Mayın 9-da Sirus Təbrizlinin doğum günüdür. Milli azadlıq hərəkatının öncüllərindən biri, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının qurucu üzvlərindən biri, keçmiş mətbuat və informasiya naziri yaşasaydı, 84 yaşını qeyd edəcəkdi. Amma 2013-cü ilin 7 sentyabrında Nabrandakı bağ evində qəfil vəfat etdi...
Yaxın dostu, AzTV-nin sabiq sədri, yazıçı-jurnalist Məmməd Muradın Sirus Təbrizliyə həsr etdiyi, onun bir sıra məqalələrinin də yer aldğı “Kəramət Mücahidi” adlı kitabın təqdimatında iştirak və çıxış edən natiqlər hər iki aydının yoxluğuna təəssüfləndiklərini bildirdilər.

Məmməd Murad da ötən ilin payızında həyata vida deyib və yaxın dostu haqqında xatirələrini, Sirus Təbrizlinin sevdiyi kəlamları topladığı kitabın təqdimatını görməyə ömür vəfa qılmayıb. İştirakçıların və çıxış edənlərin bir çoxu hər iki ziyalı ilə uzun illərin dostları olduqlarını bildiriblər.
“Sirus” nəşriyyatında çap olunan təqdimat mərasimini Sirus Təbrizlinin qızı Arzu Təbrizli ərsəyə gətirmişdi. Atası haqqında yazılan kitabın işıq üzü görməsində zəhmət çəkən hər kəsə, redaktorlar Kərim Kərimli və Aynur Əlifqızı, həmçinin bütün yaradıcı və texniki heyətə təşəkkürünü bildirən Arzu xanım bir-bir iştirakçılara söz demək imkanı yaradıb.
Tanınmış jurnalist-yazıçı İlqar Rəsulun vaxtilə Sirus Təbrizli ilə audiomüsahibəsinin təqdimatı və Məmməd Muradın “Təkan” pyesindən bir parçanın təqdimatı tam yerinə düşdü, təqdimat gecəsinə əlavə rəng qatdı.
Professor, sabiq deputat Şahlar Əsgərov Təbrizdə anadan olan Sirus bəyin şəxsi mənafe daşıyıcısı olmadığını, daim ictimai mənafeyi düşündüyünü, özü üçün yox, Vətən üçün çalışdığını deyib. Hətta ona ev təklif olunarkən “mən nazir seçilmişəm deyə, şəhərin mərkəzinə köçməli deyiləm”, cavabını verib.
İstiqlalçı deputat Etibar Məmmədov bağ qonşusu olan Sirus Təbrizli ilə demək olar hər gün görüşdüyünü, hər zaman müzakirələr apardığını xatırladı. Bildirdi ki, hər hansı bir ideyanı həyata keçirmək üçün lazım olan fəaliyyəti təşkil etməyi və onu reallaşdırmağı bacaran bir insan idi. Həm Sirus Təbrizli, həm də Məmməd Muradla yaxın dost olduqlarını deyən Xalq şairi Vahid Əziz isə dünyadan köçsələr də, onların daim yaşayacağını bildirdilər.

Sabiq deputatlar Rəbiyyət Aslanova, Cahangir Hüseynov, jurnalist Arzu Qazıyeva, şair Baba Vəziroğlu hər iki ziyalı barədə xatirələrini bölüşdü, aktyor Kamran Yunus Məmməd Muradın müəllifi olduğu poemadan parçalar söylədi. Təqdimat gecəsində Sirus Təbrizli və Məmməd Muradın həyat və yaradıcılıq yolundan bəhs edən kadrlar nümayiş olundu. Hər iki mərhumun övladları ürək sözlərini söylədilər.

Gecənin ən təsirli anı isə Sirus Təbrizlinin qızı Sevinc xanımın çıxışı oldu, onun atasına xitabən göz yaşları içərisində səsləndirdiyi ürək sözləri bir çoxlarını qəhərləndirdi...
O anda Sirus Təbrizli ilə çoxsaylı müsahibələr etmiş, onu azdan-çoxdan tanıyan bir media təmsilçisi olaraq gözlərimdən kino lenti kimi keçdi Sirus bəylə görüş və söhbətlərimiz, telefon zənglərimiz. Tez-tez görüşə bilməsək də, tez-tez zəng edərdi, hansısa mövzu onu tuturdusa, mövqeyini bildirməyi sevərdi. Yazılarımızı təqdir etdiyi də olurdu, yeni ideyalarla çıxış etməsi də. Qarabağa görə çox narahat idi. Doğum günündə zəngləşən zaman zarafatyana ardıcıl düşən doğum günlərimizdən bəhs edər, amma zarafatımızı Şuşa fəlakəti yarıda kəsərdi...Hamımız nisgilliydik axı...Xüsusən də Təbriz nisgilindən sonra Sirus bəy Şuşa və bütövlükdə Qarabağ ağrısı ilə baş-başa idi. Çox narahat idi, amma ümidli idi, çünki böyük Heydər Əliyevin oğlu, onun siyasi irsinin davamçısı İlham Əliyevin prinsipiallığına, qətiyyətinə, cəsarətinə bələd idi. İnanırdı ki, torpaqları azad edəcək! Şükürlər olsun, o gün gəldi və doğum günü ərəfəsində Şuşa nisgili ilə yaşayan Sirus bəyin də ruhu şaddır, inşallah!

Qarabağı azad edəcək gənc nəslin təlim-tərbiyəsi, sağlamlığına da Sirus Təbrizli çox həssas yanaşdığı məsələ idi. Deyirdi idmanı təbliğ etmək lazımdır, qoy övladlarımız sağlam böyüsün, bizə sağlam nəsil lazımdır. Qışda dənizdə üzən, çayda çimən bu “balta kimi adam” bizi qış günlərinin birində “Cız-bız hamamı” adlandırdığı məkana dəvət etmişdi. Qarlı gündə hovuzda üzüb, daha sonra qarın altında bədənini yumuşdu...Mözücə insan idi. Daha sonrakı söhbətlərimizdən birində velisopeddən düşüb, başıüstə dəqiqələr boyu dayanmışdı. Yadımdadır, fotoaparatın şəkilləri çəkmədiyini görəndə təkrar eyni qaydada dayanıb, eləcə başı aşağı, əlləri üstə söhbət eləmişdi. Bu yaşda riskə getdiyinin fərqindəydi. Amma o, riskə getməyi sevirdi. Hətta hakim komandada söz sahibi olan bəzi şəxslərə də nümayişkaranə şəkildə sözlərini deyirdi. Sonrakı gedişat onun nə qədər haqlı olduğunu göstərdi...
Elə yazının bu məqamında jurnalistlərin mərhum dostu ilə bağlı bir söhbətimizi xatırladım. İbrətamizdir. Ona görə də təkrar təqdim etməkdə fayda var. Sabiq nazir Sirus Təbrizli bir dəfə bu sətirlərin müəllifinə zəng edib, nəvəsi Sirus haqqında belə bir əhvalat danışmışdı:
“Birinci sinifdə oxuyur, çox şuluqdur, evdə onu nə yedirə, nə yatızdıra bilirlər. O gün gəldim evə, dedim Sirus, kitabını götür gəl yanıma. Azərbaycan nağıllarını götürüb gəldi. Biri nağıl var “Mərd və Namərd” nağılı. Dedim bilirsən mərd, ya namərd nədir? Dedi “yox”. Mən ona başa saldım ki, mərd qorxmaz, başqasının haqqını müdafiə edən adamdır. Namərd də bunun əksidir, yaxşılığa pislik edir, vuranda səni arxadan vurur və sair. Ardınca uşaq başladı nağılı oxumağa. Orda da yazılır ki, Mərdlə Namərd səhrada uzun yol gedirlər. Mərdin suyu, çörəyi qurtaranda Namərddən istəyir. Namərd deyir, onda gözlərini mənə ver, sənə su, çörək verim. Əlacsız qalan Mərd razılaşır. Bu məqama çatanda mən dəhşətə gəldim. Dedim Sirus, Mərd gərək bu məqamda Namərdi təpik altına salıb əzişdirəydi. Əgər sən çörəkdən ötrü gözünü verirsənsə, sonra ikinci gözünü də suya dəyişirsənsə, onda bu, mərdlik deyil, məzlumluqdur. Sən gərək haqqını alasan. Mərd gərək bu alçağı məhv edib, haqqını alaydı. Əgər bizim mərdimiz budursa, onda namərdimiz necədir? Əgər bizim mərdimiz çörəyə görə gözünü şərə verirsə, kül bizim başımıza. Gör biz illərdir necə tərbiyə olunmuşuq. Hansı amerikalı bu yazı ilə uşağını tərbiyə edər? Elə buna görədir ki, acizləşmişik, torpaqlarımız gedib. Məndən olsa, bütün bu yazıları kitablardan yığışdıraram. Odur ki, yeni təhsil nazirinə də müraciət edirəm, qoy dərsliklərdəki bu məqamlara ciddi fikir verilsin”.
Sirus Təbrizli onu da demişdi ki, nəvəsini yanına çağırmağına, ona bu nağılı oxutdurmağına da peşman olub və sonda nəvəsindən üzr istəyib...

Babası haqqında kitabın təqdimatında həmin “balaca”, amma bu günün 20 yaşlı nəvə Sirus Təbrizlisi də iştirak edirdi. Maşallah olsun, Sirus bu gün “Qarabağ” futbol klubunun əvəzedici heyətində yer alır və müvəqqəti olaraq “Araz-Naxçıvan” klubunun idman şərəfini qoruyur. Allah namərdlərddən qorusun!





