Bu gün, 27 yanvarda Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının 3-cü ili tamam oldu. O zaman bir ölkənin səfirliyində nümayişkaranə şəkildə, “mühafizəçi”nin gözləri qarşısında törədilən terror hadisəsi adama yuxu kimi gəlirdi. Amma bu, acı bir reallıq idi ki, müsəlman qonşumuzda törədildi, mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlu (Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib) həlak oldu, səfirliyin daha iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralandılar.

Prezident Sərəncamı ilə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib...
Orxan Əsgərov

Vasif Tağıyev
Bu faktlar Azərbaycan dövlətinin hər bir vətəndaşına sahib çıxdığını növbəti dəfə təsdiqləyir. 2023-cü ildə törədilən bu hadisə ilə 2024-cü ilin 25 dekabrında Rusiya səmasında Azərbaycana məxsus sərnişin təyyarəsinə qarşı qəddar hücum arasında bənzərliklər çoxdur. Hər iki halda günahsız insanlarımızla düşməncəsinə davrandılar...Rusiyada azərbaycanlıların işgəncə ilə öldürülməsi, Ukraynaya qarşı amansız müharibə, İranda təkcə iki həftə ərzində minlərlə etirazçının qətlə yetirilməsi, edamlara start verilməsini xatırlayanda ölkəmizə və xalqımıza münasibətin gerçək səbəbləri üstündə çox da baş sındırmağa ehtiyac qalmır. Azərbaycan xalqı və dövləti nə qədər xoş məram nümayiş etdirsə də, bunun qarşılığında qan-qada görüb tarix boyunca və münasibət dəyişmir. Bu, heç “Gülüstan” və “Türkmənçay” məsələsi də deyil, daha əvvəllərə gedib çıxır...
Azərbaycan səfirliyinə “Kalaşnikov” markalı avtomat silahla hücum edən terrorçu Yasin Hüseynzadə dövlətimizin prinsipial münasibəti və qəti tələbləri nəticəsində edam olundu. Yalnız Azərbaycanın tələbləri qəbul olunduqdan sonra Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpasına qərar verildi.

Terrorçu Yasin Hüseynzadə
Bütün bunlardan sonra İrandakı anti-Azərbaycan meyillərə son qoyulacağı, ölkəmizlə münasibətlərə həssas yanaşılacağı güman olunurdu. Amma görünən budur ki, hələ də baş verənlərdən dərs çıxartmayanlar az deyil. Məsələn, İsrail XİN-in rəhbəri Gideon Saarın Azərbaycana səfəri İran diplomatlarını niyə narahat etməlidir ki? Nə olsun ki, İsrail diplomatı “İran vətəndaşlarının artıq kütləvi şəkildə qırılmasının şəkilləri meydana çıxır. İranda kütləvi, inanılmaz həcmdə əhalinin qırılması baş verir. Onlar öz insanlarına qarşı belə davranırlar. Onlardan digər dövlətlərə qarşı necə münasibət gözləmək olar?”, - deyib...

Bütün dünya bu gün İrandakı qətliamdan danışır. Bir rejimin öz vətəndaşlarını acımasızcasına qırması dünyanı heyrətə gətirib. Bir çox ölkələrdə İranın səfirlikləri qarşısında aksiyalar keçirildi, dövlət bayrağı endirildi, hətta şahın bayrağı sancıldı. Hətta Avropa ölkələrində belə... Azərbaycanda isə belə hal olmadı, səfirlik öz işini normal davam etdirdi. Budurmu təşəkkür?! Bəlkə Azərbaycandakı İran səfirliyi Ermənistandakı səfir Mehdi Şirqulaminin Ermənistanı təhdid edən bəyanatından həvəslənib? Axı, İrəvandakı səfirlik qarşısında günlərlə etirazlar oldu, bəlkə də bu, anlaşılan idi. Azərbaycanda heç nə baş verməyibsə, hətta Güney Azərbaycanda, İranın digər ərazilərində qətlə yetirilən türklərlə bağlı səfirlik qarşısında etirazlar təşkil edilməyibsə, səfirliyin “anlayışlı davranışı” budurmu?
Məsələ İsrail diplomatının Bakıya gəlişidir? Eyni vaxtda İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıya səfər etdi. İsrailin ölkəmizdəki səfiri bu səfərlər bağlı harasa neqativ fikir bildirdimi? Rast gəlmədik. Əslində məntiqsiz olardı. Azərbaycan müstəqil siyasət yürüdən ölkədir və buraya kimin gəlib-getməsini dövlətimiz özü müəyyənləşdirir. Məsələn, məqam yetişdi, dövlət rəhbərliyimiz hesab etdi ki, Minsk Qrupunun həmsədrlərinin ölkəmizə gəlişinə ehtiyac yoxdur və daha sonra onların mandatı ləğv edildi. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirən hərəkətlərə yol verən bir dəstə var ki, onların adı XİN-in “arzuolunmaz şəxslərin siyahısı”na salınıb, Bakıya yolları bağlanıb.
İranın Azərbaycandakı səfirliyinin İsrail XİN başçısının səsləndirdiyi fikirlər qəbulolunmazdır və ölkəmizin daxili işlərinə qarışmaq cəhdidir! Səfirliyin bəyanatına diqqət edin:
“Bu qeyri-qanuni və cinayətkar rejimin nümayəndəsinə Bakıda həmin rejimin cinayətlərini ört-basdır etmək, İran İslam Respublikasına qarşı əsassız iddialar və sərsəm fikirlər səsləndirmək üçün şərait yaradılmasına görə təəssüfləndiyimizi bildirməklə, İran və Azərbaycan xalqları arasında dərin, tarixi və sarsılmaz bağlarıın olduğunu vurğulayaraq, İran və Azərbaycan arasındakı münasibətləri pozmaq, bölgədə gərginlik və qeyri-sabitlik yaratmaq məqsədi güdən sionist rejiminin bu növ fitnə-fəsad və müdaxiləçi hərəkətlərinə qarşı ayıq-sayıq olmağın zəruriliyini xatırladırıq”.
Açıq-aydın diplomatik etiketin pozulmasıdır. Özü də səfirliyimizə terrorun ildönümündə! Normalda terror hücumuna məruz qalmış səfirlik əməkdaşın ailəsinə başsağlığı verilməli, onun Xiyabandakı məzarı ziyarət olunmalı idi, bir daha üzrxahlıq edilməli idi. Amma...Təəssüf doğuran həm də budur ki, səfir Müctəba Dəmirçili Təbrizdə anadan olub, beynəlxalq münasibətlər və hüquq üzrə bakalavr, siyasi elm üzrə magistr təhsili alıb, geosiyasət üzrə fəlsəfə doktorudur. Üstəlik, İranın Gürcüstan və Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub, İran XİN-in Xəzər dənizi üzrə Katibliyinin rəisi, Şərqi Asiya və Okeaniya Departamentinin direktor müavini, Qərbi Asiya ölkələri departamentinin direktor müavini, MDB və Qafqaz ölkələri üzrə ikinci departamentinin direktor müavini, İranın Ukraynadakı səfirinin müavini və İranın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci katibi işləyib. Yəni kifayət qədər təcrübə sahibidir. Amma di gəl, bu qədər qeyri-diplomatik mövqe sərgiləyir.
Başa düşürük, təlimatlar çox hallarda paytaxtdan gəlir, amma səfirlik ən azı daha təmkinli mövqe sərgiləyə bilərdi, yaxud tənqidi fikirlərini İsrail XİN başçısına yönəldərdi. Yoxsa Azərbaycana məsləhət vermək?! Bu hikkənin qəti şəkildə yeri yoxdur!

Azərbaycan Prezidenti Davosda “Euronews” televiziyasına müsahibəsində “biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir” - söyləməklə həm də İrana qarşı planlarda yer almadığımızı, almaq niyyətində olmadığımızı bir daha nümayiş etdirdi. On illərdir ki, Qərb koalisiyası İrana qarşı əməliyyatlarda Azərbaycandan istifadə etmək istəyir, amma müsbət cavab ala bilmir. Azərbaycan rəhbərliyi ölkəmiz ərazisindən İrana qarşı istifadəyə “YOX” deyib, baxmayaraq ki, bu gün sudan, havadan, qurudan bütün istiqamətlərdə İran mühasirəyə alınmaqdadır, hətta Ermənistandan da. İndi Azərbaycana İranın təşəkkürü budurmu?! 12 günlük müharibədə Azərbaycan İranın bombardman edilməsindən narahatlığını bildirən ilk ölkələrdən oldu, bütün risklərə rəğmən, ədalətli mövqeyini ifadə etdi. Hətta İsraillə normal, dostluq münasibətlərimizə baxmayaraq, Təl-Əvivə narahatlığımızı, etirazımızı müxtəlif kanallarla çatdırdıq. Bunun qarşılığındamı İran səfirliyi ölkəmizin işinə müdaxiləyə cəhd edir? Azərbaycan dövləti İran-İsrail, ABŞ-İran münasibətlərinin dinc yolla həll olunmasından, bölgədə yeni dəhşətlərin yaşanmamasından ötrü əlindən gələni edir.
Kim bilir, bəlkə sabah elə sülh anlaşması Bakıda imzalanacaq, İran diplomatlarından bu tələskən, anlaqsız reaksiya nəyə lazımdır? Biz İrana təkcə müsəlman qonşu kimi deyil, həm də 40 milyondan artıq soydaşımızın yaşadığı ölkə olaraq baxırıq, bu ölkənin viran qalmasını istəmirik. Çünki viranəyə dönəcəksə, orda həlak olan uşaqdan böyüyə hər kəsin içərisində həm də soydaşlarımız olacaq, eləcə də səfirin soydaşları! Ona görə də İsraildən Bakıya hər dəfə kimsə gələndə yuxuları qaçmasın birilərinin, bizdən kimsəyə xətər gəlməz, hətta torpaqlarımızı işğaldan azad etdikdən sonra taxıl yolu açdığımız, yanacaq göndərdiyimiz, indi də şəkər almaq niyyətində olan ermənilərə də.
Vaxtilə İsrailin Zəngilanda camış ferması açacağından təlaşa düşüb, Araz sahili boyunca hərbi təlimlər keçən, tankların keçidi üçün ponton körpülər quraşdıran “Qüdrətli İran” təliminin ideya müəllifləri ayılsınlar, özlərinə gəlsinlər, düşməni Azərbaycanda axtarmasınlar: mart ayında Araz çayı üzərində inşa olunan Ağbənd-Kəlalə avtomobil körpüsünün açılışı olacaq, bu, Azərbaycanın ideya müəllifi olduğu dostluq, əməkdaşlıq körpüsüdür! Bəyanatlar verərkən zilə çıxmayın, ağaye-səfir(lik)!

Qarşınızdakı dünyanın supergücünün belə etimad göstərdiyi, qərarlarına hörmət etdiyi MÜSTƏQİL VƏ QÜDRƏTLİ AZƏRBAYCAN RESPUBLİKASIDIR!!! 12 günlük müharibədə başlarını bunkerlərdən çıxara bilməyənlər Azərbaycanı təhdid edirlər...




