İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunis Hüseynov: “Neftçi”nin baş məşqçisi və futbolçuları azarkeşlərdən üzr istəməlidirlər”

1017 07.05.2024 17:37 İdman A A

"Sumqayıt" “Kəpəz"lə matçda lazım olan və vacib 2 xalı itirdi”.

Bunu İdman.bizə veteran futbolçu Yunis Hüseynov deyib.

O, Azərbaycan Premyer Liqasının XXXIII turunu dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Gəncə təmsilçisi 1:1 hesabı ilə yekunlaşan görüşdə yaxşı oyun nümayiş etdirib, hətta qələbə belə qazana bilərdi: “Lakin "Sumqayıt"da yorğunluq hiss olunurdu. Bundan öncə "Qarabağ"la matçda qələbə qazandıqları üçün xeyli güc sərf etmişdilər. Qarşıda daha 3 tur var. Konfrans Liqasına vəsiqə qazanmaq istəyirlərsə, xal itirməməlidir”.

O, "Qarabağ" - "Neftçi" (5:0) matçını isə stadiondan izləyib: “Ağ-qaralar”ın azarkeşi olduğuma görə həmişə qalib gəlmələrini və kubok qazanmalarını istəyərəm. Əfsuslar olsun ki, bu dəfə də oyunu yarıya kimi izləyib, əsəbiləşib stadionu tərk elədim. Oyun baxımından "Qarabağ" hər bir cəhətdən "Neftçi"ni üstələdi. Ağdam təmsilçisi hətta daha böyük hesabla qələbə də qazana bilərdi. "Neftçi"nin oyunçularını sanki meydançaya zorla çıxarmışdılar. Onlar hələ də hansı klubda oynadıqlarını dərk etmirlər. Fikrimcə, baş məşqçisindən tutmuş oyunçusuna qədər hər birinə hansı formanı geyindiklərini çatdırmaq lazımdır. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Lakin bunlar elə bilirlər ki, sıradan bir komandadır. Gəldin pulunu aldın, çıxdın getdin olmamalıdır. Rəhbərlik tərəfindən də futbolçulara hər cür şərait yaradılıb. “Qarabağ”a qarşı oyun göstərmədilər. Demək olar ki, hamısı meydanda gəzirdilər. "Qarabağ" isə layiqli qələbəsini qazandı. Hələ yaxşı ki, matç 5:0 hesabı ilə bitdi. Orada azarkeşləri gördüm. Onlar 90 dəqiqə "Neftçi"ni dəstəklədilər. Elə baş məşqçi də, futbolçular da həmin azarkeşlərdən üzr istəməlidirlər”.

O, "Turan Tovuz" - "Zirə" (1:2) matçının isə çətin keçdiyini vurğulayıb: "Ev sahibləri azarkeşlik baxımından yaxşıdır. Bu dəqiqə ən çox azarkeş də Tovuzdadır və komandaya əlavə motivasiya verirlər. "Zirə" üçün çətin olacağını bilirdik. Amma yenə də, qəsəbə təmsilçisi vacib 3 xalı qazandı. Bərabər səviyyəli oyun keçdi. Fikrimcə, qapıçının kobud səhvi nəticəsində "Zirə" komandası qələbə qazandı”.

Veteran futbolçunun sözlərinə görə, "Araz-Naxçıvan" - "Sabah" (0:1) matçında isə komandalar bir-birindən fərqlənməyib: “Bakılılar yeni baş məşqçi gəldikdən sonra oyun baxımından deyil, ələ düşən imkanlardan yaxşı istifadə edirlər. Ayaz Quliyev gözəl qola imza atdı. Hansısa komanda bu matçda üstün deyildi. “Araz-Naxçıvan” da çempionatda qalmasını təmin edib. Lakin “Sabah”a lazım olan o idi ki, avrokuboka gedən yolda büdrəməsin”.

Hüseynov "Səbail" - "Qəbələ" (2:3) matçında isə bölgə təmsilçisinin gənc futbolçuların hesabına özünü yaxşı tərəfdən göstərdiyini deyib: “Bu xalın onlara lazımlı olub-olmadığını deyə bilmərəm. Amma həmişə qələbə ruhunda oynamaq üçün bu cür motivasiya lazım olur. İmkanlar hər iki tərəfdə çox oldu. Amma “Qəbələ”yə gənc futbolçularla qalib gəldiyi üçün təşəkkür düşür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR