“Hər dərədə bir at öldürüb, baytar olub”
(Azərbaycan ata sözü)
Bir yoldaş var, adətən zənən paltarı geyinib övrət rolları oynamağı ilə tanınır. Guya hələ də bizdə 19-cu əsrdir, övrət rolları oynamağa həmin cinsdən adam tapmırıq, dindar qoçular aktrisaları izləyib tində yorturlar. (Allah bilir, bəlkə də belədir). Əlbəttə, hərə istədiyi formada mütrüblük edə bilər, buna bizim qarışmağa, ağız büzməyə, mırıldanmağa heç ixtiyarımız yoxdur. Mənim “filankəsin səsi filan cür çıxır, behmənkəsin saçı əslində sarı deyil, özünü də hərtərəfli yığdırıb” tipli ictimai diskussiyalara da anadangəlmə nifrətim var.
Son günlərin bir müzakirəsinə mövqeyimi açıqlayım, çünki bu dəqiqə Pekindən Vaşinqtona, Buenos-Ayresdən Qrenlandiyanın Nuuk qəsəbəsinəcən hər yerdə camaat həyəcan və intizarla gözləyir ki, Zamin müəllim həmin mövzu haqqında hansı fikirlərini bildirəcəkdir. Ta sizsiniz, nə edə bilərəm... Söhbət müəllimin güllələnməyi teması ətrafında qeyri-sağlam müzakirələrdən gedir.
Hələ ortada heç bir ilkin istintaq rəyi yoxdur, ancaq camaat özündən versiyalar uydurur. Məsələn, yazmışdılar ki, guya uşaq kompüter oyunlarının təsiri altında imiş. Birincisi, bizdə də geniş yayılmış bu təsəvvürün, “aksiomun” elmi-statistik əsasının olmadığı çoxdan isbat edilib. Yəni, kompüter oyunları, internet, kinolar və sairə uşaq cinayətkarlığını artırmır. Loru dildə yazsam, misal üçün, əgər dünyada 100 uşaq cinayət törətsə bunun 95-nin ümumiyyətlə ömür boyu ekran-efir üzü görmədiyi ortaya çıxır. İkincisi nə idi, yadıma düşmədi.
Yaxud, guya müəllimin uşaqla pis davrandığını açıqlayanlar varmış. Doğrusu, mən belələrini ciddi mediada (yaxşı ki) görmədim. Əgər hansısa axmaq sosial şəbəkədə özündən bu cür rəylər yayırsa, media, KİV ona qoşulmasın gərək. Hərçənd, bir-iki yoldaşın mövqeyi mənə çox tragikomik gəldi. Yazmışdılar: “Hamısını tik-tok eləyir, girin ora, görün nələr baş verir, bizi daha hansı faciələr gözləyir”. Axırda çoxlu nida işarəsi, qanlı göz yaşı axıdan smaylik, qəbir, kəfən, Ramiz Rövşəndən beyt-zad da var idi. Əziz dostlar, əgər birinin (məsələn, mənim) o cür platformalarda ümumiyyətlə hesabı yoxdursa, həmin adam nə eləsin? Belə çıxır siz məni Tik-tokda hesab açmağa çağırırsınız. Faciə baxımından yersiz görünsə də, axı bu gülməlidir! Eləcə dirəşiblər: “Yox, e, girin Tik-toka, girin, tez eləyin”...
Təbii ki, guya müəllim peşəsinə neqativ münasibətin formalaşmasının bu cür hadisələrə gətirəcəyini yazanlar da eyni dərəcədə, qarşı mövqe olaraq qərəzlidir. (Anadoluda bunun qarşılığı olan “önyarqı” sözü vəziyyəti məncə daha yaxşı ifadə edir). Sən demə müəllim peşəsi müqəddəs imiş, son illərdə uca millətimiz müəllimlərə “onu eləmə, bunu eləmə” qadağaları qoyaraq işin zibilini çıxarıbdır. “Məktəbə güllə gəlmək olmaz, güllə ilə gəlmək olarmış” – belə romantik-sentimental, buketlənmiş, arasına, nə bilim, Vahid Əzizin, Nəriman Həsənzadənin misraları qoyulmuş paylaşımlara rast gəldim. Ehh... Birincisi, peşə müqəddəs ola bilməz, peşənin daşıyıcısı isə, ola bilər, bu da fərdidir. Vallah, həmişə də belə olub – Platondan üzü bəri, Üstüaçıq rayon Vurdumqaçdı kənd orta okulunun əmək təlimi müəllimi Peti müəllimə qədər. İkincisi, əgər bu gün hansısa peşəyə camaat neqativ yanaşırsa, bəlkə bu, onun daşıyıcılarının orta statistik vəziyyəti ilə əlaqədardır? Çox dərinə getmək istəmirəm, mən şəxsən seçkilərdə məktəblərdə elə müəllimlərə rast gəlmişəm ki, başımın tükləri biz-biz olub.
Nəsə, mövzu uzanıb söz dizə çıxmamış sayın artistimizə dönək. Xəbərlərdə gördüm, indi bu yoldaş müəllim işləyirmiş. Gənclərə, tələbələrə aktyor sənətinin incəliklərini başa salırmış. “Onlara keyfiyyətli yumorun nə olduğunu anladıram” – təxminən belə cümlə işlətmişdi. Təsəvvür elə. Gör nə qədər təvazökar insandır. Özünün keyfiyyətli yumor qayırdığını düşünürmüş. Vallah, nə demək olar, xeyirli olsun, şadlıqlarda görüşək...
Yeganə ümidverici cəhət odur ki, yaxın gələcəkdə bizim ekran-efir zənən rolu oynayan erkəklər baxımından qıtlıq çəkməyəcək. Bunun özü də bir inkişafdır.
P.S. Niyə bu cızmaqarada “qadın” yerinə “arvad” sözü yazılıb deyə mırıldananlar olsa onlara cavabım hazırdır: “Bu yoldaşın oynadığı rollar qadın rolları deyil, məhz arvad rollarıdır”.




