İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqi yaxan şər

1520 23.10.2023 10:05 Yazarlar A A

Yaxın Şərqin durumuna dair bir kədərli lətifə var, belədir: CNN-in reportyoru İsrailə gəlir, Ağlaşma Divarına baş çəkir, görür ki, bir yaşlı yəhudi başını divara söykəyib dua edir. Ağsaqqal ibadətini bitirəndən sonra jurnalist ona yaxınlaşıb soruşur: - Sizin adını nədir, ser?

Kişi cavab verir: - Moisey Faynberq.
- Siz təxminən neçə ildir buraya dua etməyə gəlirsiniz?
- 70 il olar, az olmaz.
- 70 il! Əla! Sizin bu 70 ildə Allahdan istəyiniz nə olub?
- Həmişə Allahdan istəmişəm ki, xristianlar, yəhudilər və müsəlmanlar arasında sülh olsun. İnsanlar arasında müharibə və nifrət olmasın. Dua edirəm ki, uşaqlarımız sağ-salamat, bir-birini sevən, əməllərinə görə məsuliyyət daşıyan insanlar kimi böyüsünlər.
- Bəs bu 70 illik dualardan sonra nə hiss edirsiniz?

Ağsaqqal azca susur, sonra deyir: - Hiss edirəm ki, eləcə divarla danışıram.


Bəli, duaların, Allaha yalvarışların, gecə-gündüz ibadətlərin, kəsilən qurbanların Yaxın Şərqdəki münaqişələrin həllinə təsir gücü yoxdur. İnsanlar nahaq yerə özlərinin əldə etməli olduğu sülh və əmin-amanlığı onların əvəzindən Allahın təmin edəcəyini gözləyirlər.

Yaxın Şərq qaçanın da, qovanın da, vuranın da, vurulanın da “Allah, kömək ol” dediyi yerdir. İnsanlar əbəs yerə ümid edirlər ki, stratosfer qatından da yüksəkdə olduğu güman edilən məchul varlıq onların harayını eşidəcək və yaxın ətrafı ilə məşvərət keçirib kimin haqlı olduğuna qərar verəcək.

Belə şey yoxdur. O, mövcuddursa da, belə işlərə baxmır. Məgər hiss olunmur ki? Dünya binnət olandan bəri insanlar qrup halında, dövlət şəklində, partiyalar, icmalar, dini birliklər qismində birləşərək bir-birini qırırlar, amma bir dəfə də olsun, göylərdən “Durun!” sədası gəlməyib.

Ona görə də gərək sülh içində yaşamaq istəyən insanlar bu məsələnin həllini başqa yerdən gözləməsinlər, heç bir başqa fövqəlqüvvəyə ümid bəsləməsinlər, oturub öz münaqişələrini özləri cözsünlər.

Fəqət oxumuş adamlar demişkən, obyektiv reallıq bundan ibarətdir ki, bu iş sona qədər olmayacaq.

Bax, oktyabrın 7-də HƏMAS İsrailin yaşayış məntəqələrinə hücuma keçəndə, çoxlu günahsız adam öldürəndə, N qədər məsum insanı girov götürəndə, bir xeyli adam HƏMAS-ı təbrik edir, Allaha şükranlıq ifadə edirdilər. Sanki bu “qələbə”ni onlara Allah-təala əta etmişdi. Bu işləri bilənlər, İsraili tanıyanlar isə deyirdilər ki, 1-ci dəqiqədə “Bavariya”ya qol vurmaq hələ 90 dəqiqəlik matçı qələbə ilə başa çatdırmaq deyil, siz işin axırına baxın.
“Oyun”un axırını gözləmək lazım gəlmədi, elə ikinci dəqiqədə İsrail əks-hücuma keçdi, budur, 16 gündür, dincəlmir, 35-40 ilə tikilib başa gəlmiş şəhərləri 3-4 dəqiqənin içində xaraba qoyur, günahsız insanlar ölür. Sanki İsrail özünə söz verib ki, Qəzza zolağı ilə sərhəddə həlak olan dinc sakinlərinin on misli qədər dinc sakin öldürməsə, sakitləşməyəcək. Hələlik ölən yəhudilərin 5 misli qədər ərəb ölüb. Bu günlərdə baş nazir Netanyahu orduya “daha bəsdir, dayanın” əmri versə, demək, məqsəd 5 qat əvəz çıxmaq imiş, yox, “davam edin” desə, onda “onqat qurban” söhbəti realdır.

Bəs oktyabrın 7-də HƏMAS-ı təbrik edənlər hardadırlar, nə edirlər? Dünyaya “İsrailin gücü bu imiş”, “HƏMAS Israilin dizini yerə gətirdi” deyirdilər, indi nə deyirlər? Heç nə. Oturub İsrailə qarğış edir, bir də gendən-genə hədələyirlər. “Dizi yerə gəlmiş” İsrail isə qayıdıb onları daha pis hədələyir, deyir, bu müharibəyə qarışanı darmadağın edəcək.

O dövlətdə o güc var, iş bərkə düşəndə ən dağıdıcı silahdan istifadə edəcək qədər qətiyyətləri də var. Yəhudilər təkcə başlarını Ağlaşma Divarına söykəyib dua etməklə işlərini bitmiş saymayıblar, başlarını qorumaq üçün hər cür silah qayırıblar. Görsələr ki, ərəb dünyası birləşib üstlərinə gəlir, onları yox etmək istəyirlər, əmin olun, yəhudi qiyamətindən bir az əvvəl ərəb qiyaməti qoparacaqlar.

Bu coğrafiyada əbədi dalaşmaq ənənəsi var. 5 min ildir ki, Yaxın Şərqi yaxan şər bütün şiddəti ilə iş başındadır və bu gedişlə ən azı o qədər də davam edəcək.

Ən yaxşısı, bu qovğaya qarışmamaqdır, amma baxırsan ki, günahsız insanlar yazıqdır. Əldən də dua etməkdən başqa bir iş gəlmir. O da bir işə yarayacaqsa, toplaşaq, edək. Amma PUA epoxasında savaşı dua ilə durdurmaq çətindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR