Sövet dövründə yaşamış, o illərin məşhur filmlərinə baxmış (istisnasız olaraq hamı baxırdı) adamlar yuxarıdakı şəklin hansı filmdən olduğunu dərhal biləcəklər.
Bu, 1965-ci ildə məşhur rejissor Leonid Qayday tərəfindən çəkilmiş “I əməliyyatı və Şurikin başqa macəraları” film-almanaxa daxil olan ikinci qısametrajlı bədii lentdən bir epizoddir.
Həmin epizodda bir tələbə “ağrıyan” qulağına radioqəbuledici cihaz bağlayır, auditoriyadan kənardakı dostu ilə əlaqə yaradır, çəkdiyi imtahan biletindəki sualları ona oxuyur, ondan doğru cavablar alaraq danışmaq, müəllimdən yaxşı qiymət almaq istəyir, ancaq onun bu fırıldağının üstü açılır.
Bəli, filmdə göstərildiyi kimi, 60 il öncə də imtahandan əyri yollarla keçməyə çalışan tələbə elm və texniki tərəqqinin son nailiyyətlərindən yararlanmaq istəyirdi.
O dövrdən bəri texniki tərəqqi 60 dəfə artıq inkişaf edib. İndi əl boyda cihaz (mobil telefon) həm televizordur və radiodur, həm videokamera və fotoaparatdır, onun səsyazma, səsötürmə, siqnalvermə funksiyaları var, yazı makinası və sair və ilaxır kimi işlədilə bilir.
Hazırda imtahanlardan əvvəl bu cihazı daşımağı abituriyenlərə və imtahan verməyə hazırlaşan şagird və tələbələrə yasaqlamasalar, hamı onun köməyi ilə imtahanlardan müvəffəq qiymətlər alar. Çətin bir şey deyil. Ən qəliz sualların cavabları internet resurslarında var, bir neçə saniyəlik axtarışla o cavabları əldə etmək, əzbərləmək, yaxud da kağıza köçürüb səsləndirmək olar.
Məlum olduğu kimi, builki tələbə qəbulunda bir sıra abituriyentlərin imtahandan “nou-xau” vasitəsilə keçərli bal toplamasına şərait yaradan şəxslər ifşa olunub, hazırda istintaq gedir, sonda təfərrüatlar açılacaq.
İndilikdə o məqama diqqət edək ki, savadı, biliyi olmaya-olmaya imtahanlardan bu yolla yüksək ballar toplamaq istəyənlər var və onların valideynləri bu yola qədəm qoyaraq, çoxlu pul xərcləyirlər. Onlar savadsız övladlarını illərlə məktəbdə, repetitor yanında dərs oxuyaraq, predmetləri mənimsəyən, əziyyət çəkən abitiruyentlərdən qabağa salmaq istəyirlər.
Yəni abituriyentlərə texnoloji vasitələrdən yararlanmaqda, imtahana düşən sualları ötürməkdə kömək edərək cinayət əməli törədənlərlə yanaşı, biliksiz övladlarını dolayı yollarla ən yaxşı universitetlərin prestijli fakültələrinə yerləşdirmək istəyən valideynlər də eyni dərəcədə məsuliyyət daşıyırlar.
Həmin övladlar əyri yollarla tələbə adını qazansalar, nə olacaqdı? Heç nə. Universitetlərə necə giriblərsə, eləcə də rüşvət müqabilində, “day-day tapşırığı” ilə qiymətlər alaraq kursdan-kursa keçəcək, axırda məzun olub diplom alacaqdılar. Sonra onlar yenə də əyri yollarla hanssa dövlət strukturanda vəzifə tutacaq, pillə-pillə yuxarılara doğru irəliləyəcəkdilər.
Belələrinin hüquqşünas olduğu ölkədə haqq-ədalət olarmı? Əsla olmaz. Onlar universitetlə rüşvətlə girib, rüşvətlə oxuyublarsa, tutduqları vəzifələri rüşvət müqabilində əldə ediblərsə, heç vaxt haqqın tərəfində dura, ədalətli ola bilməzlər, çünki fitrətlərində yoxdur, bioqrafiyaları neqativliklərlə doludur.
Bu cür məzunlar səhiyyə sektorunda olsalar, insanlara şəfa verəcəklər, yoxsa cəfa? Əlbəttə, ikinci olacaq. Çünki onlarda insanlara şəfa verəcək bacarıq və bilgi, ən əsası belə bir istək də yoxdur. Belə “mütəxəssislər”in yeganə niyyəti bacardıca insanlardan pul qoparmaq, cərrah neştərindən quldur bıçağı kimi istifadə etmək olacaq. Başqa variant mümkün deyil. Diplom almaq üçün illərlə sərf edilmiş böyük məbləğləri bir yolla geri qaytarmaq lazımdır, ya yox?
O biri sahələrdə də belə olacaq. Əyri yollarla universitetə daxil olan, təhsilini əyri yollarla davam etdirən, savadsız olduğu halda diplom alan şəxslər mütləq cəmiyyəti axsadan, ona ziyan vuran, problem yaradan “mütəxəssis”lərə, məmurlara çevriləcəklər.
Demək, bu cür adamlarla mübarizə ölkənin, xalqın gələcəyi üçün olduqca mühümdür.
1992-ci ildə tətbiq olunan test üsulu ilə tələbə qəbulu sisteminin tətbiqindən əvvəl hər il minlərlə bu cür “mütəxəssis” məzun olub, hazırda onlar müxtəlif sahələrdə yaxşı vəzifələr tuturlar. Müstəqillik dövründə üzləşdiyimiz bir çox problemlər (bütün sahələrdə) belə şəxslərin fəaliyyətindən qaynaqlanır. Onlar inkişaf yolunda tormozdurlar və həmişə elə olacaqlar.
O vaxtdan bəri əyri yollarla universitet tələbəsi olmaq, diplom almaq üçün çox cəhdlər olub, amma qarşıları alınıb. Fəqət “bir yol”unu tapanlar da olub. Ölkəmizdəki “özəl universitet”lərdən və xarici ölkələrdəki saxta ali məktəblərdən məzun olan bir xeyli adam dövlət strukturlarında və müəssisələrində yaxşı vəzifələr tuturlar. Kiyevdə, Dərbənddə, Mahaçqalada, Girəsunda və sair şəhərlərdə hansısa 47-ci dərəcəli universitetə daxil olan, sonradan ölkəmizin ən yaxşı universitetlərinə “köçürülən” tələbələr də çoxdur. Axırda onların əlində daşdan keçən diplom olur – ölkəmizin ən prestijli ali məktəblərinin diplomu. Bəs hara girmişdilər? Bunu araşdıran olmur.
Vəziyyət belədir. Adamın yazığı səhərin alatoranında, axşamın qaranlığında repetitor yanına tələsərək savad, bilik əldə etmək, universitetlərə halal yolla, düz qapıdan daxil olmaq istəyən abituriyentlərə gəlir. Onlar həyatda o fırıldaqçı həmyaşıdları qədər “uğurlu” ola bilməyəcəklər.




