İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəhərli beyinin fırtınası

1497 02.11.2023 12:48 Yazarlar A A

Beyinlərinin içi zəhər-zəhrimardır, bir sağlam düşüncələri yoxdur, eyzən hiylə-kələk fikirləşirlər: nə etsinlər, nə yapsınlar, necə bir yalan uydursunlar ki, hamını buna inandırsınlar, suyu bulandırsınlar.

100 ildir belə edirlər, bəzən bulandırdıqları suda xırda-mırda balıq da tuturlar, amma əllərinə başqa şey keçmir, bütün çox bilmiş quşlar kimi axırda dimdiklərindən tora düşür, çabalaya-çabalaya qalırlar.

Ötən ay guya ki, siyasət hiyləsi işlətdilər, bunlara pıqq edən olmamış ellikcə daşdandılar, adladılar Gorus tərəfə. Düşünürdülər ki, dünya “hurrey” deyib ayağa qalxacaq, “deportasiya”, “etnik təmizləmə” deyib bağıracaq, sonra hamısını lüks avtobuslarda yenidən geri qaytaracaqlar, hələ bizdən bir xaral da status alıb verəcəklər bunlara. Elə olmadı. Bir-iki ölkə onlara havdarlıq elədi, məsələ bitdi. (İndi diqqətli oxucu “havdarlıq” sözünə ilişəcək ki, “a” hərfinin biri düşüb, amma bu söz “havadarlıq” deyil, elə “havdarlıq”dır, sözün kökü də “hav”dır – özüm icad eləmişəm).

Bu gün isə yeni bir feyk-dezo buraxıblar. Guya ki, Bakıda İsrail bayraqları ilə bəzənmiş 35 maşın İsrailə dəstək üçün avtoyürüşə çıxıblar, hələ İrana acı vermək üçün bu ölkənin səfirliyinin yanından dövrə vurublar.

Əməkdaşlarımız lazımi yerlərdən soruşublar, Google-də axtarış veriblər, məlum olub ki, bu “hadisə” barədə yazan yeganə mətbu mənbə bir erməni saytıdır. Qalan heç yerdə nə belə bir xəbər var, nə də bu cür şəkil yayılıb. Zatən, xəbəri müşayiət edən şəkilin ora-burasının çox kəsilməsindən də görünür ki, bu, məkrli beyinin işidir. Elə bir hadisə olsaydı, fotosessiya etməzdilərmi?

Bu dezinformasiya xəbərinin isə iki başı var. Ermənilər xəbərin bu biri başından fayda götürmək, Azərbaycanla islam ölkələrinin arasını vurmaq üçün yararlanmaq istəyirlər. Yaramazlar diqqət edib ki, Azərbaycanın antisemitizm isteriyasına qoşulmaması, Yaxın Şərqdəki 100 illik münaqişənin 47-ci epizoduna təmkinlə yanaşması bəzi siyasi dairələrdə bəyənilmir, indi onlar çalışırlar ki, belə xəbərlərlə aranı daha da açsınlar, dini dairələri qızışdırsınlar.

Amma bu xəbərdən həm də o məna çıxır ki, Azərbaycan tolerant ölkədir, dini fundamentalizmdən uzaqdır, Avropanın siyasi standartlarına uyğun mövqedədir. Bu isə ermənilərin indiyədək haqqımızda apardığı qara təbliğata ziddir. Başqa vaxt bizi “fundamentalist” elan edən ölkə indi regionun siyasi konyukturasına görə “Avropa yanlısı” kimi qələmə vermək istəyir.

Özləri isə açıq-aşkar antisemitizm təbliğatı aparırlar və bunu belə əsaslandırırlar ki, 44 günlük müharibədə İsrail Azərbaycana dron verib, Azərbaycan da o dronla Qarabağda “genosid” törədib. Birincisi, “verib” deyəndə, ağılları özlərinə gedir, çünki indiyədək bir çox ölkələr onlara silahı müftə-müsəlləm verib. Amma biz silahı pulla alırıq.
İkincisi, bu cür danışa-danışa artıq “genosid” sözünü yüngülləşdirib, heç-puç ediblər. Bir erməniyə bir şillə dəyən kimi, “ay aman, qoymayın, bu genosiddir” qışqırırlar. 3 erməni maşına minir, deyə-gülə evini tərk edir, bu, “genosid” olur. Kilsəyə mərmi dəydi – “genosid”, gen dərələrdəki səngərlərdə əsgər öldü - “genosid”. Deyəndə ki, “yaxşı, qayıdın, gəlin, yaşayın”, deyirlər ki, yox, bizi yəhudilər kimi gettolara dolduracaq, sonra “genosid” edəcəklər.

Ən ağıllısı, uzaqgörəni o gün yazmışdı ki, azərbaycanlılar əvvəlcə Gorusu, Süniki tutacaqlar, sonra gəlib İrəvanı götürəcəklər. Eşşək boyda dövlətlərin böyükləri də buna inanırdılar ki, gerçəkdən də belə olacaq. Blinken Bakıya zəng edib deməmişdimi ki, Zəngəzura girməyin. Birtəhər onu başa saldılar ki, panikaya qapılmayın, elə şey yoxdur.

Bax, indi biz burada oturub onların yalanını çıxarmağa çalışırıq, onlar isə yeni-yeni yalanlar uydurmaq üçün əllərini alınlarına dayayıb “beyin fırtınası” edirlər. Beyində isə, yazının birinci cümlədə dediyimiz kimi, yalnız zəhər-zəhrimar var, ondan yaxşı bir şey çıxmaz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR