Bakının bir hissəsinə qar yağdı, bir hissəsinə isə yağmadı. Bunun elmi səbəblərini öyrənmək üçün AMEA ilə əlaqə saxladım. İstəyirəm ordan aldığım dəqiq məlumatı sayın oxucularımızla bölüşüm: Bakının bəzi hissələrində qar örtüyünün formalaşmamasının (...mamasının sonluğu ilə bitən sözləri hələlik istifadə etməyə icazə var, ancaq milli-mənəvi dəyərlərimizə ziddir, təzə qərarla cəriməsi var) əsas səbəbi AMEA prezidenti İsa müəllimin çətiri olmuşdur!
Bəli. İsa müəllim 20 yanvar günü zontiklə harda dolaşıbsa, orda yerə 1 millimetr də qar düşməmişdir (...məmişdir şəkilçisi üzərində hələlik deputatlar işləyirlər, qanun yoxdur, biləsiniz). Buna görə şəxsən Xırdalan, Binəqədi, Yasamal sakinləri adından dərin minnətdarlığımızı bildiririk. İnşallah, İsa müəllimin övladını təzədən Naxçıvan gömrüyünə qaytararlar. Bəsdir el üçün yanan gözləri çıxartdıq!
Elə bu zontik əhvalatının ictimai müzakirələrinin şiddətlə qızışması yaxşı olmadı. Deyirlər, niyə orda bir nəfər cavan oğlan İsa müəllimin çətirini tutubdur. Gərək AMEA prezidenti çətiri özü daşıyarmış, ya da AMEA-nın ixtira elədiyi robot tutmalıymış. Halbuki, həmin robot heç İsa müəllimin salamını almamışdı, dəqiq yadımıza gəlir. Həm də o, daha çox Məşədi İbadıın rəqsini oynamaq qabiliyyəti ilə dünya kibernetik ictimaiyyətinin data ürəyini fəth etmişdi. İnşallah, alimlərimiz çətirdaşıyan robot qayırar, onda canlı insana ehtiyac qalmaz.
Ancaq mən bilirəm, onda da işsizlikdən ağlaşma quracaqlar. Bu xalqın ipinin üstünə odun yığmaq olmur ki. (Cırtdanın nağılında həmin ip-odun məsələsi dəqiq əksini tapıbdır). Özlərini elə aparırlar sanki çətir daşımaq təxminən aftafa daşımaq kimi bir şey imiş. Çox amansız camaatdır. Qətiyyən xəyanətə dözmürlər. Yaltaqlığı bağışlamırlar. Yalan... Nə danışırsan, a kişi? Bizdə yalanı ancaq aprelin 1-də danışırlar, o da uzağı günorta saat 12-yə qədər. Ona qədər birtəhər dözürük.
Əlbəttə, aftafa daşımaq, prinsipcə, humanist hərəkətdir, məsələn, kimsə xəstə ola bilər, ona yardım edərsən, təmizlik, gigiyena işləri apararsan. Yəni, mövzumuz əslində bu deyil. Sadəcə, qəribə gələn odur ki, çox vaxt aftafa daşıyanlar çətir daşıyanlara mız qoyurlar. Görünür, paxıllıqları tutur. Axı çətir daşımaq hardasa müəyyən qədər üst səviyyədir, karyera yüksəlişidir. Ondan da üst səviyyə müdiri belinə alıb gəzdirməkdir, buna hər adam çata bilmir. (Aftafaların ölkəmizə kütləvi idxalının ilk dəfə İrandan başladığını nəzərə alsaq, hətta burda diversiya əlamətləri də müşahidə olunar. Çətir daha demokratikdir. Ancaq indi mövzumuz bu da deyil).
Gigiyena temasını nahaq açmadım. Bizdə çatışmayan məhz budur – ictimai təmizlik, milli gigiyena. Qalan hər şey əliyüləladır. Məsələn, bir də görürsən, hansısa yazıçı yarım litr vurur, bəyanat verir ki, filan manıs erkək olsa da zənən səsi ilə oxuyur. Pah. Gör nə qədər ciddi problem qaldırılıb. (Sumqayıtdakı meyvə dükanından sonra 2-ci yeri hələlik buna verirəm. 3-də zontikdir, 4 hələlik boşdur, görün neyləyirsiniz). Soruşmaq lazımdır ki, qardaş, kiminsə səsinin çıxma üsulu, forması səni niyə narahat eləyir? Özü bilər, səs telləri bilər. İstəsə lap qurbağa kimi quruldayar, qurd kimi ulayar, nə bilim, mələyər, anqırar. Bunun başqasına dəxli yoxdur. Xoşun gəlmir, dinləmə. Sanki bu Panama diktatoru Noryeqadır, 1989-cu ildə Vatikan səfirliyində gizlənib, yankilər də qıraqdan qəsdən dinamiklə pis musiqi verirlər.
Yox, əgər sənə zorla bu manısları dinlədirlərsə, açıq bəyanat ver. Bu dəqiqə dünyada insan hüquqları hər şeydən vacibdir. Qrenlandiyanı həll eləyək, ondan sonra səni narahat eləyən manısların məsələsinə baxarıq.
Üstəlik, “filankəs arvad səsi ilə, behmənkəs gey səsi ilə oxuyur” demək tərbiyəsiz və mədəniyyətsiz yanaşmadır, içində seksizm var, qadınları və cinsi azlıqları repressiya altında saxlayan tipik Şərq-müsəlman rakursudur.
Elə bil, bir az ciddiləşdik, gəlin qayıdaq zontik temasına...




