İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Zelandiyada taxta işinə baxan eloğlular...

3568 18.12.2023 12:26 Yazarlar A A

 

Bir neçə gün öncə bir taksiyə süvar olmuşdum, sürücü 35-40 yaşlarında bir qardaş idi.

Elə ilk 3 dəqiqədə anladım ki, səmimi və yumorlu danışığı olan eloğlu iki universitet qurtarmış, özünün marketi, yuyucu sexi, çayxanası olan taksistlərdən deyil, adi sürücüdür, sadəcə, bir şirkətdə TIR sürür, xarici ölkələrə yük daşıyır, qayıdıb gələndə isə 5-6 gün boş olur deyə öz maşınıyla əhaliyə taksi xidməti göstərir.

70-dən artıq xarici ölkədə olmasına baxmayaraq, o, heç beynəlxalq icmal da vermədi. Hərçənd mən ondan İsrail-Qəzza münaqişəsinə aid dolğun və dərin şərh gözləyirdim, ən azı “bu, masonların işidir”, “ortalığı yəhudi lobbisi qarışdırır” kimi analiz verə bilərdi, vermədi.

Söhbətimiz xarici ölkələrdə yaşayan həmvətənlərimizdən düşmüşdü. Dedim ki, artıq dünyanın hər yerində azərbaycanlılara rast gəlmək olar – Saxalindən Kaliforniyaya, Kanadadan Avstraliyaya qədər. TIR-ı ilə dünyanın yarısını gəzmiş qardaş sözümü təsdiqlədi, güldü və danışmağa başladı: “Bəlkə də inanmayacaqsan, amma mən özüm Avstraliyadan da o tərəfdə, Yeni Zelandiyada azərbaycanlılarla rastlaşmışam”.

Yeni Zelandiya bizə nəzərən dünyanın ən ucqar ölkəsi olduğundan sürücünün sözünü balla kəsən yol polisləri kimi davrandım, dedim: “Orada nə işin vardı?” Qardaş cavab verdi: “Mal gətirməyə getmişdik”. “Nə mal?”. “Bir varlı adam üçün taxta qapılar gətirməliydik, gətirdik”. “Yəni bu boyda meşəsi olan Azərbaycanda, Avrasiya materikində qapı bağlamaq üçün lazımlı taxta yoxdur, ona görə Yeni Zelandiyaya getmişdiniz?” “Ta nə bilim, şirkətdən dedilər, Yeni Zelandiyaya getməlisiniz, biz də TIR-ımızı gəmi-bərəyə yüklədik, 2 yerdə dəyişdik, okeanla 12 gün yol getdik”.

Bu yerdə jurnalist marağı adama güc gəlməzmi? Bir qrup sürücü və ekspeditoru taxta qapılardan ötrü 24-25 gün okeanda gəmilərdə üzdürən adamın kimliyi, təbii ki, maraq doğururdu. Amma nə billah elədim, sürücü qardaş varlı adamın kimliyini demədi. Yəqin ki, bilmirdi, bilsə, deyərdi. O adamın kimliyini yalnız logistika ilə məşğul olan şirkətin böyüyü bilirmiş, bu da sürücü babadır, pulunu verib, deyiblər, köhnə yolla sür Yeni Zelandiyaya.

Sürücünün öz sarayının qapı-pəncərələrini, döşəməsini Yeni Zelandiya taxtası ilə təchiz etmək istəyən şəxsin kimliyini gerçəkdən bilmədiyini ondan anladım ki, o, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Ucardakı imarəti üçün Dubaydan palma ağacı və sair inventarlar gətirdiyini dedi və məmnunluqla gülümsədi. Bu məmnuniyyət ondan xəbər verirdi ki, Ziya müəllim onun yuva qurması üçün əziyyət çəkənləri lazımınca mükafatlandırıb, xəsislik etməyib.

Amma ta nə edəsən ki, Yeni Zelandiyadan taxta gətirənin kimliyini sürücüyə deməyiblər, eləcə, “bir hörmətli müəllim üçün mal gətirəcəksiniz” deyiblər. Hərçənd adamın kimliyinin məsələyə dəxli yox idi, sürücü ilə söhbətimin mövzusu həmvətənlərimizin dünyanın hər yerinə yayılmış olması barədəydi. Ona görə də qardaşa dəqiqləşdirici sualar verməyi dayandırıb, dedim, hə, sonra nə oldu. O, davam etdi: “Heç nə. Çatdıq Zelandiyaya, otelə yerləşdik, ertəsi gün getdik taxta emalı fabrikinə”.

Bu yerdə sürücü qardaş Yeni Zelandiyanın təbiətinin təsvirini də verdi: “Dünyanın ən duru suyu”, “gözəl şəlalələr”, “hündür və qalın meşələr”, “super hava” və s. Dedim, elədir, ada barədə çəkilən filmlərdə təbiətinin necə olduğu görünür. Həmsöhbətim davam etdi: “Karoçi, getdik fabrikə. Dayanmışıq, öz aramızda söhbət edirik, deyib-gülürük. Birdən iki-üç nəfər fabrik işçisi bizə yaxınlaşdılar və bizim dildə soruşdular ki, Azərbaycandansınızmı? Dedik, bəli. Dedilər, siz hara, bura hara. Dedik, taxta aparmağa gəlmişik, bəs siz burada nə edirsiniz. Adamlar dedilər ki, burada taxta işinə biz baxırıq”.

Sürücü bunu dedi və qəhqəhə ilə güldü. Əlbəttə, o haqlıydı. Azərbaycanlıların Yeni Zelandiyada taxta işinə baxması sıradan bir şey deyil. Demək fərasətli adamlardır. Burdan-bura “Dvadsatı”da taxta sexi açıb-işlətmək olmur.

Qardaşla sağollaşmazdan qabaq Yeni Zelandiyadan gətirilən taxta qapıların özəlliyinin nə olduğunu soruşdum və o dedi ki, o taxtalar suya davamlıdır, hələm-hələm xarab olmur.

Bəlkə bizim “hörmətli müəllim” gəmi tikdirir, kim bilir?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR