Artıq ikinci həftədir ki, İranda çox ciddi hadisələr baş verir. Bir həftəlik sükutdan sonra Təbriz, Ərdəbil, Urmu başda olmaqla, Cənubi Azərbaycanın şəhərləri də etirazlara başlayıb. Sosial-iqtisadi tələblər artıq arxa plana keçib, “Azadlıq, ədalət, milli hökumət!” kimi siyasi şüarlar daha ucadan səslənir. Güneylə əlaqəli fəaliyyət göstərən bir sıra təşkilatlar isə şənbə günü, saat 16.30-da soydaşlarımızı ayağa qalxmağa, kütləvi etiraz aksiyasında iştirak etməyə çağırıblar.

Ürəyimiz Güneylə döyünür bu günlərdə. Hadisələrin necə, hansı məcrada cərəyan edəcəyini hamımız intizarla izləməkdəyik, dualarımızı əsirgəmirik. Tikanlı məftillərin böldüyü Bütöv Vətənin o üzündəki 40 milyondan artıq soydaşımızın azadlığı, firavan həyatına qovuşması bu günlərdə ən böyük arzularımızdan biridir. 44 günlük Vətən müharibəsində Arazın o tayından Azərbaycanın qəhrəman əsgərinin erməni işğalçılarının başına od ələməsinə alqış deyən, “vur, əllərin ağrımasın”, hayqıran bacı-qardaşlarımız bu gün tarixin həlledici mərhələsindədirlər. Kaş ki, itkilərsiz o böyük arzulara qovuşaq hamılıqla! Bütün bunlar bizim, dünyada yaşayan 60 milyon azərbaycanlının arzusudur. Amma dünyada ədalət heç də asanlıqla təmin olunmur.

Elə bu günlərdə cənab Prezident açıq ifadə etdi: “Kim güclüdürsə, o haqlıdır”.
Təbii ki, söhbət gücü varkən, gerçəkdən haqlı olmaqdan getmir, sadəcə zorba üsullarla özünü “haqq-ədalət carçısı” kimi təqdim edib, istədiyinə qan tökməklə nail olanlardır müzakirələrin ünvanı. İrandakı rejim də bu sayaq “güclü-haqlı”lardan olub son bir əsrdə. Özü də başqasına, hansısa ölkəyə münasibətdə deyil, öz xalqına, daha doğrusu, istibdad altında saxladığı, özününkü saymayaraq əzdiyi türklərə qarşı. Bir ovuc erməni üçün əldən-ayaqdan gedən rejim on milyonlarla türkə qarşı ögey münasibətdə olub hər zaman. Cənubi Azərbaycanın şəhərlərini kürdləşdirmə siyasəti yürüdən, qeyri-türklərin silahlanmasına göz yuman rejim azərbaycanlıları ana dilində danışmağa, oxumağa həsrət qoyub. Odur ki, bu günlərdə olduqca ehtiyatlı davranmaqda fayda var. Bu, heç də qorxaqlıq əlaməti deyil. “İlan vuran ala çatıdan qorxar”, deyiblər. Amma axı, biz bu rejimin “dabbaqda gönünə bələdik”. Etiraz aksiyaları Tehrandan başlasa da, rejim cəlladları daha çox digər şəhərlərdəki etirazlar zamanı silaha əl atdılar. Bu mənada Azərbaycan türklərinə qarşı acımasızcasına tətiyi çəkəcəklərinə şübhə etmirik. Azərbaycanlılar bu ölkənin varlığı üçün daha nələr etmədilər bir əsr boyunca. Amma əvəzində nə aldılar.
Böyük Məhəmmədhüseyn Şəhriyar necə deyirdi:
“İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!”

1945-46-cı illərdəki Pişəvəri hərəkatında deyək ki, Cənubi Azərbaycanı dövlət qurduğuna görə qan gölündə boğdular. Bəs 1979-cu ilin İran İslam İnqilabından sonra? Deyək ki, 40-cı illərdə hakimiyyətdə Məhəmməd Rza Pəhləvi idi, şah dövrü idi. Elə isə İslam İnqilabında şah rejiminin devrilməsi uğrunda, Xomeyni naminə canından keçən azərbaycanlılara qarşı münasibət niyə dəyişmədi? 1979-cu ildə qəbul edilən İran İslam Konstitusiyasına görə, fars dili rəsmi dil elan edilsə də, Konstitusiyanın 15-ci maddəsinə əsasən, qeyri-fars xalqların, o cümlədən azərbaycanlıların ana dillərinin öyrənilməsinə imkan tanınır. Ancaq üstündən 47 il keçib, Azərbaycan dilinə münasibət dəyişməyib, bir ovuc erməninin məktəbləri olsa da...İslam İnqilabında canı-qanı bahasına şah rejiminə qarşı mübarizə aparan soydaşlarımız tezliklə aldadıldıqlarını görəndən sonra, 1980-ci ildə əslən Təbrizdən olan Ayətullah Şəriətmədarinin rəhbərliyi ilə, indiki kimi, Təbriz, Urmu, Ərdəbil daxil, bütün Güneydə kütləvi etirazlara başlamışdılar. 700 minlik etiraz aksiyası keçirildi. Əsasən Azərbaycan türklərindən ibarət, Şəriətmədarinin oğlu Həsən Şəriətmədarinin rəhbərlik etdiyi Müsəlman Xalq Respublikası Partiyasının başında dayandığı hərəkata qarşı amansız davrandı rejim. Necə ki, Pişəvəri hökumətinə qarşı şah amansız olmuşdu, bu dəfə Xomeyni tərəfdarları o sayaq davrandı. Baxmayaraq ki, dini liderlə Ayətullah Şəriətmədari görüşdü, müzakirələr apardı, faydası olmadı və güc strukturları etirazları qan içində boğdu, partiyanın 11 üzvü (12 yanvar 1980-ci ildə - red.) edam edildi. Bu, İslam İnqilabı uğrunda mübarizənin birinci ildönümü münasibətilə Azərbaycan türklərinin “hədiyyəsi” oldu. O şah rejimi, bu da dini rejim...

8 illik İran-İraq müharibəsində də ən çox itki verən azərbaycanlılar olub. 1989-cu ildən İranın Ali Dini Rəhbəri, Şah Məhəmməd Rza Pəhləvidən sonra İranda ən uzun müddət vəzifədə olan Əli Xameneinin zamanında da soydaşlarımıza münasibət dəyişmədi. Baxmayaraq ki, hətta onun özünün də türk olması ilə bağlı xeyli rəvayətlər yayıldı. Lakin dini lider İranın işi çətinə düşəndə azərbaycanlıların qəhrəman olduqlarını söyləməklə, İran prezidentləri soydaşlarımızla görüşəndə onların könlünü almaq üçün Şəhriyardan bir-iki bənd deməklə işlərini bitiriblər. Amma qəhrəman azərbaycanlıların balalarına heç olmasa Şəhriyarı, Səhəndi ana dilində oxuyub-öyrənmək imkanı yaratmayıblar bu onilliklər ərzində! 2006-cı ilin mayında Azərbaycan türklərini rəsmi qəzetdə “tarakan” adlandıran rejim etirazları yenə də qan içində boğdu, yüzlərlə fəalı həbs etdi.
İrandakı son prezident seçkilərində də dini rejimin azərbaycanlılara işi düşdü, seçki biabırçılığından İranı xilas edən Azərbaycan türkləri oldu, Məsud Pezeşkianla bərabər. Amma Pezeşkianın bir təşəbbüsünə belə, müsbət münasibət olmadı, o cümlədən ana dili ilə bağlı, məhv edilmiş Urmu gölü ilə əlaqədar...
Bu gün fars şovinistləri ana dilində danışarkən sözünü kəsdikləri Pezeşkianın qanını içməyə belə hazırdırlar. Baxmayaraq ki, Məsud bəy təkcə qandaşlarını, soydaşlarını deyil, bütövlükdə İranı məsud etmək üçün cəhdlər göstərir. İran prezidenti “günahı özümüzdə axtarmalıyıq, Amerikada, İsraildə yox”, etirafları ilə çıxış edir, bu, mühafizəkarları qəti şəkildə qane etməyən mövqedir, axı, on illər boyunca xalqı “xarici düşmən” nağılı ilə yuxuya verməyə çalışıblar.

Azərbaycan türklərinə qarşı növbəti böyük qırğın törədilə bilər, ən qorxulusu budur. Ona görə də dövlət idarələrinin yandırılmasından, təhlükəsizlik qüvvələrinə qarşı sərt addımlardan çəkinmək, daha çox dinc etirazlara üstünlük vermək lazımdır. İndi yanvar ayıdır: 1980-ci ildə Təbrizdəki yüz minlərin etirazlarının, 1990-cı ildə Bakıda milli hərəkatın qan içində boğulduğu ay...Olduqca ehtiyatlı olmaq lazımdır, növbəti Qanlı Yanvar istəmirik! Şah da bu milləti qan içində boğub, İslam Respublikası da, Sovet İttifaqı da...Hələ mən 1946-cı ildə Azərbaycan Demokrat Firqəsinin – Pişəvəri hökumətinin sovet-ingilis anlaşması nəticəsində məhvinə fərman verilməsini demirəm.
Baxın, bütün dünyada İranda baş verənlərdən danışılır. ABŞ lideri Donald Tramp şahın oğlu Rza Pəhləvidən danışır, hətta onunla görüş planı haqda xəbərlər var. İsrail də İran xalqına dəstək mesajı yollayır. Amma bu mesajların içərisində Azərbaycan türklərinə əlahiddə münasibət görmürük, İranın ən böyük etnosundan söhbət gedir. Sanki Azərbaycan türkləri yox imiş. 30 il ərzində Qarabağı Azərbaycan Respublikasından qopartmaq istəyənlər bu gün Cənubi Azərbaycanın öz haqlarına sahib çıxmasını istəməzlər, əmin olun! Əgər cənab Tramp Azərbaycan türklərinin taleyini düşünsəydi, Təbriz, Urmu, Ərdəbildəki aksiyalarda “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir”, hayqırtısının fərqində olar, şah oğlunun adını dilə gətirməzdi. Həm də pəhləvilər guya farsların özünə xoşbəxtlikmi gətirmişdilər? Sadəcə, bu gün İran neftinə sahiblənmək üçün oyuncaq fiqur lazımdır...Öldürülənlərin sayı 50-yə, həbs edilənlər 2 minə çatıb...Nə vaxt tədbir görüləcək? Məqsəd İranı İraq və Suriyaya çevirməkdirsə, açıq desinlər...
Nağıllara inanmamalı, özümüzə, dostlarımıza güvənməliyik. Prezidentin bayram müraciətində dediyi bu sözlər həm də güneyli soydaşlarımıza yönəlib:
“Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir”.




