“Bir adamın ölümü faciə, çox adamın ölümü statistikadır” deyən fikir adamı ötməkdə olun bu həftədə növbəti, milyonuncu dəfə haqlı çıxdı.
İsrail rəsmiləri etiraf etdi ki, Qəzzada hava bombardmanları nəticəsində 70 min adam öldürüblər, onlardan 25 mini HƏMAS döyüşçüsü olub.
İranda isə kütləvi etiraz aksiyalarının iğtişaşa çevrilməsi prosesində öldürülənlərin sayı 5 mindən çox, 30 mindən az hesablanır. Dəqiq rəqəm yoxdur.
70 min... 5 min... Heç insan deyil, başqa bir canlı məxluqdur, məsələn, 70 min pandanın, 5 min ceyranın qətl edilməsini, küçələrdə qalaqlanmış cəsədlərini təsəvvür edin.
Ölənlərə dair böyük rəqəmlər səsləndirilir, hamı oxuyur, dinləyir, bir neçə dəqiqədən sonra unudur, amma bu, o qətlə yetirilənlərin hər birinin faciəsidir.
Ölüm qorxusundan böyüzm olmuş körpələri, uşaqları, yeniyetmələri təsəvvür edin. Hələ bunun balalarını bağrına basaraq qorumağa çalışan anaları, qaçıb gizlənməyə halı olmayan qocaları, həyatın bütün şirinliyinin öndə olduğunu düşünən növcavanları var.
“Qəzzada uşaqları öldürürlər” deyə illərdən bəri haray-həşir salan İran rəsmilərinin özləri ölkəni sarmış etirazlar zamanı yüzlərlə uşaq öldürüblər. Ta nə fərqi oldu? Hətta daha pis durumdur: İsrail hərbçiləri öz soyundan olmayanları qırdığı halda, İran hərbçiləri öz soydaşlarına qarşı qırğın törədib.
4 ildir Ukraynada gedən qırğının statistikası isə itib gedib. Ölənlərin sayının yarım milyonmu, 1 milyonmu olduğu bilinmir artıq. Evindən didərgin düşənlərin sayı 5 milyondan çoxdur. Milyonlarla insan (qadın, qoca, körpə, yeniyetmə) qışın şaxtasında soyuq evlərdə, zirzəmilərdə, cürbəcür sığınacaqlarda gecələyirlər. Ölkə başdan-başa faciənin içindədir.
Dünya birliyinin, beynəlxalq ictimaiyyətin əlindən bir iş gəlmir. 3-5 faiz duyarlı, duyğusal insandan başqa bu boyda insanlıq faciəsi bir kimsənin vecinə deyil. Müharibə olmayan ölkələrdə hamı öz asudə həyatını kef-damaq, əyləncə içində yaşayır.
“Spectator" jurnalının əməkdaşı Ouen Mettyus üçün isə əsas faciə Ukraynanın Çaykovski və Bulqakovun əsərlərini mədəni sahədən çıxarmasıdır. Adam milyonlarla insanın faciəsinin fövqünə “Qu gölü” baletinin Kiyevdə repertuardan çıxarılmasını qoyur və bunu “barbarlıq” adlandırır.
Rusiyanın 4 ildir Ukraynada yüz minlərlə insanı qətlə yetirməsi, milyonlarla insanı vətənlərindən didərgin salması, abad-abad şəhərləri xarabaya çevirməsi barbarlıq deyil, Bulqakovun hansısa əsərinin tədris edilməməsidir. Düşüncə belədir.
Biz başqa ölkədə yaşayanların hansısa bir ölkənin faciəsinə etinasızlığını 30 il boyunca öz dərimizdə hiss etmişik. Bunun nə demək olduğunu yaxşı bilirik.
Vaxtilə biz də “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq” üçün çox səy göstərirdik, bizi səbrlə dinləyirdilər. Amma eləcə dinləyirdilər, heç nə etmirdilər. Biz onların əyninə hakim mantiyası geydirmək, boyunlarına münaqişəni ədalətli şəkildə həll etmək funksiyası qoymaq istəyirdik. Onlar həqiqətlər barədə dediklərimizi boyunlarının ardı ilə qarşılayır, axırda gözlərini qaçırdır, qarşılıqlı kompromisə getməkdən danışırdılar. Biz hər cür güzəştə razıydıq. Qarşı tərəfin bizə edəcəyi güzəşt minnətli şəkildə beləydi ki, Qarabağı tamam verirsiniz, biz də əvəzində o biri torpaqlarınızı tutmuruq.
Bizim də faciə statistikamız vardı: 1 milyon qaçqın-köçkün, 30 min şəhid, 4 min itkin... Kimin vecinəydi?
Yüz minlərlə qarabağlının çadırdan, çiy kərpicdən tikilmiş şəhərciklərdə, tələbə yataqxanalarında, vaqonlarda, uşaq bağçalarının, peşə məktəblərinin korpuslarında gün keçirməsi özümüzdən başqa bir kimsəni ilgiləndirmirdi.
İndi biz başqa ölkələrdəki insan faciələrinə münasibətdə necəyiksə, onlar da eləydilər.
Həmin illərdə bir məşhur aforizmin hikmətinin nə dərəcədə gerçək olduğu üzə çıxmışdı. Bəli, “suda boğulanın xilası öz əllərindəydi”. Kənardan ona çox olsa bir xilasedici kəmər ata və ya paya uzada bilərdilər. Heç o da yox idi.
Biz o sudan birtəhər çıxdıq və heç də quru çıxmadıq, 30 ilin möhnətinə, iztirabına tab gətirərək çıxdıq.
İndi bir vaxtlar qanımıza yerikləyənlərə benzin veririk, qatar göndəririk, lazım gəlsə, ərzaq yardımı da edərik.
Ağır günlərmizi sürətlə unutmaqdayıq. Bu, müəyyən mənada yanlışdır. Ermənistanla ticarət edə, qonşuluqda sülh içində yaşaya bilərik, amma onların bizə bəxş etdiyi faciə statistikasını unuda bilmərik.
Bu, unudulası faciələr deyil. “4 min soydaşımız itkin düşüb” deyib keçmək asandır. Ancaq 4 min ata-ananın, azı 12 min qardaş-bacının, 20 min əmi-dayı, xala-bibinin öz əzizini 30 il boyunca gözləməsi asan iş deyil. Hələ kim bilir o, itkinləri hansı əzab-əziyyətlə... itiriblər.
Yazıb, yazıb, o məqama gəlirik ki, heç zaman zəif, məzlum olmaq, başqalarından insaf-mərhəmət gözləmək, onların ədalətli hakim və ya qoruyucu himayədar olacağına güvənmək olmaz.
Başqalarının insafına ümid edənlər sonda öz faciələrinin statistikasını tərtib edərlər.




