Свобода людям, независимость нациям!

Duqin “Rusiya dağıla bilər” dedi – Putin sərhədləri bağlayır?

2427 03.01.2026 14:33 Колумнисты A A

Gələn ay Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin 4 ili tamamlanacaq. Müharibə uzandıqca isə sövq-təbii onun xərcləri də artır və hər şeydən əvvəl hücum edən ölkənin iqtisadiyyatı, bank-maliyyə-sistemi bu ağır “yükün” altında daha da təngnəfəs olur. Həmçinin nə qədər sakit görünsə belə, nəticə olaraq cəmiyyətdə, siyasi elitada, oliqarxiya kəsimində gərginlik və ümidsizlik dərinləşir.

Moskvanın neft-qazı satmaqda getdikcə daha böyük çətinliklərlə üzləşməsini də nəzərə alsaq, 2026-c ilin girişində “şimal ayısı” üçün qəmli bir mənzərənin ortada olduğunu söyləmək mümkündür. Axı Putinin “xüsusi hərbi əməliyyatı” uzağı, bir həftəyə bütün hədəflərinə çatmalı idi.

Planlar boşa çıxdı, Rusiya dərin bir bataqlığa düşdü. Sən demə, Ukrayna “asan sınan qoz” deyilmiş. Bir yandan da Kremlin güzəştsiz mövqeyi konstruktiv sülh danışıqlarını, atəşkəsi əlçatmaz edir ki, bu da bumeranq effekti kimi yenə Rusiyanın özünə qayıtmaqdadır - onu bir az da taqətdən salmaqla...

Maraqlıdır ki, bu arada Kremlin danışmanlarından və ideoloqlarıbdan sayılan, avrasiyaçı-filosof Aleksandr Duqin kifayət qədər bədbin açıqlama verib. O, prezident Putini təcili şəkildə sərhədləri bağlamağa və milyonluq ordu toplamağa çağırıb.

Səbəb bu sitatda: “Bu ilin rus ili olub-olmayacağını, qələbəyə doğru gedib-getməyəcəyimizi qarşıdakı aylar müəyyən edəcək. Yaxud Rusiya məhv olacaq. Tez-tez çağırış etdiyim tam səfərbərliyin vaxtı artıq gəldi. Ordu qarşıdakı aylarda bir milyon nəfərə çatdırılmalıdır. Bunu prezident Putindən xahiş etmişəm. Əminəm ki, xahişim eşidiləcək”...

Müraciətdə iki məqam məxsusi diqqət çəkir. Putin kimi Çar Rusiyasının xiffətini çəkən Duqin görəsən niyə belə narahatdır və hansı səbəbə Putinin ona qulaq asacağına əmindir?

Məsələ ondadır ki, ümumi səfərbərliyə getmək və sərhədləri bağlamaq öncəliklə Putinin “işlərinin” yaxşı getmədiyinin, “xüsusi hərbi əməliyyat”ın iflas olduğunun bariz təsdiqi və etirafı anlamına gələcək. Kreml rəhbəri isə nə ölkənin daxilində, nə də onun xaricində özü haqda belə rəyin yaranmasını qətiyyən arzulamır.

İkincisi, ümum-Rusiya səfərbərliyi toplumda gərginliyi, pessimizmi daha da artıracaq, gənc və orta yaşlı kişilərin ölkədən qaçışı, “beyin axını” sürətlənəcək. Paralel surətdə siyasi elitada, biznes camiyəsində narahatlıq və hakimiyyətə qarşı narazılıq güclənəcək. Hətta “saray çevrilişi” də istisna deyil. Nədən ki, dinbir, dilbir slavyan Ukraynaya qarşı qanlı müharibənin heç bir ciddi motivi, mənası, izahı yoxdur, olmayıb. Heç kim Rusiyaya hücum eləməyib. Zelenski də Hitler deyil.

Bəzi siyasi müşahidəçilərə görə isə Rusiya 1-ci Dünya müharibəsindəki (1914-1918) aqibəti təkrar yaşaya bilər. O vaxt çar Rusiyası müharibədən parçalanmış şəkildə çıxmışdı. Bu proqnozu da yaddaşın bir küncündə saxlayaq...

Və sonda. Bu günlərdə məlum olub ki, ukraynalıların 62%-i müharibəyə lazım olan qədər dözməyə hazırdır. Belə bir qənaət Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) noyabr-dekabr aylarında keçirdiyi sorğudan hasil olur. Eyni göstərici sentyabr ayında qeydə alınıb.

Demək ki, Rusiyanın hərbi təcavüzü 4 ildə bu məğrur xalqın əzmini, iradəsini qıra bilməyib. Onu rüsvayçı “sülhə”, kapitulyasiyaya vadar eləmək mümkünsüz. Əsas da budur. Ona görə ki, düşmənə qarşı nifrət, mənəvi ruh yüksəkliyi, mübarizlik müharibədə həmişə həlledici amil olub, nəinki silah-sursatın, ordunun və hətta nüvə başlıqlarının sayı.

Bu da Putin üçün 2026-ya hələlik ən pis xəbər...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости