Bakı-Moskva münasibətlərində təzədən bəzi xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır. Əlbəttə ki, yenə də şimal qonşumuzun atdığı destruktiv addımlar səbəbilə.
Belə görünür ki, Rusiyada müəyyən mərkəzlər növbəti dəfə Azərbaycandan və azərbaycanlılardan “əcinnə” düzəltməkdə maraqlıdır. Bu istəyin Kremlə, konkret olaraq Putinə nə dərəcədə bağlı olub-olmadığını isə yəqin ki, tezliklə, daha dəqiqi, dekabrın 25-dək – AZAL-a məxsus mülki təyyarəmizin Qroznı üzərində vurulmasının birinci ildönümünə qədər biləcəyik. Məhz ona kimi Putinin ötən ay Düşənbədə İlham Əliyevə verdiyi məlum vədləri tutub-tutmayacağı bəlli olacaq...
Ona hələ var, bu gün isə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin Bakıda ilin əvvəlində qapadılmış “Rus evi” ilə bağlı mesaj xarakterli açıqlama verib. Diplomat bildirib ki, Moskva “Rus evi”nin tezliklə fəaliyyətə başlayacağını ümidlə gözləyir.
Sitat: “Biz Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında münasibətlərimizin bütün gündəliyi, o cümlədən humanitar komponent üzrə əlaqələri davam etdirəcəyik. Biz eyni zamanda, ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə vermiş Bakıdakı “Rus evi”nin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həll yolları tapmağa sadiqik”.
“Əhəmiyyətli töhfə...” Görəsən nədən ibarət olub o “töhfə”?
Dərhal xatırladaq, adı çəkilən “mədəniyyət obyekti” uzun illər ərzində Azərbaycan dövləti əleyhinə casus yuvasına çevrildiyi üçün qapadılıb. Yəni ora həm də faktiki Kremlin burdakı “5-ci kolon”çularının ideoloji mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Kim bilir, suverenliyimizi vaxtında bərpa edib rus “sülhməramlı” kontingenti ölkədən çıxarmasaydıq, Moskvanın Qarabağda reallaşdırmağa çalışdığı qondarma “Rus icması” dövlətçiliyimiz üçün əlavə hansı ciddi fəsadlar yaradacaqdı...
Kaluqinin “Rus evi” israrı Rusiyada soydaşlarımıza qarşı artan təzyiq kampaniyası fonunda məxsusi diqqət çəkir. İstisna deyil ki, xarici işlər nazirinin müavini Mixail Qaluzinin ötən həftə Bakıya qəfil və müəmmalı səfərinin hədəflərdən biri də bu olub. Odur ki, aşağıdakı ritorik sual öz aktuallığını saxlayır: Moskva niyə “Rus evi”nin açılmasında bunca israrlıdır?
Məsələ də ondadır ki, Azərbaycanda son illər yalnızca Rusiyaya bağlı neqativ simvollar yox, onlarla bərabər həm də “5-ci kolonçular”ın arealı xeyli azalıb. Az öncə SSRİ bayrağı ilə Bakıda təxribatçı aksiya keçirmək istəyənlərin saxlanması, onların Rusiya ilə əlaqələrinin üzə çıxması olayı da göstərdi ki, Moskva ümumən Azərbaycana, onun ictimai rəyinə təsir rıçaqlarını bir-bir itirməsindən bərk narahatdır və yollar axtarır. Üstəgəl, keçmiş “boz kardinal” Ramiz Mehdiyev və dəstəsinin ifşası.
Bu yandan da vurulan təyyarəmizə görə ayrılan möhlət bitir. Yada salaq ki, Azərbaycan tərəfi hələ Putinin Düşənbədəki vədlərinə qədər faciə ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edə biləcəyini bəyan eləmişdi. Gözləyək görək, Bakının xoş məramının mükafatı nə olacaq? Bəlkə rəsmi Moskva bizimlə hansısa siyasi bazarlığa ümid edir? “Rus evi” də içində...




