“Hər kəsin çörəyi xəmirinə görədir”
(Azərbaycan ata sözü)
Bugünlərdə hər bir rayonumuzda “2025-ci ilin sosial-iqtisadi yekunları” adlı standart iclaslar keçirilir. Həmin iclasların salonundan tutmuş rəyasət heyətinə qədər hər şey o qədər şablon və trafaretdir ki, “Salyan” sözünün yerinə “Füzuli”, “Zaqatala”nı silib “Lənkəran” yazsan, faktiki heç zad dəyişməz. Sovet vaxtı “partxozaktiv”, yəni, rusca yazsaq, “partiya-təsərrüfat fəallarının yığıncağı” adlanan bu tədbirlərin heyəti icra hakimi (o vaxtkı ispolkom), milis rəisi, prokuror, vayenkom, deputat (SSRİ-də Ali Sovetin deputatı), YAP-ın yerli təşkilatının sədri (bu, ad olaraq raykom katibinə uyğun gəlir, ancaq vəziyyət bir az başqadır) və bu kimi yoldaşlardan ibarət olur. Tərifin biri bir qəpikdən. O bunu göyə qaldırır, bu onu. Axırda sağıcı və pambıqçılara diplom verilir, dağılışırlar.
Ancaq bu il nəsə şeytan məni tərpətdi, dedim, bir baxım görüm, bu iclaslarda indi nə göstərilir. Qəribə detal müşahidə elədim: rayonların hamısında iclas salonunun dəhlizində “Bizim rayonun məhsulları” şərti adı ilə sərgi də təşkil olunmuşdu və ənənəvi qoz-fındıq, şəkərbura-paxlava, alma-armud tipli şeylərin yanında... çörək də qoymuşdular. Ən azı 3-4 rayonun məhsulları arasında çörəyi gördüm, hamısına baxmağa həvəsim olmadı.
Yəni, 2026-cı ildə regionlarımızın inkişafı üzrə gəldiyimiz nəticə bundan ibarətdir ki, rayonda hələ də çörək bişirilirmiş.
Böyük nailiyyətdir, nə demək olar. Bişirməsələr, nə edərik? Camaat acından ölər. Bütün kəndçilərimiz adından əlaqədar orqanlara dərin minnətdarlığımızı çatdırıram. Hələ bəzi rayonlarda güman edirəm, çörəyin yanında lavaş, yuxa da yayırlar, arasına pendir qoy, dürmək elə, vur bədənə. Əgər ölkənin milli gəlirinin formalaşmağında 75-80 faiz Bakı şəhərinin payına düşürsə, rayonlarda iclas salonunun qənşərində yumru soba çörəyinin qoyulmağı qeyri-adi uğurdur!
Zarafat eləmirəm, indiki uşaqlar bilməz, biz sovetin vaxtında çörək növbəsində durardıq. Camaat un kisəsi üstündə baş yarardı. O qədər qıt və nadir idi ki, hətta Ağdamda “Çörək muzeyi” açmışdılar. Çörəyin içindən bolt, qayka, ip, sabun qırığı, diplom işi, ayaqqabı tayı kimi əşyaların çıxması da adi hal idi. O vaxt kimsə şayiə yaymışdı ki, Kirovabad (indiki Gəncə) qənnadı fabrikində bir fəhlə konfet qarışdıran çənin içinə yıxılıb, uzun müddət heç kim oranın konfetini almırdı, deyirdilər, adamı karamelin içliyinə qatıblar. Düzdür, çörək mövzusuna bu söhbətin dəxli yox idi, yadıma düşdü, yazdım. İstəməyən bu abzası oxumasın. Yəqin indiyə həmin konfet partiyası bitmiş olar.
Ancaq, çörəyə and olsun ki, hazırda çörək normal bişirilir. Çünki texnologiya var, daha əllə çörək yoğurmaq, yaymaq, toplamaq kimi işlər aradan qalxıb, bişirmə prosesi adətən insan əli dəymədən başa çatır, qablaşdırılır. Hətta bəzi dələduzlar çörək zavodlarını şantaj eləmək, dəymiş ziyana görə pul almaq üçün iynəyə tük keçirir, sonra həmin tükü çörəyin içinə salırmışlar.
Sözgəlişi, keçən il alimlərimiz bir mühüm qərar da qəbul elədilər və artıq “şalvar-köynək”, “duz-çörək” yaxınmənalı söz sayılmır. Bu hardan yadıma düşdü, mövzuya dəxli nə idi, onu da oxucuların ixtiyarına buraxıram. Lazım deyilsə, bu abzası da buraxın.
Qarşıdan isə 2 fevral Gənclər günü gəlir, artıq bu münasibətlə də iclaslara start verilib. Dünən Suraxanıda rayonun aktivləri başda icra hakimi, deputat, FHN, vayenkom və sairə olmaqla toplaşıb nəyəsə görə yundan toxunma Vinni Pux və Labubu oyuncağına baxırdılar. Deyəsən, Suraxanıda keçən il gənclər çoxlu oyuncaq toxuyublar. Böyük nailiyyətdir. İnşallah, iclasa gələnlər hamısı oyuncaq alıbdır.




