Свобода людям, независимость нациям!

Kiçik Venesiyanın sahilində

1353 04.01.2026 20:29 Колумнисты A A

“Eşşəyin qara olduğunu deyirəmsə, əlimdə tükü qaldığı üçündür”

(Venesuela ata sözü)

İlk növbədə çalışmaq lazımdır Venesiya ilə Milan arasında sülh müqaviləsi bağlansın. Çünki əsas məsələ planetdə sülhün bərqərar olmağıdır. Hətta biz gərək qurban kəsək, ara yerdə bizim Bakı bulvarındakı cupbulu “Venesiya” kanalları qurban gedə bilərdi. Özü də bəlkə çox adam bilmir, Venesuelanın adı elə ispanca “kiçik Venesiya” deməkdir. Qədim əyyamlarda ispan müstəmləkəçiləri orda sahilə çıxanda dirəklər üzərində yaşayan hindu qəbiləsinə rastlaşıblar, nəticədə bölgənin adını “Venesuela” qoyublar. Təxminən, İngiltərədəki York şəhərinin adını Nyu Yorka, Danimarka tərəflərdəki Zelandiya adasından təsirlənib adalara Yeni Zelandiya adı qoymaq kimi bir şeydir. Bir ara bizim müstəqilliyi uğrunda qan töküb baş kəsdiyimiz Yeni Kaledoniya da, həmçinin, Şotlandiyanın qədim adından götürülüb. 

Tək coğrafi deyil, tarixi biliklərimiz də belə qarışıq zamanlarda yenilənir. Məsələn, bəziləri guya dünya düzəninin pozulduğundan dəm vurur, artıq hansısa qayda-qanun qalmadığını söyləyir. İlk baxışdan belə görünür. Gecə ilə başqa dövlətin başqanını yorğan-döşəyindən götürmək havayı iş deyil ki. Bunun guya dünyadakı siyasi proseslərə neqativ təsiri olacaqmış. Aha. Əlbəttə. SSRİ 1979-da, dekabrın 27-də Əfqanıstana DTK desantı çıxarıb ölkənin müdiri Hafizulla Amin müəllimi gəbərdəndə BMT-dən icazə alıbmış. Yəqin. Başqa nə cür mümkün idi? O cümlədən, amerikalılar İraqa elənçik girmişdilər – hər cür qanun-qaydasıyla. Hələ mən Qorbaçovun 20 yanvarda ordunu Bakıya soxub Vəzirovu təyyarədə Moskvaya aparmağını demirəm. Cəbhəçilərin Ayazı qovmağı, canım sənə desin, Surətin cəbhəçiləri qovmağı və sairə və ilaxır – dünyada Maduronun başına gələnlər nə birincidir, nə axırıncı. Dünyada qayda-qanun olsaydı, biz niyə 30 il ermənilərin işğal elədikləri ərazilərdən çıxmağını gözləyirdik? 

Sözgəlişi, məhz Bakıda qırğın törədəndən sonra Qorbaçova Nobel sülh ödülü verilmişdi, deməli Donald müəllimin həsrətindən öldüyü həmin ödülə qovuşmaq perspektivləri artıbdır. 

Corc Lukasın əsasını qoyduğu “Ulduz savaşları” kino epopeyasının ən populyar şüarlarından biri “Güc səninlə olsun” şüarıdır. Gücün varsa, səninlə hesablaşırlar, zəifsənsə, basıb haqqını yeyəcəklər. Təkallahlı dinlərin hamısı bəndələrinə bunu təlqin edir. Hətta planetdə ən çox yayılan xristianlığın peyğəmbəri İsa müəllim guya “Düşmənlərinizi sevin” ideyasını irəli sürmüşdü, ancaq çağdaş xristianların hansı buna əməl edir? Bunların eşq-məhəbbət qovluqlarının altından adətən ya “Epşteyn faylları”, ya da pedofil keşişlərin dosyeləri kimi iyrənc temalar çıxır. 

Hələlik ölkəmizdə qış tətili davam edir, nazirlər və icra başçıları, deputatlar, şairlər və manıslar istirahətə çıxmışlar, ona görə saytda bizə ayrılan bölməni geopolitik xəbərlərlə doldurmağa məcburuq. Yoxsa, əlbəttə, Nəsimi rayonunun 47 günlük icra başçısı Elxan müəllimin əhvalatı 13 ildir Venesuelanı fırladan Maduronun qəmli sonluğundan daha vacibdir bizim üçün. Öz taleyimizi, öz başımıza gələnləri araşdırmağa borcluyuq. Məsələn, deyirdilər ki, Elxan müəllim işə başlayan kimi rayondakı biznesmenlərdən pul yığmağa girişib, hərəsi 100-200 min manat gətirməliymiş. Vəzifənin “qırxı çıxıbsa” niyə də almayaydı? 39-cu gün qovulsa, deyərdik görməmişlik eləyib, amma 40-ı keçəndən sonra buyur, kəndi çap. Bu temada ata sözümüz də var, deyir, 40 günün icra başçısı, 1 günün nazirindən çox bilər.  

Bizim icra başçılarının qoltuqlanıb aparılması videoları da maraqlıdır. İdman geyimində aparılanı yadımıza gəlməsə belə. Hər rayonun özünə görə Madurosu var. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости