Свобода людям, независимость нациям!

Kəsici-deşici halətlər - Zamin HACI YAZIR...

1220 04.02.2026 11:56 Колумнисты A A

Keçən ilin dekabrında Bakıda din xadimlərinin forumu olanda çıxış edənlərdən biri də Ailə və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova idi. Muradovanın tezislərindən biri heç yadımdan çıxmır: “Erkən nikahların, qadınlara qarşı zorakılığın qarşısının alınması məsələlərində dini təbliğat müsbət nəticə verə bilər”. 

Vallah. Elə bu cür də söyləmişdi. Dini təbliğatın güclü olduğu regionlarda azyaşlını ərə vermək nədir, onlara pis gözlə baxanların gözünü çıxarırlar. Gözləyirlər, qızları ancaq 60 yaşına çatanda alırlar. Hər kişinin də 1,2,3,4 deyil, 0,4 sayda övrəti olur. Dini təbliğatın yüksək səviyyədə olduğu bölgələrdə cənnət anaların ayağı altında sayılır, ona görə anaları tez vurub öldürürlər ki, cənnətə vaxtında və tam şəkildə, ətraflı formada daxil olsunlar. Məsələn, götürək elə İranı... 

Ya da götürməyək. Yadımdan çıxmamış, Pezeşkian müəllim İranda təzə prezident olanda bizdə də bəzi camaat sevinmişdi, hətta dombalaq aşırdıq, deyirdik, Allah, sənə min şükür, azərbaycanlı orada başçıdır. O da insafən, bizi umsuq eləmirdi, vaxtaşırı ana dilimizdə Moşu Göyəzənlinin şeirlərindən oxuyurdu, feyziyab olurduq. Şeir oxuyan adam pis adam ola bilməz axı. AYB-də 3 min nəfər şair üzv var, amma hələ orada şairin şairə güllə atdığını, bibər qazı sıxdığını görən olmamışdır. Heç bir-birindən qafiyə də oğurlamırlar! Hamısı ona görə, maşallah, 850 il yaşayır. Keçən həftə müxbirimiz Nizami Gəncəvi ilə Anar müəllimi Sahil bağında qəlyan çəkərək üzvlük haqqı müzakirələri apararkən uzaqdan müşahidə eləmişdir.  

3 mini nahaq yerə yazmadım, deyirlər doktor Pezeşkianın başqanlığı dövründə təkcə yanvarın 2-3 günü ərzində İranda 3 mindən çox adam öldürülüb. Buyur. Bu da sənə doktor... Yozef Mengele irsinin layiqli davamçısı imiş. Bilmirəm fikir vermisinizmi, tək nemes doktorlar yox, elə bizim doktorlar da baş kəsib qan tökməyə meyllidirlər. Nəriman Nərimanovdan başlayıb Rövşən Cavadova qədər xeyli doktor adı çəkərəm. Yəqin onların içində ən humanisti Əli İnsanovdur. Vallah. (Bu yazıda dini təsir güclü olduğu üçün müəllif tez-tez and içir - müəllif).

Sözgəlişi, Epşteynin əxlaqi dosyesini izləyəndə bir cəhəti də yada salmalıyıq ki, o, ABŞ vətəndaşı idi. ABŞ isə bəzi reytinqlərə görə dindar dövlət sayılır, camaatın 56 faizi dindar imiş (məsələn, həmin reytinqə görə bizim Azərbaycanda dindarlıq 34 faizdir, İranda isə 83 faiz). Yəni aşağı-yuxarı bütün dinlərdə azyaşlı uşaqlara humanist münasibət bəslənilir. Ta and içmirəm, özünüz söhbəti bilirsiniz. Hələ hansısa ərəb şeyxi Epşteynə Məkkədən Kəbənin örtüyünün parçasını hədiyyə aparıbmış. Gör nə qədər dindar insan olmuşdur, maşallah, maşallah! Əcəl imkan versə, şeyximizin qudası Qalib müəllimlə 40-cı ziyarətə getmək qismət olarmış...

Bu arada Mirzə Cəlilin adını daşıyan rayonda əmi qardaşı uşaqlarını baltalayıb, azyaşlı qız ölüb. Uşaqların atası Rusiyaya qazanc dalıyca gedib, bəlkə də bədbəxti Putin tutub Donbasa basıb. Ana isə deyirdi ki, uşaqlarımı mülk üstündə doğradılar. Süjetdə həmin “mülkün” görkəmi az-maz da olsa görünürdü. Əgər bizdə camaat artıq “gecəqondu” üstündə uşaqları öldürürsə, niyə biz özümüz ölmürük? 

Əlbəttə, ritorik sualdır. Həyat davam edir. 

Hətta müəyyən qədər inkişaf da var, məsələn, Gəncədə iki futbolçunu bıçaqlayıblar. Harası inkişafdır soruşsanız, yazım, bilin: orada qabaq əsasən məktəbli uşaqları bıçaqlayırdılar. Deməli, müəyyən dərəcədə humanizm yaranıbdır. 

Üstəlik, əgər Gəncədə 1 gündə (yazımız dəqiq olsun: gecədə) 2 futbolçu bıçaqlanırsa, gör orada idmanın futbol növünə maraq necə artmışdır! “Kəpəz”in stadionu da istifadəyə verilib, Allaha şükür, halbuki AXC-Müsavat-Surət dövründə o stadionda dana otarılırdı. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости