İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat” Orxan Zeynalovu necə xilas etdi...

12983 24.10.2013 22:44 Yazarlar A A
Aygün Muradxanlı (“Yeni Müsavat” və Müsavat.com saytı) və Yana Madatova (Minval.az saytı) çoxsayda soydaşlarımızla, diaspor təşkilatları, Moskvadakı azərbaycanlı ziyalılar, dünyaca ünlü həmvətənlərimizlə, Moskvadakı səfirimiz Polad Bülbüloğlu ilə görüşüb-danışıb, video və yazılı reportajlar hazırlayıblar. Onlar bazarları da gəzərək, yaranmış təhdid mühitində soydaşlarımızın Moskvadakı həyatının bir neçə gününə şahid olmağa çalışıblar...

Hələlik onların yolladıqları cəmi iki xəbəri yayınlamışıq. Çünki orada mühit heç də yaxşı deyil; əsasən də bəzi “özümüzünkülər” narahatdırlar və onlar Moskvadan reportajların yayınlanmasını istəmirlər... Bu səbəbdən, müxbirlərimiz Moskvadan qayıdana qədər əsas reportajları təxirə salmışıq - yazdıqları orada onlara təhlükə ola bilər, deyə...


Lakin gözləmədiyimiz bir vəziyyət yarandı. Aygünün və Yananın hazılayıb, yolladıqları kiçik bir reportaj əvvəlcə Azərbaycanı, sonra isə Rusiyanı qarışdırdı. Təfsilat sadədir: 23 oktyabrda müxbirlərimizlə görüşən bir qrup azərbaycanlı onlara deyib ki, Yeqor Şerbakovun ölmədiyinə, yaşamasına və hətta Polşaya getmək çəhdi göstərməsinə (bu zaman hava limanında saxlanmasına) dair şiddətli söz-söhbətlər dolaşır. (Hətta bu söz-söhbətlər Rusiyadakı azərbaycanlıların ölkəmizdəki qohum-əqrabasınacan gəlib çatmışdı.) Müxbirlərimiz də məhz bu cür yazıblar -  Yeqor Şerbakovla bağlı yayılan söz-söhbətlərə də şayiə statusu veriblər. Musavat.com və Minval.az saytları da onların göndərdiyi məlumatı sual işarəsi altında dərc edib, bunların Moskvadakı azərbaycanlılar arasında yayıldığını xüsusi vurğulayıb. 

Azərbaycan və Rusiya KİV-ləri bu xəbəri dərhal tirajladılar. Bizim sualda verdiyimiz başlığı nida ilə verənlər, şayiə yazdığımız xəbəri gerçək kimi təqdim edənlər də oldu. Gün ərzində bir neçə tirajlı Rusiya qəzeti və satyı redaksiyamıza telefon da açdı, əməkdaşlarımızla da danışdı...  Günortadan sonra Rusiya mediasında – sayt və televiziyalarında çıxan yazılar göstərdi ki, rəsmilər və Orxan Zeynalovun istintaqını aparanlar, özəlliklə də Rusiya İstintaq Komitəsi  bu xəbərə bərk qəzəblənib. O qədər kəskin reaksiya verdilər ki, elə bil dədələrinə (yaxud da...) söymüşdük. Planları pozulmuş müxənnətlər kimi, bir həşir, bir qara-küy...  Onların verdikləri reaksiyanın cümlə quruluşu ilə ifadəsi belədir -  “Azərbaycan jurnalistləri (“Yeni Müsavat” yazan da var - http://www.mk.ru/social/article/2013/10/24/935918-novyiy-konflikt-vokrug-zeynalova-azerbaydzhantsyi-voskresili-ego-zhertvu.html ) öz soydaşlarını xilas etmək üçün bu yalanı uydurublar”. Ölkəmizdən də maraqlı reaksiyalar aldıq. Rusiyanın bütün nəhəng media quruluşlarında adı keçən “Yeni Müsavat” qəzeti üçün bunu uğurlu PR kampaniyası sayanlar da var, bizim qəzetin Azərbaycanı biabır etdiyini iddia edənlər də... Heç biri deyil. İnanın ki, iki xanım müxbirin Moskvadakı azərbaycanlılardan aldıqları xəbəri saytlarımıza yolayanda mən onların içərisini oxumamışdım da... Mənə birdən  xəbər verdilər ki, ölkə bizim Moskva reportajına görə partlayır...

İnkar etmirik, məsuliyyətdən qaçmırıq; çünki gerçək xəbər deyə iddiamız olmayıb, Rusiya rəsmilərinin bizə tənqid kimi söylədikləri də əslində məsuliyyət deyil,  şərəfdir. Bu cür təsbit -  “Yeni Müsavat”ın öz soydaşını xilas etmək üçün kampaniya aparması  - bizim üçün qürurdur. Kaş ki, darda olan bir soydaşımızın yükünü az da olsa, yüngülləşdirə biləydik. Lakin burada istintaqı narahat edən məqama diqqət edək. “Yeni Müsavat”ın məlum reportajı Rusiyada və Azərbaycanda milyonlarla insana yetişdi. Onların müəyyən faizi bundan belə Orxan Zeynalovla bağlı Rusiyanın rəsmi iddialarına şübhə edəcək, bunu bir oyun sayacaq. Haqları da var. Çünki əslində bizim reportajdakı şayiə-iddianı təkzib edəcək heç bir mötəbər sübut, təkzib ortada yoxdur. Moskvadakı azərbaycanlılar demiş, ölən varsa, meyiti göstərsinlər. Şerbakovun istər yaralı, istərsə də ölü halını, bu hallarının videosunu, fotosunu görən varsa, bizə də söyləsin...

O cümlədən də “Yeni Müsavat”a qəzəblənən Rusiya hüquq mühafizə orqanları, bir zəhmət, ortaya azərbaycanlılar, indi isə milyonlarla ruslar arasında gəzən “Şerbakov ölməyib” iddiasını yalanlayan bircə dənə sübut qoysunlar... 
Özümüz fərqində olmadan, bir kiçik reportajla Azərbaycana və azərbaycanlılara qarşı gedən böyük bir şantaj və böhtan kampaniyasına ciddi zərbə vurmuşuq, oyunu pozmuşuq, şübhə mexanizmi formalaşdırmışıq. İdeoloji və informasiya  müharibələrinin bir qızıl qaydası var: qələbəni o tərəf qazanır ki, rəqibini müdafiə olunmağa məcbur qoyur. Musavat.com və minval.az kimi cəmi iki Azərbaycan KİB-i heç fərq etmədən Rusiyanın aqressiv anti-Azərbaycan kampaniyasını, bu kampaniyanı aparanları müdafiəyə çəkilməyə vadar qoyub. İndi onlar üzərlərinə yağan suallara cavab vermək, əsaslandırmaq, sübut etmək, inandırmaq məcburiyyətində qalıblar. 

Bunu ölkəmdə başqa bir qəzet, sayt, bloq etsəydi, mən ona minnətdar olardım...
Bu nümunədə isə minnətdarlıq yalnız Aygün Muradxanlıya və Yana Madatovaya düşür. Onlar Moskvanın mənfi 5 dərəcə şaxtasında azərbaycanlıların durumunu dünyaya çatdırmaq üçün bütün fədakarlıqları edirlər...


Aygün və Yana

***

İndi isə Rusiya mətbuatında barəmizdə gedən bəzi yazıların tərcümə-özətinə diqət edək: 

Qafqaz.info Rusiyanın “Dojd” kanalına istinadən xəbər verir ki, hava limanının mətbuat katibi Yelena Krılova bildirib ki, Azərbaycan KİV-i “özünü yaxşı aparmır”. Onun sözlərinə görə, Vnukovoda nə “mərhum Yeqor Şerbakov”, nə də “onun sənədlərini götürən şəxs” saxlanılıb. 

“Arqumenti i faktı” nəşri isə bu iddia ilə bağlı Y.Şerbakovun qətlini araşdıran Rusiya İstintaq Komitəsinin açıqlamasını yayıb. İstintaq Komitəsinin təmsilçisi bildirib ki, Yeqor Şerbakovun guya “Vnukovo” aeroportunda “saxlanılması”  haqda xəbər absurddur: “ Yeqor  Şerbakovun ölümü rəsmən konstatasiya olunub və onun dəfn edildiyi yeri yaxınları bilir”.
İstintaq Komitəsinin müstəntiqləri Azərbaycan KİV-lərinin bu məlumatı ilə bağlı bildiriblər ki, “azərbaycanlı jurnalistlərin öz həmyerliləri Orxan Zeynalovu cinayət məsuliyyətindən xilas etmək üçün bütün normaları aşan bu qəribə cəhdə əl atmalarından hiddətləniblər”. (Virtualaz.org)

Mk.ru saytı isə iddia edir ki, müxalifətçi “Yeni Müsavat” qəzeti öz həmyerlisini xilas etmək üçün belə bir texnologiya uydurub. Rusiyanın ən tirajlı qəzetlərindən olan “Moskovskiy komsomolets”in internet versiyası olan bu sayt qəzetimizin təsisçisi kimi Müsavat başqanı İsa Qəmbəri göstərib və “Yeni Müsavat” haqqında öz oxucularına geniş məlumat verib. Hesab edirik ki, bu detal da təsadüfi deyil...

"Komsomolskaya pravda" qəzeti isə iddia edir ki, "Yeni Müsavat" millətçi radikalların sifarişini həyata keçirir: "...Hansılar ki, qanlı 90-cı illər üçün darıxıblar..."
P.S. Rus KİV-ləri tərəfindən yalnız Şerbakovun qəbri kimi qələmə verilən bu foto yayınlanıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR