“İnsanın aşiq olduğunu necə müəyyən eləmək olar? Çox sadə. Aşiq insan öz maraqlarının əksinə hərəkət edir”
(Fransua Trüffo)
Taxtdan salınmış “boz kardinal”la birlikdə deyəsən xeyli tör-töküntülərini də paketləyib “Təmiz zəhər” milli-siyasi zibil emalı poliqonumuza göndərmək fikri vardır. Alqışlayırıq, ancaq müəyyən qədər qorxulu prosesdir. Bəzən oyuncaqlar səhvən də yanma sexinə göndərilə bilər. “Piksar” studiyasının “Oyuncaq hekayəsi” adlı möhtəşəm filmlərinin 3-cü bölümündə belə səhnə var. Endi 17 yaşına çatır, oyuncaqları torbaya yığır ki, çardağa qoysun. Bu zaman başı qarışır, anası torbanı götürüb zibil maşınına atır. Oyuncaqlar da qərara gəlir ki, deyəsən Endi bizdən tamam imtina edibdir. İnciyirlər. Nəsə, möhtəşəm filmdir, həyatın istənilən dövründə baxmağa dəyər.
Sözümün canı odur ki, xərçəng hüceyrəsini kimyaterapiya ilə də müalicə eləmək olar, cərrahi üsullarla da. Əgər metastaz ölümcül yayılmamışdırsa, orqanı niyə kəsəsən? Sabah başqa işdə lazım olar. Yaxud, belə gözəl misal var, deyir filankəs çirkli su ilə birgə uşağı da tullayır.
Burada haşiyə çıxım. Sovet dövründə yaranmış gözəl uşaq mahnılarımızdan birində belə sözlər var: “Qışda, şaxtada, buzda, Günəş çimir hovuzda. Qoy gətirim ləyəni, Su tök, yuyundur məni, Ay ana, böyüyəndə, Günəş olaram mən də”. Oynaq mahnıdır, uşaqlar həmişə sevə-sevə qulaq asır, oynayır. Ancaq bu mahnıda qəmli bir tarixçə gizlidir, heç düşündünüzmü? Düşünmədinizsə, yazıram: yazıq uşağın əksər Sovet cocuqları kimi, hamam otağı, vannası, duşu yox imiş! Əks halda, niyə ləyən gətirir? Sovetlərin son dövründə hamam problemini qaldıran rəhbəri hoydu-hoyduya götürmək asan idi. Ancaq su qızdırmaq, çirkli ləyəni boşaltmaq nə qədər əzab-əziyyətli işdir.
Ramiz müəllimin doldurduğu ləyənə dönsək, indi bəzi retro çıxışlar yayılır, adam həqiqətən heyrətə gəlir. Alqış müəllim demişkən, bəzi yaltaqlar Mehdiyevi tərifləmək cəhənnəm, sözün əsl mənasında doğurmuşlar. (Bəlkə həqiqi, təbii doğuş faizi buna görə aşağı düşüb?). Bir yoldaş var, metamorfozik sitatları ilə daim xalqın ətini tökür, Mehdiyevi “siyasətin akademiki” adlandırıbmış. Maraqlıdır, görəsən indi necə təriflər qoşardı? Məsələn, “dövlət çevrilişi üzrə akademik” işə yarayarmı? Yaxud, “xəyanətin akademiki” – qafiyə də pozulmaz.
Digəri Umberto Ekonun yanından dönərək “Ramiz müəllim bizim Renessansın banisidir” deyibmiş. Təsəvvür elə. İntibah dövrü. Orta əsrlər Avropası. Leonardo da Vinçi. Qaliley. Rable, Servantes, nə bilim, Monten, Kampanella, rotterdamlı Erazm-filan və Ramiz Mehdiyev. Bunları yanaşı təsəvvür eləmək üçün insan nə yeyib-içməlidir, hansı əzablı yollardan keçməlidir? Ramiz Mehdiyev Renessansımızın banisidirsə, onda yəqin Siyavuş Novruzov da Cordano Brunodur. Prinsipcə, məhşur toyda özünü yandırmışdı.
Yuxarıda yazdığım kimi, bu yaltaq çıxışların vaxtını qeyd etmək vacibdir. Yoxsa bəzən indiki zaman şəkilçilərindən istifadə olunur, zəhmətkeşlərimiz çaşır. Zənn edirik Ramiz müəllim amnistiyaya düşüb.
Tarixi qarışdırmaq nə qədər ziyandırsa, araşdırmaq o dərəcə faydalıdır. Yazını da bir tarixi pritça ilə bitirək.
1956-cı ilin fevralında SSRİ Kommunist Partiyasının 20-ci qurultayı keçirilir, ölkənin şefi Nikita Xruşşov özündən öncəki müdir Stalinin qabırğasına döşəyir: “Şəxsiyyətə pərəstiş, siyasi qətllər, repressiya-filan...” Bu vaxt iclas salonundan tribunaya bir qeyd vərəqi ötürülür. Xruşşov vərəqi açır, oxuyur: “Bəs siz özünüz o vaxt harda idiniz?” Xruşşov zala dönür: “Bunu kim yazıb? Ayağa dursun!” Təbii ki, heç kim qalxmır. Xruşşov deyir: “Bax, o vaxt mən də indi sizin olduğunuz yerdə idim”.




