Свобода людям, независимость нациям!

Jim-jim rejimi – Orteqa Trampdan niyə qorxdu...

1115 12.01.2026 11:45 Колумнисты A A

Dünən bir xəbər oxudum, 2016-dan bəri ilk dəfə qəlbimdə Trampa qarşı rəğbət duyğularının yarandığını hiss etdim.

O birilərinə yaşım çatmır, amma Ceyms Karterdən bəri bütün ABŞ prezidentlərini izləyirəm, beləsi olmayıb. Düzdür, Reyqan da qətiyyətli, ötkəm kişiydi, amma o, ağıllı və ağırtaxtalı adam idi, Tramp kimi dəlisov və dəmdəməki deyildi.

Dünyaya beləsi lazım imiş.

Ürəyimin dəruni guşələrində Trampa rəğbət yaradan mətləbi daşıyan xəbər bundan ibarətdir: üç gün əvvəl ABŞ-nin Manaquadakı diplomatik nümayəndəliyi prezident Trampın adından Nikaraqua prezidenti Daniel Orteqadan siyasi səbəblərdən saxlanılanları dərhal azad etməyi tələb edib və ultimatumun sutkası tamam olmamış Orteqa 30 məhbusu azadlığa buraxıb.

Düzdür, hökumət adamları deyiblər ki, 30 məhbusu Trampın ultimatumuna görə yox, hansısa əlamətdar gün (məsələn, müqəddəs kaktus günü və ya Danilein Rosarioya ürək açdığı gün) münasibətilə azad ediblər, amma işin içində olanlar deyirlər ki, elə deyil, Tramp tələb etməsəydi, Orteqa məhbusları buraxmazdı.

Hələ onu da deyirlər ki, Orteqanın belə üzüyola olmasının səbəbi yanvarın 3-ü gecəsi Trampın uşaqlarının Maduronu öz sarayından pijamada götürməsədir. Deyilənə görə, həmin gündən Orteqanın ürəyi jim-jim rejimində işləməyə başlayıb.

İndiki cavanlar bilməz, Orteqa dünənin-sragagünün Orteqası deyil. Yeri gəlmişkən, o da elə Karterin vaxtında ortaya çıxıb. 46 il əvvəl həmin bu Daniel Orteqa Nikaraquada Farabundo Marti adına Sandino Milli-Azadlıq Cəbhəsinin lideriydi, SSRİ və Kubanın dəstəyi ilə amerikapərəst qüvvələrlə döyüşə-döyüşə Nikaraquada hakimiyyətə gəlmək istəyirdi və elə oldu ki, gəldi.

7-8 ABŞ prezidentinin qabağından qaçmayan Orteqa artıq hiss edir ki, Tramp o birilərin tayı deyil, bu adamı yatdığı yerdə gecəylə götürtdürər - necə ki, birini artıq götürtdürüb.

Doğrudan da o, Obamanın nəyindən qorxacaqdı? Adam gedib Yaponiyada imperatora təzim edirdi, Səudiyyə kralının qabağında ikiqat əyilirdi. Berluskoni kimi lotunun biri sammitdə onunla məzələnirdi, deyirdi: “Barak o qədər də qara deyil, sadəcə, babat, “zaqar” alıb, he-he-he”.

İnsanlar belə sadələyi, mütəvaziliyi doğru-dürüst qəbul etmirlər, səhv başa düşürlər. Adam bir az üzüyumşaq, mülayim olanda başına çıxırlar. Əslində isə Obama çox mərifətli, qanacaqlı prezident idi. Kral və imperatorla iltifatlı davranışını qırağa qoyaq, məgər Obamanın Krım türklərinin lideri Mustafa Cəmiloğludan nə işi aşırdı ki, sammitlərin birində yerindən durub gəlib Mustafa bəylə ikiəlli görüşmüşdü, demişdi, sizi çoxdan tanıyıram, böyük sovet dissidenti olmusunuz.

Tramp elə edərdimi? Əsla. Tramp deyərdi ki, o bəstəboy kişi kimdir, prezident deyil, baş nazir deyil, nə olsun ki, dissidentdir, mən olan yerdə onun nə işi var.

Ona görə də indi ondan qorxurlar. İllərdir Allaha bəndəlik etməyən liderlər var, dünənəcən deyirdilər, “Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm”, yaxud, “ABŞ getsin, öz işi ilə məşğul olsun, biz suveren dövlətik, daxili işlərimizə qarışa bilməz” deyirdilər, amma indi deyirlər, “biz ABŞ ilə konstruktiv dialoqa hazırıq”. Trampdan randevu istəyənlər, qəbula düşmək üçün əldən gedənlər var. Niyə? Çünki adam nəyə qadir olduğunu göstərdi.

Orteqa artıq əmin olub ki, o yan-bu yan eləsə, ultimatumu nəzərə almasa, onu da Maduro kimi sinninin səksənində yatağından şalvarsız götürüb apararlar.

Bunu ən birinci anlayan Lukaşenko oldu. O da “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm” deyənlərdən idi, amma hələ keçən ilin əvvəlində ritorikasını dəyişdi, dedi, Tramp buldozer kimi adamdır, qələbəni haqq etmişdi, onunla işləmək olar.

Sonra da deyirlər, ay, batka kolxoz sədri olub, elə də qalıb, artmayıb. Amma aydın oldu ki, o, Trampın daxili dünyasını incəliklərini hamıdan qabaq duyub.

İndi görək, o biri liderlər nə edəcəklər. Kamerunda Pol Biya adlı biri var, 90 yaşında yenidən prezident seçilib, hələ bir dəfə də seçilmək niyyəti var, Tramp dəyməsə, yenə seçiləcək.

Misterin bir işi xoşuma gəlmir. Budur, 10 gündür deyir ki, İran xalqına kömək etməyə hazırıq. Hazırıq nə deməkdir, ser? Hazırsan, kömək et dəə. Ta nə olmalıdır ki? Orteqa “siyasi məhbusları azad etməyə hazıram” desə və azad etməsə xoşuna gələrdi?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости