2020-ci ilin sentyabr ayının sonlarında Vladimir Putin Rusiyada, Rəcəb Tayyib Ərdoğan Türkiyədə, Emmanuel Makron Fransada prezident idilər.
Əli Xamneyi İranın, Si Cinpin Çinin ali rəhbəriydi.
İsraildə baş nazir postunu Binyamin Netanyahu, Böyük Britaniyada analoji vəzifəni Boris Conson tuturdu, Almaniyanın federal kansleri Angela Merkel idi.
Azərbaycana İlham Əliyev, Ermənistana Nikol Paşinyan rəhbərlik edirdi.
O biri dövlətlərin rəhbərlərinin kimliyini də yazmaq olar, ancaq onların məsələyə dəxli yoxdur.
Bir də ABŞ-də Donald Tramp prezident idi.
Ancaq 2020-ci ilin lap əvvəlindən ABŞ-də prezident seçkisi kampaniyası başlanmışdı. İlin ortalarına doğru kampaniya şiddətlənmiş, ölkənin ən böyük siyasi qüvvələri olan respublikaçılar və demokratlar ilkin seçkilər keçirərək prezidentliyə namizədliklərini müəyyənləşdirmişdilər və var gücləri ilə seçkiqabağı təbliğat və təşviqat kampaniyası aparırdılar.
Demokratların namizədi keçmiş vitse-prezident Cozef Bayden idi. Respublikaçıları isə fəaliyyətdə olan prezident Donald Tramp təmsil edirdi.
İlin 9-cu ayı, yəni sentyabr seçki savaşının ən şiddətli çağıydı. Namizədlər hər gün ayrı-ayrı ştatlarda, iri şəhərlərdə seçki mitinqi təşkil edir, xalqın qarşısında nitq söyləyir, vədlər verirdilər.
Tramp və Bayden klinçə (boksçuların bir-birindən zərbə yeməmək üçün məcburən qucaqlaşdıqları vəziyyət) girmişdilər. Onların tərəfdarları vur-həşirlə həm öz namizədlərini təbliğ edir, həm də rəqibə qarşı qara piar kampaniyası aparırdılar.
ABŞ prezidenti olmaq istəyən şəxslər və onların komandaları üçün dünya kiçilib Birləşmiş Ştatlar boyda olmuşdu. Onlar yalnız ABŞ-nin içi ilə maraqlanırdılar. Ətraf dünyada baş verən hadisələr, gedən proseslər onların maraq dairəsində deyildi.
Belə bir vaxtda 44 günlük müharibə başlandı. Bu 44 gündə nə Trampın, nə də Baydenin bu müharibənin gedişatı ilə maraqlanmağa vaxtları və həvəsləri olmadı. Onların öz “müharibə”si vardı və bu qovğa 2004-cü ilin noyabrına qədər davam etdi.
ABŞ-də gedən “növbəti prezident kim olacaq” savaşı ilə Ermənistanla Azərbaycan arasında gedən “Qarabağ kimin olacaq” müharibəsi təxminən eyni vaxtda başa çatdı.
Qafqazdakı müharibənin qalib Azərbaycan, Amerikadakı savaşın qalibi isə Bayden oldu. Məğlub olmuş Tramp ta yanvarın ortalarına qədər müqavimət göstərdi, ABŞ tarixində ilk dəfə olaraq, seçkini uduzmuş namizəd udanın qələbəsini tanımırdı. Ancaq xeyri olmadı, Bayden 2021-ci ilin 20 yanvarında and içərək prezident səlahiyyətlərinin icrasına başladı.
2023-cü ilin sentyabrında ABŞ prezidenti postunda Bayden otururdu. O biri dövlətlərin rəhbərləri qismən dəyişmişdi. Boris Conson, Angela Merkel vəzifələrindən getmişdi.
Həmin vaxt Xankəndi ətrafında xüsusi hərbi əməliyyat başlandı. Adı çəkilən və çəkilməyən dövlət başçıları hadisədən xəbər tutub bəyanat verənə qədər, bir sutkada əməliyyat başa çatdı. Ermənistandan gətirilmiş hərbi hissələr tərksilah edildi və ölkədən çıxarıldılar. Qarabağın dağlıq hissəsində yaşayan mülki ermənilər də bəlli səbəblərdən (30 il boyunca etdikləri yamanlıqların qisasının alınacağından qorxaraq) Azərbaycan ərazisini tərk etdilər və Qarabağ münaqişəsi başa çatdı.
Həmin vaxt prezident Bayden boşluğa salam verir, yeriyəndə büdrəyirdi, oturanda onu yuxu basırdı, bəhs etdiyi hadisələri qarışdırırdı. Eks-prezident Tramp isə onu “ağıldankəm qoca” adlandırır, ələ salır, 2020-ci ildə ona haqsızlıq olduğunu, əslində həmin vaxt özünün seçildiyini deyir, 2024-cü ildə yenidən prezident olacağını bəyan edirdi.
İl 2024 oldu, Tramp məhkəmə çəkişmələrindən keçə-keçə seçki kampaniyasına start verdi, ştatları dolaşaraq xalqın qarşısında çıxış etməyə başladı. Pensilvaniyada ona güllə atdılar, qulağını sıyırıb keçdi.
Onun başı özünə qarışdığı vaxt Qarabağın aran hissəsinin Azərbaycanın yurisdikdiyasına keçməsinin 4, dağlıq hissəsində Azərbaycan bayrağının ucaldılmasının 1 ili tamam oldu.
Nəhayət, Tramp prezident seçildi, 20 yanvarda and içdi, qış çıxdı, yaz gəldi, yay yarıdan keçdi, payız yaxınlaşanda o, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirdi. Həmin görüşdə üçtərəfli saziş paraflandı.
Bu, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistanın arasında imzalanan üçtərəfli saziş qədər əhəmiyyətli sənəd idi, ancaq artıq 2 il öncə bitmiş müharibənin son nöqtəsiydi.
O vaxtdan bəri Tramp, demək olar ki, bütün tribunalarda “8 müharibə bitirmişəm, biri də Azərbaycan-Ermənistan müharibəsidir” deyir. O, bunu hər dəfə təkrarlayır.
Həmin dövrdə öz ölkələrini idarə edən liderlər Trampın dediklərini təkzib etmir, düzəliş vermirlər. O da inanır ki, məhz dediyi kimi olub.
Həqiqət isə bundan ibarətdir. Ermənistan-Azərbaycan müharibəsinin bitməsinin xronologiyası yuxarıda yazdığımız kimidir. Qarabağ savaşını dövlət başçısı İlham Əliyev və baş nazir Nikol Paşinyan bitiriblər.
Ancaq dünya birliyi 2020 və 2023-cü ildə bitmiş müharibənin 2025-ci ildə vəzifəsinin icrasına başlamış prezident tərəfindən “bitirilməsi” iddiasına dözümlü yanaşır. Çünki əsas məsələ müharibəni kimin bitirməsi deyil, ümumiyyətlə, bitməsidir.




