacaqdı, 2003-cü il seçkilərində isə ciddi iqtidar-müxalifət yarışması, intriqası vardı. Hakimiyyətini əldə saxlamaq istəyən siyasi qüvvələrlə hakimiyyətə gəlmək istəyən qüvvələr arasında son dərəcə gərgin mübarizə gedirdi.

Ancaq 7 fevral seçkisində əvvəlki seçkilərə xas olan intriqa, gərginlik, siyasi qüvvələrin bir-birini “vurması”, seçicidən səs almaq üçün fantastik vədlər verilməsi, rəqabətdən düşmənçiliyə adlamış münasibətlər görüntüsü yox idi, amma yenə seçici fəallığı yüksək oldu.

Bunun gerçək səbəbini jurnalistlər düzgün təsbit etmiş, bu fəallığı dövlət başçısı İlham Əliyevin son 3 il yarımda xalqın qarşısında göstərdiyi xidmətin qarşılığının verilməsi, xalqın ona öz vəfa borcunu qaytarması adlandırmışdılar.

Başqa ağlabatan izahat yoxdur. Bəlkə də ilk dəfəydi ki, daha çox səs almaq üçün inzibati resursları səfərbər etməyə ehtiyac yox idi. Bəzi məntəqələrdə ənənəvi şəkildə fəallıq göstərənlər vardısa da, bu, kütləvi səciyyə daşımırdı və seçkinin nəticələrinə təsir etməsi mümkün deyildi. Seçiçilər öz iradələri ilə məntəqələrə axışır, səslərini verirdilər.

fizzu.jpg (148 KB)

Seçkiqabağı mühit də normal keçmişdi. Hansısa namizədin seçicilərlə görüşünə, təşviqatına əngəl törədilməsi, bundan əvvəlki seçkilərdə müşahidə olunan neqativ hallar olmamışdı.

Yuxarıda deyildiyi kimi, buna ehtiyac duyulmurdu. Növbədənkənar seçkilərin elan olunduğu gündən kimin qalib gələcəyi yüzdəyüz dəqiqliklə məlum idi. 7 fevral – səsvermə günü, sadəcə, seçicilərin notariat kontoruna gedirmiş kimi, verdikləri vəkaləti təsdiqetmə günüydü.

Elə buna görə də ölkənin aparıcı müxalifət qüvvələri seçkiyə öz namizədləri ilə qatılmaqdan imtina etmişdilər. Onlara da seçkinin nəticəsi öncədən yüz faiz bəlliydi. Seçkiyə gedərək onsuz da məhdud olan maddi-siyasi resurslarını tükətməmələri normal idi.

İş belə gətirmişdi. Tarixi fürsətdən yararlanaraq rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyünü bərpa, 100 illik problemi, etnik separatizm bəlasını heç kəsin gözləmədiyi şəkildə yox etmiş İlham Əliyev növbəti və ya növbədənkənar seçkidəki qələbəsini təminat altına almışdı.

7fev.jpg (973 KB)

Obyektiv səbəblər üzündən gərgin siyasi rəqabətin olmadığı bir şəraitdə ekstessiz, çığırışma-bağırışma olmadan, təhqiramiz hücumlara yol verilmədən, arqessiv seçki ritorikası müşahidə edilmədən keçən seçki prosesinə və onun nəticələrinə Qərb təşkilatlarının rəyinin daha pozitiv olacağı gözlənilirdi. Şikayətçi yox, seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edən yox, qələbəlik, seçici fəallığı göz önündə, “eksit-pol” qruplarının göstəriciləri real və bir-birinə uyğun. Daha nə lazımdır?

Ancaq elə olmadı, 7 fevral seçkisinə də mız qoyan tapıldı. Seçkini müşahidə edən 72 missiyadan birinin rəyində tənqidlər oldu.

Əslində bunu istisna hal sayaraq ötüşdürmək olardı, ancaq məsələ ondadır ki, seçkiyə dair tənqidi fikirlər bildirən müşahidə missiyası ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunu (DTİHB) təmsil edirdi.

Sözügedən missiyanın seçki dəyərləndirməsində seçici aktivliyi qeyd olunur, ancaq yenə də onun təmsilçiləri ötən seçkilərdən tanış olan mətni çox da dəyişməmişdilər. Fikir verin, ölkədə situasiya dəyişib, seçki mühiti fərqlidir, dava-dalaşsız, gərginlksiz seçki prosesi gedib, seçkidən öncə belə qalib gələcəyi şübhə doğurmayan namizəd qələbə qazanıb, heç bir mübahisə yoxdur, amma bütün dəyişikliklərə rəğmən ATƏT DTİHB-in seçkiyə dair köhnə rəyi dəyişmir.

1707468354_1707468322_1707390407_whatsapp-image-2024-02-08-at-14.59.56_ff6d12de.jpg (23 KB)

Belə anlaşılır ki, bu rəy yalnız İlham Əliyev prezident seçilməyəcəyi halda dəyişə bilər. Yoxsa ATƏT-in müşahidə missiyası heç vaxt Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara uyğun keçdiyini deməyəcək.

Bu, yanlış mövqedir. Seçkidə əsas amil xalqın öz iradəsini azad şəkildə ifadə etməsi və yeni iqtidar komandasının bu iradə əsasında formalaşdırılmasıdırsa, hər şey şəffaf şəkildə ortada idi. Yəni Qərb təşkilatları Azərbaycanda yaranmış mövcud reallıqla barışmağa məcbur idilər – xoşlarına gəlsə də, gəlməsə də.

Biz bənzər münasibəti son 10 ildə Türkiyədə keçirilən seçkilərdə də görürük. Qardaş ölkədə seçkilər maksimum şəffaflıqla, qanuni və azad şəkildə keçirilir, gərginlik xirtdəkdən olur, siyasi qüvvələr arasında amansız mübarizə müşahidə olunur, sonda seçkinin nəticələrindən narazı qalanlar tapılır, ancaq onun dürüstlüyünü şübhə altına alanlar olmur. Bununla belə, ABŞ və Avropa Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsini də, partiyasının parlament çoxluğunu qazanmasını da həzm etmir, mütləq çoxsaylı iradlar bildirirlər. Hətta Ərdoğanı diktator adlandıranlar da olur. Adam hakimiyyətə seçki yolu ilə gəlib, seçki yoluyla hakimiyyətdə qalır, amma Qərbin tütəyinin melodiyasına məhəl qoymadığı üçün sevilmir, xor görülür, xroniki tənqid, qınama, pisləmə hədəfi olur.

Başqa ölkələrə “demokratik ölkə”, “qeyri-demokratik ölkə” pasportu verən dövlətlər bu cür iradları heç vaxt sözəbaxan tiranlara qarşı etmirlər, etsələr də, yüngülvari şəkildə, “qəlblərinə dəymədən” edirlər.

Bu baxımdan beynəlxalq müşahidə missiyalarının seçki dəyərləndirməsi ildən-ilə daha çox siyasiləşmiş xarakter alır və subyektivlik dozası artmış olur. Bir ölkənin rəhbərliyi ABŞ və Avropaya itaət etmirsə, o, “qızıl kimi” seçki keçirsə də, tənqid olunacaq, itaət edən diktatorun seçkisi isə “irəliyə doğru addım” sayılacaq.

9bf09ae2-652901ebfb11a3676763839aa0a4c33f.jpg (77 KB)

Seçkidə yer alan neqativ hallara, iddialara qalsa, bu əsrdə ABŞ-da keçirilən üç prezident seçkisində kifayət qədər problemlər olub. Məsələn, 2000-ci ildə bu ölkədə keçirilən prezident seçkisində əsas mübarizə respublikaçı Corc Buş və demokrat Albert Qor arasında getmişdi. Başabaş gedən yarışmada axırda Corc Buş qalib elan edildi. Seçkinin taleyini isə Florida seçicilərinin səslərinin təkrar sayılması həll etdi. Həmin ştatın qubernatoru Cprc Buşn qardaşı Ceb Buş idi. Təadüfə baxın! Birləşmiş Ştatların tarixində heç vaxt belə seçki finişi olmamışdı. Seçkilərin nəticələri rəsmən elan olunana qədər bir ay ərzində səsləri təkrar-təkrar, Buşu qalib etmək mümkün olana qədər saymışdılar, sonda kimin seçildiyinə dair qərarı məhkəmə vermişdi. Axırda o da məlum olmuşdu ki, qalib gələn namizəd məğlubdan daha az səs alıb və bu, ABŞ tarixində dördüncü belə haldır.

hildon.jpg (7 KB)

Beşinci hal 2016-cı ildə respublikaçı Donald Trampla demokrat Hillari Klintonun arasında gedən yarışmada baş verdi. Seçkidə qalib gələn Donald Tramp Hillari Klintondan 2 milyon az səs almışdı.

2020-ci ildə keçirilən və indiki prezident Co Baydenin Donald Trampa qalib gəldiyi seçkidə isə ABŞ tarixində heç vaxt olmayan hadisə baş verdi: uduzmuş namizəd seçkinin saxtalaşdırıldığını elan etdi, tərəfdarlarını müqavimətə çağırdı, ABŞ yeni bir vətəndaş müharibəsinin astanasından döndü.

İndi həmin şəxsin, Donald Trampın builki seçkinin favoriti olması göstərir ki, onun 2020-ci ilin sonlarında saxtakarlıq barədə haray-həşir salması boşuna deyilmiş. Hazırda ABŞ-ın siyasi elitası xalqın iradəsi ilə prezident seçiləcəyi şübhə doğrumayan (bütün rəy sorğuları bunu təsdiqləyir) namizədi seçkidən kənarlaşdırmaq üçün siyasi-hüquqi yollar axtarırlar.

Belə edirlər, sonra da gəlib dünyaya demokratiya dərsi keçirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR