İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorla səfərbərlik: Ukrayna 94-cü ilin Azərbaycanına oxşayır

3953 30.12.2023 04:04 Siyasət A A

İlk yayın vaxtı 29.12.2023 20:49

Ümidsizlik olan yerdə nəinki müharibə, orduya yeni qüvvə toplamaq çətin, hətta əks-effektli olur...

Rusiyanın ötən gecə Ukrayna şəhərlərinə görünməmiş raket və PUA zərbələri endirməsinin Kiyevin orduya 500 min yeni qüvvə toplamaq qərarı ilə birbaşa bağlıdır. Çünki arxa cəbhəyə bu cür hücumlar döyüş ruhunu aşağı salır.

Rusiya telekanalları Ukraynanın sosial şəbəkələrində yayılan “zorla səfərbərlik” videolarından əks-təbliğat kimi gen-bol istifadə edir.

(Onlarda da müharibənin ilk aylarında belə vəziyyət oldu. Amma ruslar ona görə döyüşmək istəmirlər ki, Putindən fərqli olaraq, bu müharibəni mənasız hesab edirlər) Videolar həqiqətən etkiləyicidir-gənc adamlar qaçır, avtomatlı hərbçilər qovalayıb tutub, sonra yerə yıxır, sürüyüb avtobusa aparır və sairə...

696a408cefe98826e091dc9e3c942a5c.jpg (329 KB)

Azərbaycan da bu cür səfərbərlik dövrünü keçib.

1993-cü ilin sonu, 94-cü ilin əvvəlində bu prosesi biz də yaşadıq. Adamları gecə evlərindən, hətta yoldan tutub hərbi komissarlıqlara aparırdılar.

Xatırlayıram ki, elə “oblava”ların birinə düşmüşdüm.Avtobusa mindim ki, əksəriyyəti tanıdığım yerlilərimdir, bəzilərinin hətta yaşına-başına baxmadan Bakının müxtəlif yerlərində toplamışdılar. İndiki Ukraynadakı kimi olmasa da, bu “zorla səfərbərlik” ciddi narazılıq yaratmışdı.

Səbəb də bəlli idi. Qarabağda və ətraf bölgələrdə ciddi itkilər vermişdik, hakimiyyət yenicə dəyişmiş, ordu dağınıq, xalq isə ümidsizlik içində çırpınırdı.

Ümidsizlik olan yerdə isə nəinki müharibə, səfərbərlik çətin, hətta əks-effektli olur. Birinci Qarabağ müharibəsinin ilkin vaxtlarında səfərbərliyə ehtiyac yox idi, əli silah tutan Mİlli Orduya yazılırdı.

mogilization.jpg (45 KB)

İkinci Qarabağ müharibəsində də xalq necə ürəklə cəbhəyə gedirdi, ona da şahid olduq. Çünki bu dəfə ordumuz irəli gedirdi, Ali Baş Komandana və qələbəyə böyük ümid vardı. Ermənistan da isə hər şey əksinə idi-cəbhədən siçovul kimi qaçırdılar...

Səfərbərliklə bağlı müqayisəni ona görə edirəm ki, bu prosesdən az sonra-1994-cü ilin may ayının 12-də Bişkəkdə Ermənistanla atəşkəs protokolu imzalandı.

Heç kim ölkədə etiraza qalxmadı, “niyə atəşkəs oldu, niyə torpaqlarımız işğaldan qaldı” deyib üsyan etmədi. Vəziyyət hamıya aydın idi ki, o dövrdə bu atəşkəsin imzalanması dövlət üçün vacibdir, Azərbaycan toparlanmalı, ordu qurulmalı və sairə...

Üstəlik, bizə indiki Ukraynadan fərqli olaraq işğala dirənmək üçün nəinki dəstək, heç bir patron verən yox idi...

Ukraynanın cəbhədəki uğursuzluğa rəğmən yarım milyonluq səfərbərlik qərarının arxasında Kiyevin atəşkəs imzalamaq niyyəti dayanırmı? Demək çətindir. Ukrayna ordusu 20 aydır müqavimət göstərir və Rusiyanın qarşısından qaçsaydı, Qərb silahları da olmasaydı, Şoyqu çoxdan Kiyevdə konyak vururdu. Yeri gəlmişkən, bəzi yerli ekspertlər hələ də Ukraynanın guya bizim üçün də Rusiya ilə vuruşduğu haqda uydurmaları ictimai rəyə sıramağa çalışırlar. Hamıya bəllidir ki, bu savaşı tətikləyən Qərbdir.

RTS8SYTQ.jpg (360 KB)

Onların “sonuncu ukraynalıyadək vuruşmaq həvəsi” keçməyənədək də bu savaş davam edəcək.

2 ilə yaxın müddətdə Rusiyanın işğalçı ordusunu geri oturtmaq mümkün olmayıb, böyük ümidlər bəslənən əks-hücum isə Ukraynaya uğur gətirməyib.

Üzümüzə gələn il nə olacaq, bunu yəqin ki, heç Zelinskinin özü də dəqiq bilmir, çünki əsas qərarlar Kiyevdə verilmir.

Orduya yeni 500 min toplamaq plan həyata keçiriləcəkmi? Bunu da söyləmək çətindir, çünki bu qədər hazırlıqsız adamlarla cəbhə zonasında nə edilə biləcəyi hələ ki, aydın deyil. Hamı üçün kifayət qədər “Kalaşnikov” yəqin ki, tapılar, amma bu, kifayət deyil. Bir gün əvvəl Ukrayna Ali Radası və Maliyyə Nazirliyi elan edib ki, ölkənin yarım milyon insanı səfərbər etmək planını həyata keçirməyə pulu yoxdur. Şəxsi heyətin 500 min hərbçi artırılması üçün əlavə 580 milyard qrivna tələb olunur. Ali Rada şikayət edib ki, bu məbləği tapıb orduya ayıra bilməyəcək.

vsu_ukraina.jpg (149 KB)

Prezident Zelenskinin Ukrayna ordusuna 500 min yeni hərbçi lazım olduğunu Zalujnın(daha dəqiqi Baş Qərargahın) tələbi olduğu ilə bağlı dedikləri təkzib edilib. Zalujnı deyib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi komandanlığı silah, sursat və insan resursları üçün sorğular edir, lakin yarım milyondan söhbət getmir. Zalujnı həmçinin Baş Qərargahın müəyyən etdiyi səfərbərlik planları ilə bağlı konkret rəqəmləri açıqlamayıb, bunu hərbi sirrlə əsaslandırıb.

Deyilənə görə, Hitler Almaniyası SSRİ sərhədini keçəndə Stalin Baş Qərargah rəisi Jukovdan ilk olaraq bunu soruşub: “Xalqın ruhu necədir?” Jukov Stalinə “xalq hazırdır...” deyib. İstənilən müharibədə ordudan yayınan da olur, sərhədi arvad paltarında keçməyə cəhd edən də, saxta əlilik arayışı alan da, düşmənə satılan da, satqın da...

Bu məğlubiyyət qədər qorxulu deyil, müharibənin yazılmamış qanunlarıdır. Qorxulusu odur ki, müharibə edən xalqın müqaviməti, qələbəyə ümidi qırılsın.

Ukraynanın 1994-cü il Azərbaycanını xatırlatması üzücüdür...

yazının son abzası.jpg (38 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR