Köhnə ordu lətifəsində əsgər gizirdən soruşur: “Yoldaş gizir, timsahlar uçurmu?”. Gizir deyir: “Nə sarsaqlayırsan, əlbəttə, uçmurlar”. Əsgər: “Axı bayaq polkovnik dedi ki, uçurlar”. Gizir: “Hə, düzdür, uçurlar, ancaq belə, çox alçaqdan uçurlar”.
Keçən ilin dekabrında Tramp Çinin külək enerjisi qurğuları istehsal eləyib bütün dünyaya satdığını, lakin özünün bunu istifadə etmədiyini açıqlamışdı, çinliləri bu baxımdan ağıllı, hiyləgər adlandırmışdı. Guya hamı neft-qaz istifadə eləsə daha yaxşı imiş, alternativ enerji mənbələri axtarmaq boş işdir, faydasızdır, ümumiyyətlə, qlobal istiləşmə də yalan-palandır. Ancaq sonra ortaya çıxdı ki, Çin dünyada külək enerjisinin ümumi istehsalının təxminən 30 faizinə yiyəlik etməklə 1-ci yerdə gedirmiş.
Biz, təbii, Trampa inanmağa məcburuq. “Polkovnik” həmişə haqlıdır. Tarixi qaliblər yazır, necə deyərlər. Üstündən 50-100 il keçəndə heç kimin yadına Çindəki yelqovanlar düşməyəcək. Ancaq, məsələn, Maduronun aparılmağını xatırlayacaqlar. Ya da Xamneyinin saqqalı ələ keçsə. Nə bilim, Qrenlandiya buzu viski badəsinə salınsa.
Xamneyi və tarix demişkən, İranda son 1 ayın qanlı hadisələri xalqımıza yaxşı dərs olmalı idi, prinsipcə. Ancaq olmayacaq. Yenə “başıbağlı gəlinlər”, “inanclı dustaqlar”, “müxalifətçi həcilər” gündəmdə qalacaq. Heç özünə sual verən olmayacaq ki, “Biz Zeynəbin itiyik”, “Ağam Əbəlfəz”, “Ya Hüseyn” və sair şüarları dünyaya marketinq eləyən bir rejim rəsmi açıqlamaya görə 4 minə yaxın, adı məlum 6 mindən çox, qeyri-rəsmi isə 30 mindən artıq vətəndaşını nə üçün, necə, hansı insaf-mürvətlə gülləbaran etdi, gözlərini çıxartdı, meyit torbaları belə çatışmadı. Din siyasi alət olanda axırı da belədir, əvvəli də, ortası da. Bu təhlükəni Azərbaycandan həmişə uzaq eləmək lazımdır.
İranpərəstlər guya arqument də tapıblar, deyirlər, Amerikada miqrasiya işçiləri son 1 ayda 2 nəfəri güllə vurub öldürüb. 2 ölü ilə 4 min ölünü müqayisə etmək ancaq dindarların ağlına gələ bilər.
Əlbəttə, axı hər insan qiymətlidir, kainatın əşrəfi-zadıdır və sairə. (Burada sizə-bizə məyusedici, ancaq elmi informasiya verməyə borcluyam ki, insan kainatın nəinki ən şərəfli məxluqudur, tam tərsinə, bəlkə ən çirkin, iyrənc varlıqlardan biridir, metastaz vermiş təbiət düşmənidir. Ümumiyyətlə, kainat üçün biz toz, mığmığa kimi bir miqyas, əhəmiyyət daşıyırıq). Amerikada bu 2 cinayətə görə araşdırma başlandığını da yazmağın mənası yoxdur. Din insanın gözünü örtübsə, ona heç nəyin təsiri olmur. O artıq başqa sferada məskunlaşır.
Sözgəlişi, bu yaxında Əfqanıstandakı “Taliban” rejimi təzə qanun düzəldib, daha arvadlar valideynlərinin evinə ərdən icazəsiz gedə bilməz. Buna görə nəinki arvad, onun ata-anası da cəzalanacaq. Neçə şallaq, yoxsa arvadın əlini kəsəcəklər – ta bunu dəqiqləşdirməyə həvəsim olmadı.
Mövzu açılıb, birini də yazım. Yaxınlarda bir yoldaş “araq içib dindarları təhqir edib” adıyla üzr istəməyə məcbur edildi. İcra hakiminin müavini olan arvadını isə işdən qovdular. Lap yaxşı. Hərçənd, mən onun çıxışında hər hansı təhqir görməmişdim, bunu qırağa qoyuram. Hesab edək bununla dindarlarımızın təəssübünü çəkdik, onların etiqadı müdafiə olundu. Bəs adında “islam respublikası” ifadəsi daşıyan dövlət minlərlə günahsız insanı məhv edəndə bunun üzrxahlığını niyə eləyən olmur? Bu “islam” başqa “islamdır”, eləmi? Yaxşı, “Taliban” elə, İran belə, Səudiyyəsi helə... Bunun insan dostu olanı yoxdurmu?
Təbii, var. Elə bizim Azərbaycan müsəlmanları orta hesabla dünyanın ən mərhəmətli, humanist dindarları sayıla bilər. Mən bu barədə çox düşünmüşəm ki, niyə belədir, axır qənaətim budur: söhbətin ərəbcə olmağı böyük əhəmiyyət daşıyır. Biz orda yazılanların çoxunu, yaxşı ki, başa düşmürük. Başa düşsək, salamat baş qalmazdı. O dini temaları tərcümə eləyib xalqın arasında yayan Nəriman Qasımoğlu, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Elşad Miri kimi şəxslər isə bu xalqın, kəskin yazsam, düşmənləridir.
Zəhmət olmasa, bizi ənənəvi inancımızdan uzaqlaşdırmayın.
P.S. “Timsah” armadası, deyirlər, Hind okeanı tərəfdə üzür. İnşallah. Allahın zopası olmur ki... Bəzən sel göndərir, bəzən aviadaşıyıcı.




