Свобода людям, независимость нациям!

2025-in nominantları – “İlin “na miq” qaraçuxurlu”su, “Trotski"si, "yetimi”, “ballı sarmaşığı”

2019 31.12.2025 11:00 Аналитика A A

Köhnə oxucular bilir: adətən hər ilin son günlərində “İlin nominasiyaları” başlıqlı yazılar yazardım. Bu il yazmaq fikrim yox idi, hesab edirdim, o söhbətin dadı-duzu qaçıb – çox şeydə olduğu kimi. Amma heç demə, o rubrikada yazı gözləyənlər varmış. Sadiq və qədirbilən oxucum(uz) Anar Həsənli FB-dəki daxili poçtuma eynilə belə yazıb: “Hörmətli Samir Sarı ənənəvi “İlin...” rubrikasını hazırlamayacaq?”

anar.JPG (9 KB)

Ta bundan sonra necə hazırlamayasan? Təki yazı sifarişi xalqdan gəlsin. Yaxşı olardı ki, bəy tezis də göndərsin, hansı məqamları vurğulamağı tövsiyə etsin, amma eybi yoxdur, öz üstümüzdə var.

Beləliklə, ənənəvi “İlin nominantları” rubrikasından daha bir yazı. Görək, 2025-də kimlər necə fərqlənib:

“İlin Trotskisi” – Ramiz Mehdiyev: möhkəmləndirdiyi hakimiyyətə asi çıxandan sonra vəzifəsindən götürülməsinə baxmayaraq, yenə dinc durmadığına, axırda ev dustağı edildiyinə, “buz baltası” kimi görünsə də, naxoşladığına görə;

“İlin mister Mikseri” – Adnan Əhmədzadə: xarici ölkələrdə sevimli mister kimi tanınsa da, gül kimi Azərbaycan neftinə Rusiyanın poks-püsür nöyütünü qatışdırdığına, iqtisadi sabotaj edərək regional neft bazarını qarışdırdığına görə;

“İlin döşülentli bayraqdarı” – İmişli “ağsaqqalı” Saleh Səmədov: 9 may mitinqində sinəsinə “Georgi lenti” taxaraq, SSRİ bayrağı qaldırdığına görə;

 “İlin “na miq” qaraçuxurlusu” – Hacıbala Abutalıbov: il uzunu Qaxdakı villasında yaşasa da, arada bir anlığa Qaraçuxurdakı villasında göründüyünə görə;

“İlin elçisi” – Bolqarıstandakı sabiq səfirimiz Hüseyn Hüseynov: öz elçiliyini özü edərək, katibəsinin “həri”sini aldığına, ondan qız atası olduğu bilinəndən sonra dövlət tərəfindən geri çağrıldığına görə;

“İlin Xata Marisi” – Marina Boteva; səfirimizi bişirərək Sofiyadakı “xata”da xətalı münasibətlərdə olduğuna, onun qızının anası kimi hazırda onu Sofiyaya geri çağırdığına görə;

“İlin Turu” – deputat Razi Nurullayev: finlandiyalı turist Taina Liekari ilə birlikdə Qobustan-Bakı marşrutu üzrə piyada yürüşə çıxdığına və norveçli səyyah Tur Heyerdalı xatırlatdığına görə;

“İlin Dədə Qorqudu” – “Dədə Qorqud” fondunun rəhbəri Eldar İsmayılov: Turan ellərini dolaşaraq rəhbərlərə medal və ad payladığına, axırda ulu ozanın özü kimi ayaq altda qaldığına görə;

“İlin ən ateist dindarı” – ilahiyyatçı Elşad Miri: “İslamda filan şey yoxdur” deyə-deyə çoxdan qəbul edilmiş dini ehkamları puç etdiyinə və qatı ateistləri heyrətdə qoyduğuna görə;

“İlin ən uğurlu və qürurlu çobanı” - “Şərurlu İsfəndiyar”: verdiyi müsahibədə özünü çoban adlandıraraq, yanında alimləri işlətdiyini, onların ona pul qazandırdığını qürur duya-duya deməsinə görə;

“İlin cənnətdən qovulmuşu” – sabiq İH başçısı Elxan İbrahimov: isti Kürdəmirdən sərin Nəsimiyə gətirildiyinə və 47 günün içində postundan götürüldüyünə görə;

“İlin Jannası” – jurnalist-aparıcı Səidə Bəkirqızı: şəhərlilərin evlərindən çıxmayan məcburi köçkünlərə görə on minlərlə insana hücum edə-edə ətrafına “qoşun” topladığına, özünü Janna d`Ark kimi apardığına, eyni zamanda köçkünlər tərəfindən “bu ki Janna axçi kimi danışır” deyə qiymətləndirildiyinə görə;

“İlin reperi” – xanəndə Alim Qasımov: bir şənlikdə qonaqları “həmişə toyda olasuz, həmişə siz gələsüz” deyə repvari salamladığına və bir dəqiqənin içində ölkənin ən məşhur repçilərini kölgədə qoyduğuna görə;

“İlin ballı sarmaşığı” – müğənni Samirə Əfəndi: Qazaxıstanda jüri üzvü olduğu zaman erməni müğənniyə 12 bal verdiyinə və sonra ona sarıldığına görə;

“İlin intellektual müğənnisi” – Faiq Ağayev: jurnalistlər tərəfindən ən intellektual müğənni elan edildiyinə və jurnalistin sualına “Sən hürən itə qayıdıb, hürə bilməzsən ki! Qoy nə deyirlər, desinlər...”, - deyə ultra, bir az da infra intellektual cavab verdiyinə görə;

“İlin falçı-politoloqu” – Zirəddin Rzayev: “Qışda qar yağacaq, yazda dolu düşəcək, şəhərlərdə yanğın olacaq, Yaponiyada zəlzələ görürəm” tipli müdhiş proqnozlar verdiyinə və il uzunu saytlardan oxuduğu politoloji şərhləri təkrarladığına görə;

“İlin yetimi” – karateçi Rafael Ağayev: Sumqayıt uşağı olduğuna və federasiyası tərəfindən sahiblənmədiyinə, ortalıqda qalaraq, çayxanaların daimi müştərisinə döndüyünə görə;

“İlin günahkar keçisi” – hücumçu Nəriman Axundzadə: “Qarabağ” uduzarkən meydana çıxmış16 oyunçunun içindən əsas günahkar kimi seçildiyinə görə;

“İlin utanmazı” – Mehman Hüseynov: jurnalist xanıma verdiyi müsahibədə həbsxana həyatından bəhs edərkən, “məni zorlamaqla hədələdilər, şalvarımı çəkdim aşağı ki, gəlin zorlayın” deyə başına gələn hadisəni kamera qarşısında danışmaqdan utanmadığına görə;

“İlin avtobuslu yazıçısı” – Kəramət Böyükçöl: AMEA-nın həndəvərində avtobusda kitab satdığına və tənqid etdiyi siyasətçilərin tərəfdarları tərəfindən “hökumətin avtobus verdiyi yazıçı” elan edildiyinə görə;

“İlin snayper-killer tənqidçisi” – Orxan Saffari: özü bilir, nəyə görə;

“İlin motivatoru” – oxucu Anar Həsənli: bu yazının yazılması üçün müəllifə motivasiya verdiyinə görə;

Bundan başqa, “İlin Nelson Mandelası” nominasiyasına da namizədim vardı, tərəfdarları da belə adlandırır, ancaq qorxuram ideya vermiş olam, adamı 87 yaşına qədər türmədə yatırdalar. Habelə “İlin zəvzəyi”, “İlin buqəlmunu”, “İlin yeyib-yatmışı”, “İlin korrupsioneri” nominasiyaları məcburən boş qaldı. Ona görə yox ki, namizəd tapılmırdı, ona görə ki, namizəd çoxdur, seçim etmək olmur. Xətirlərinə dəyər, deyərlər: “O qədər namizəd var, niyə məhz mən seçilirəm?”

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости