Mamlı-matan universitetlərimizdən biri remonta bağlanmışdır, tələbələri ora-bura köçürüblər. Guya həmin yerlərdə indi basabas olacaqdır. Bəlkə də elm-təhsil fışqıracaqdır. Ya da gənclər bir-birinə baxıb kəşflərə imza atacaqdır.
Lakin mən köçürülmə hadisəsi yaşanan universitetlər arasında sayın deputatımız Eldar müəllimin Kaprativini görmədim. Halbuki, oranın reytinqi Harvardı ötüb keçmiş, Oksfordu qatlayıb cibinə qoymuş, canım sənə desin, Kembrici boyunlayıb altına salmışdır. Nəyə görə? Çünki İlon Maskın və İsveç alimlərinin araşdırmalarına görə bizim Kaprativ dünyada yeganə ali məktəbdir ki, onu bitirmək üçün 4 il ərzində şalvarın dalına keçirilən 1 ədəd 40 vərəqli dəftər kifayət edir. Nə kitaba ehtiyac var, nə kompüterə-zada. Hələ bəzi tələbələr varmış, dəftəri ortadan qatlayırlar, yəni, vərəqi yarıya qədər oxuyub-öyrənirlər.
Eybi yoxdur, gələn dəfə remont olmayacaqmı? Onda Kaprativə köçürərlər. Mənə isə məbləğ bir az çox göründü: 23 milyon manat. Sayın universitetimiz bu qədər pula təmir ediləcəkdir. (Yazdım o sözü, sakitləşin. Guya remont yerinə təmir yazanda ana dilimizə hörmət olurmuş, halbuki, mən anadan olandan bəri remonta təmir deyən 1 nəfər də anamıza rast gəlməmişəm. Təmir, yox bir, xəmir!).
Azərbaycanda hansısa ali məktəbin remontuna 23 milyon manat ayırmaq həmin pulu çölə atmaq kimi bir şeydir, çünki bizim universitetlər 23 qəpiklik təhsil vermirlər. O cümlədən, əgər həmin məktəbləri bitirənlərin 50-60 faizi iş tapmırsa, bunun mənası nədir?
Təzəlikcə bir statistika açıqlanmışdı, sən demə bizdə ən böyük işəgötürənlər... marketlər imiş. “Araz” 1-ci yerdə idi, sonra da “Bravo”, “Oba”-filan gəlirdi. Orta maaşlar da 400 manat imiş. Yəni, söhbət hansısa bisavadların işə düzəlməsindən getmirdi, ali təhsillilərin statistikasıydı. Əgər mən universiteti bitirib 400 manat maaşla şkafa mal düzəcəyəmsə, həmin universitetin remontuna 23 milyon manat ayırmaq israfçılığın, bəlkə də korrupsiyanın zirvəsi deyilmi? Ondansa həmin pulu verin “Araz” marketə, paylasın kassir gənclərə, yazıqlar da bir gün görsün, sutkada 14 saat ayaq üstdə dururlar.
Ya da həmin milyonları ayırın, “Oba” marketlərdə universitetlərin filialı açılsın. Tələbə də beynini “Əhəmənilər belə getdi, beynəlxalq hüquq elə gəldi, göydən fizika Nyutonun təpəsinə düşdü, Zəlimxan Yaqub poeziyasında motal pendirinin təsviri” kimi səfeh, heç kəsə lazım olmayan biliklərlə doldurmaq yerinə praktik elm öyrənsin.
Məsələn, çörəyi marketin dibinə qoymaq lazımdır ki, müştəri ona çatanacan başqa məhsulları da alsın, çayla duzu eyni rəfə qoymaq niyə olmaz, monqol quzusunun saxlama müddəti Monqolustandan hesablanır, yoxsa Çindən və sairə.
Rəsmi hesabatlara, statistikaya görə dövlət universitetlərimizin hamısı zərərlə işləyir, yəni, illik xərci gəlirindən çoxdur. (Yanılmıramsa, burada yeganə müsbət saldo ADNSU-ya məxsusdur). Özəl ali məktəblər də, həmçinin. Amma ya dövlət büdcəsindən, ya valideynlərin cibindən – mahiyyətcə ikisi də eyni mənbədir - milyonları alıb sümürürlər. Dəbdəbəli remontlar, mərmər-qranit örtüklər, bahalı mebellər, çilçıraq, nə bilim, rektora qızıldan aftafa, dekana gümüş milçəköldürən, katibəyə məxmər şəpit, köməkçiyə... İçərisi təzəkdirsə, üstünə bəzək vurmağın mənası nədir?
Bugünlərdə Xaçmaz şəhər stadionunun fotosunu gördüm. Ot örtüyü cəhənnəm, hətta ölçüləri də qeyri-standart, hardasa 40 metrin 50 metrə nisbətində qəribə bir zad idi. Ona görə də yerli futbol klubu, 1-ci liqada oynayan “Şimal” Siyəzən və Şamaxıya getməli olurmuş. “Ev oyunları” üçün! Elə bil Polşada oynamağa məcbur Ukrayna klubudur. İşin anekdot tərəfi isə həmin stadionun 2014-cü ildə açılan Xaçmaz Olimpiya Kompleksinin tərkibində olmağıdır.
Ancaq Xaçmazda bir icra başçısı var idi, Xanbabayev soyadında, küçədə samovardan şpilkaya (ipəzor), eşşəkarısından geyçimə (plavki) qədər heykəllər qoydurmuşdu.
Stadion nəyə lazımdır ki? Əsas şpilkadır.




